Press "Enter" to skip to content

Azərbaycanın yaxın dostu Xasiyyət Rüstəmin 50 illik yubileyinə

Son yeniləmə: 23 Mart 2021 11:21

Əkbər QOŞALI

Bu gün ən yeni özbək şeirinin görkəmli nümayəndəsi, şair, publisist, tərcüməçi, ictimai xadim Xasiyyət Rüstəmin 50 yaşı tamam olur.

Yaradıcılığının ilk dövrlərində dualist poetik fəlsəfi ümumiləşdirmələri ilə seçilən Xasiyyət Rüstəm, özəlliklə son 10 ildən bəri daha çox qeyri-səlis məntiqli yaradıcılıq örnəkləri ilə çıxış edir. Bir vaxtlar sanki yalnız Olum və Ölümü vəsf edən şair, sonralar Olumla Ölüm arasındakı saysız-hesabsız imkanları, üfüqötəsini yazmağa başladı…

Dualist Aristotel məntiqindən Lütfizadə məntiqinə keçid dövrü şeirlərində isə şairin özü və oxucusu qarşısında çoxlu suallar qoyduğunu görürük. Onun 50 yaş ərəfəsi, o cümlədən Azərbaycanda ard-arda çıxan kitabları, daha dəqiq ifadə ilə desək, son illərki yaradıclığı suallardan çox cavabları ehtiva edir. Bu, şairin yalnız biloloji yaşı ilə bağlı deyil, həyatı, hadisələri, insanı dərkinin çox daha yeni səhifələrində olması ilə bağlıdır, deyə düşünürəm.

Xasiyyət xanım böyük bir qəzetin baş redaktoru, fəal ictimai, ədəbi mövqeyi ilə seçilən ədib, çoxsaylı festival, simpoziumlarda ölkəsini təmsil edən şair kimi ümumiləşdirmələr aparmaq imkanına malikdir.

Xasiyyət Rüstəm adı kimi xasiyyətli şeirlər yaza-yaza həm öz şair kimliyini, ədəbi kredosunu qoruyub, həm də şeirdə özü-özünü ötüb, yeni çiçəklənmələr yaradıb, yeni xallar, yeni güllər vurub… İstər forma, istər məzmunca yeniləşən Xasiyyət Rüstəm şeiri müəllifinin azad ruhu ilə yanaşı öz yaratdıqlarına həssas, məsuliyyətli və cavabdeh ovqatını da büruzə verir. Bu mürəkkəb strukturlaşma, belə şəkillənmələr Xasiyyət Rüstəmin mürəkkəb dünya gedişatına adekvat reaksiyası kimi qəbul edilə bilər.

Bununla belə şairin şeirləri, bütövlükdə yaradıcılığı mürəkkəb dünyaya sığal çəkməyə, həqiqətin sərt üzü ilə barışıqlığa və insan ruhunun azadlığının qala bürcü kimi yüksələrək hər tərəfdən görünür hala gəlməsinə xidmət edir…

Azərbaycanın yaxın dostu, Bakını Daşkənddən, Azərbaycanı Özbəkistandan, Özbəkistanı Türk dünyasından ayırmayan, bəşəri tərəqqiyə öz qələmi, şeiri, kitabı, qəzeti… boyda töhfə vermək istəyən Xasiyyət Rüstəmi əlamətdar yubileyi münasibəti ilə ürəkdən təbrik edir, yeni yaradıcılıq uğurları diləyirəm!

Yaxşı ki varsınız, əziz Xasiyyət xanım!

Yubileyiniz qutlu olsun!

Mission News Theme by Compete Themes.