Press "Enter" to skip to content

Çağdaş Azərbaycan Kültür Dərnəyi hər zaman soydaşlarımızın yanındadır

Murtaza Karaçanta

Son yeniləmə: 17 Dekabr 2021 17:39

Murtaza Karaçanta: Məqsədimiz Vətənimiz haqqında həqiqətləri İzmir ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə tanıtmaqdır

Bayraqdar.info – Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət nəticəsində ərazi bütövlüyünü bərpa edən Azərbaycan bu gün regionda aparıcı söz sahibinə çevrilib. Ölkəmizin əldə etdiyi uğurlar biz diaspor təmsilçilərinin fəaliyyətinə də müsbət təsir göstərir”.

Bunu İzmirdə fəaliyyət göstərən Çağdaş Azərbaycan Kültür Dərnəyinin (ÇAKD) sədr müavini Murtaza Karaçanta bayraqdar.info-ya özl müsahibəsində deyib.

Müsahibəyə keçməzdən öncə bildirək ki, Murtaza Karaçanta 3 sentyabr 1961-ci ildə Qarsda, Azərbaycan əsilli ailədə doğulub. Əsli hazırda Ermənistan sərhədləri çərçivəsində qalan Ağbabadan, Amasiya rayonunun Karaçanta kəndindəndir. Ulu babaları oradan gəlib Qarsda məskən salıblar. Murtaza Qaraçanta Anadolu Universiteti İqtisadi və İdari Elmlər Fakültəsini Menecerlik ixtisası üzrə bitirib. Qarsda Sosial Sığorta İdarəsində məmur işləyib. Məmurluqdan baş mühasib vəzifəsinə kimi yüksəlib. 2008-ci ildə bu vəzifədən təqaüdə çıxıb. 2009-cu ildə bələdiyyə seçkilərində MHP-dən bələdiyyə məclisi üzvü seçilib. Və 5 illik üzvlük fəaliyyətindən sonra 2014-2019-cu illərdə Qarsın bələdiyyə sədri olub. 2019-cu ildən etibarən İzmirə köşən M.Karaçanta ÇAKD-in yaranmasında yaxından iştirak edib və bu təşkilatın sədr müavinidir.

ÇAKD-in üzvlərinin sayı hər keçən gün artır

Beləliklə, öncə ÇAKD-in yaranma səbəbi ilə bağlı sualı cavablandıran müsahibimiz deyib: “Sualınıza cavab verməzdən öncə yaranmış şəraitdən istifadə edərək, bir daha tarixi Zəfərimiz münasibətilə dövlətimizi və xalqımızı təbrik etmək istəyirəm. Bizə bu xoşbəxtliyi yaşatdığı, torpaqlarımızı düşmən işğalından azad etdiyi üçün başda cənab Ali Baş Komandan İlham Əliyev olmaqla qəhrəman Azərbaycan Ordusuna özüm və təmsil olunduğum təşkilat adından bir daha təşəkkür edirəm. Konkret suala gəlincə Dərnəyimiz 2019-cu ildə təsis edilib. Məqsədimiz İzmirdə və Türkiyənin müxtəlif coğrafiyalarında yaşayan Azərbaycan türklərini bir araya toplamaq, Türkiyə ilə Azərbaycan arasında sosial, mədəni və iqtisadi əməkdaşlığın inkişafına töhfə verməkdir”.

M.Karaçanta deyib ki, 20 təsisçi ilə əsası qoyulan ÇAKD-in sıraları hər keçən gün artır: “Onu da deyim ki, rəsmi üzvlərimizlə yanaşı yüzlərlə Azərbaycan əsilli, o cümlədən xeyli sayda Azərbaycan sevdalısı olan şəxslər də bizim tədbirlərimizdə yaxından iştirak edir. Ümumilikdə isə qısa zaman ərzində yaranmasına baxmayaraq Dərnəyimizin bu günə kimi keçirdiyi tədbirlərdə minlərlə insan iştirak edib”.

Azərbaycanlıların birlik və bərabərliyinin daha bir nümunəsi

Bü müddət ərzində keçirilən tədbirlərə gəlincə M.Karaçanta “Baxmayaraq ki, bizim dərnəyin yaşı çox azdır, amma bu qısa müddət ərzində bir sıra tədbirlər həyata keçirmişik. Bunların arasında 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü, Novruz bayramı, 20 Yanvar, Xocalı soyqırımı ilə bağlı tədbirləri xüsusilə qeyd etmək istəyirəm. Eyni zamanda Aşıq Ələsgərin 200-cü ildönümü ilə bağlı da tədbir təşkil etmişik. Bu tədbirlərin bəzilərini İzmirdəki digər Azərbaycan təşkilatları ilə birlikdə keçirmişik ki, bu da azərbaycanlıların birlik və bərabərliyinin daha bir nümunəsidir”.

Onun sözlərinə görə, dünyanı cənginə alan COVID-19 pandemiyası zamanı da Çağdaş Azərbaycan Kültür Dərnəyi soydaşlarımızın yanında olub: “Həmin günlərdə karantin qaydaları səbəbi ilə geniş toplantılar keçirə bilməsək də, “zoom” üzərindən fəaliyyətimizi davam etdirdik. Ən əsası, həmin günlərdə İzmirdə yaşayan və sosial durumu ağır olan azərbaycanlı ailələrlə, xüsusilə də azərbaycanlı tələbələrlə sıx əlaqələr qurduq. Onların problemlərinin həlli üçün əlimizdən gələni etdik. Ümumiyyətlə, həm pandemiya, həm də Vətən müharibəsi günlərində dünya azərbaycanlıların birlik və bərabərliyinin şahidi oldu.

Qeyd etmək yerinə düşər ki, ŞAKD ötən il 44 günlük Vətən müharibəsindən əvvəl, müharibə günləri və ondan sonra Azərbaycana dəstək məqsədilə silsilə tədbirlər keçirib: “Öncə onu deyim ki, ötən il 12 iyulda Ermənistanın növbəti hərbi təxribatından sonra diaspor təmsilçilərimiz daha fəal şəkildə Azərbaycanın haqq səsini bütün dünyaya çatdırdılar. Biz də ermənilərin bu təxribatlarına qarşı İzmirdə etiraz aksiyası keçirdik. Həmçinin Vətən müharibəsi günlərində gördüyümüz ən mühüm işlərdən biri də İzmirdəki digər Azərbaycan dərnəklərinin iştirakı ilə İzmir meydanında keçirdiyimiz mitinqlə ermənilərin təcavüzkar davranışlarını pisləmək və bütün dünyaya bəyan etmək oldu. Müharibə dövründə də bu fəaliyyətlərimizi daha sonra sosial media hesablarımız və yenidən internet üzərindən keçirdiyimiz görüşlərlə davam etdirdik. Müharibədən sonra isə Diasporla İş üzrə Dövlət Komitəsinin və “YAŞAT” Fondunun təşəbbüsü, Azərbaycan Diasporuna Dəstək Fondunun təşkilatçılığı ilə keçirilən “YAŞAT” Marafonunda da fəal şəkildə iştirak etdik”.

İzmirdə 6 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir

“Hazırda İzmirdə ümumilkdə 6 Azərbaycan diaspor təşkilatı fəaliyyət göstərir. Bu təşkilatlar arasında müsbət münasibətlər və koordinasiyalı əmakdaşlıq mövcuddur. Xüsusən ötən ilin iyul hadisələri zamanı, həmçinin Vətən müharibəsi günlərində bütün təşkilatlar birlik nümayiş etdirdilər. Bu birliyimiz hazırda da mövcuddur və gələcəkdə də davam edəcək. Hamımızın vahid məqsədi Vətənimiz haqqında həqiqətləri İzmir ictimaiyyətinə çatdırmaq, Azərbaycan mədəniyyətini ən yüksək səviyyədə tanıtmaqdır. Necə ki, indiyə qədər Azərbaycanın yanında olmuşuq, bundan sonra da olmaqda davam edəcəyik”, – deyə müsahibimiz sonda əlavə edib.

Mission News Theme by Compete Themes.