Press "Enter" to skip to content

Rayonun bütün şəhidlərinə tək-tək şeir həsr edildi

Son yeniləmə: 30 Aprel 2021 10:59

Bayraqdar.info – Bugünlərdə Xaçmazlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycanda daha çox sevgi şeirlərilə tanınan Məmməd Qədirin “Haqqınızı halal edin” adlı şeirlər kitabının çap edildiyi xəbəri yayıldı.

Şairin özünün sosial mediada paylaşdığı açıqlamada deyilirdi ki, “2-ci Vətən müharibəsində şəhid olmuş Xaçmazlılara həsr etdiyim “Haqqınızı halal edin” adlı şeir kitabım nəhayət ki, işıq üzü gördü. Bu kitabın ərsəyə gəlməsi üçün iki ay evbəev şəhid ailələrini gəzdim, onların həyat və döyüş yolunu öz doğmalarından eşitdim, birgə kövrəlib birgə qürur duydum, hər bırınə bir tərənnüm şeiri həsr elədim”.

Bayraqdar.info şairin bu nəcib təşəbbüsü haqqında daha artıq bilgi almaq üçün onunla əlaqə saxlayıb. M.Qədir hər kəsin müqəddəs şəhidlərimiz qarşısında bacardığı qədər borcunu ödəməsinin lazım olduğunu deyib. O, bu kitabı da məhz o borcdan irəli gələn vəzifənin icrası kimi gerçəkləşdirdiyini bildirib.

“Mən özüm savaş günlərində çoxlu vətənpərvər şeirlər yazırdım. Sonra “Dəmir yumruq” adlı bir poema işlədim. Düşündüm ki, niyə bu poemada hər bir Xaçmaz şəhidi haqqında ayrıca şeir olmasın? Yəni ideya burdan yarandı və icrasına başladım”, – deyir M.Qədir.

O, bəzi şəxslərlə də məsləhətləşib, təşəbbüsü bəyənilib və daha həvəslə bu işə könül qoyub: “Yanvarın 22-dən martın 10-na qədər şəhid ailələrini tək-tək ziyarət elədim. Bütün ailələrdə oldum. Onların həyat yolunu ən yaxınlarından dinlədim, öyrəndim. Şəkillərini topladım. Şeirləri də yazdıqca şəhidin ailəsinə göndərmişəm”.

Şair deyir ki, hər görüş onun üçün olduqca qürurverici olsa da ağır təəssüratlardan da xali olmayıb: “Hər şəhidin hekayətini dinlədikcə həyəcanlanmamaq, onun arxada buraxıb getdiklərinin dərdinə ortaq olmamaq mümkün deyil. Olub ki, şəhid yaxınlarıyla birlikdə duyğulanmışam, onlara qoşulub ağlamışam. Hətta günlərlə özümə gələ bilmədiyim olub”.

M.Qədir onu da deyir ki, bütün şəhidlərin hekayətləri bir-birinin təkrarıdır sanki: “Yaxınlarını dinlədikcə görürdüm ki, bir-birinə heç dəxli belə olmayan şəhidlərin həyat hekayətləri az qala bənzərdir. Başlanğıc eyni, həyat yolu eyni, son da eyni. Sanki bu adamlar hardasa, hansısa qüvvə tərəfindən eyni missiya üçün dünyaya gətirilib, eyni qaydada ölümlərin ən şərəflisi olan şəhidlik zirvəsinə yüksəlib. Əvvəl düşünürdüm ki, bu hekayətlər bənzər olduğu üçün uzağı 5-6 şeir yaza bilərəm. Lakin getdikcə gördüm ki, əksinə, yazdıqca yazmağım gəlir. Sanki hansısa gözəgörünməz bir qüvvə mənə əlavə güc verirdi, ilhamlandırırdı”.

Şair deyir ki, bu qısa müddət ərzində rayonun 51 şəhidinə tək-tək şeir həsr edib. Özü də hər birisi bir-birindən fərqli, təkrarçılığa yol vermədən.

Yeri gəlmişkən, bir rayonun bütün şəhidlərini nəzmə çəkmək, onları bir kitabda toplamaq Azərbaycanda ilk belə ədəbi hadisədir. Əlbəttə, istər 1-ci, istərsə də elə 2-ci Qarabağ savaşının şəhidləri haqqında müxtəlif ədəbi əsərlər yaradılıb və bundan sonra da yaradılacaq. Lakin tək bir rayonun bütün şəhidlərini əhatə edən belə bir əsər ilkdir.

Yeri gəlmişkən, şair onu da deyir ki, kitabda şəhidlərə yalnız şeir həsr edilməyib. Orada həm də onların həyat yolu qısa şəkildə təsvir edilib: “Qoy hər bir Xaçmazlının masasının üzərində igid ovladlarımız haqqında əlçatan məlumat olsun. Əminəm ki, hər kəs bu kitabı evinin ən yuxarı başında tutacaq”.

Şair maddi və mənəvi dəstəyə görə Xudat şəhər sakini Nadir Xosrovoğluna təşəkkür edib.

Onu da əlavə edək ki, “Haqqınızı halal edin” M.Qədirin sayca 6-cı şeirlər kitabıdır.

Mission News Theme by Compete Themes.