Press "Enter" to skip to content

Bayraktar necə “Bayraktar” oldu? Tarixçə

Bayraqdar.info – Xəbər verildiyi kimi məşhur “Bayraktar TB2” PUA-larının istehsalçısı “Baykar” şirkətinin rəhbəri Selçuk Bayraktar Azərbaycandadır. Bu barədə o, dünən özünün sosial media hesabında paylaşım edib: “Hər kəsə can Azərbaycandan salamlar! Bu gün Bakıda Heydər Əliyevin məzarı ilə Azərbaycan və Türk Şəhidliklərini ziyarət etdik. Şəhidlərimizin ruhları şad olsun! Qardaşlığımızın gözəl havasını birlikdə udduq. Yaşasın Azərbaycan-Türkiyə qardaşlığı!”

Qeyd edək k, Selçuk Bayraktar Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın kürəkənidir.

Bu məqamda xatırlatmaq yerinə düşər ki, Türkiyədə istehsal edilən PUA və SPUA-lar (İHA – Pilotsuz Uçan Aparatlar və SİHA – Silahlı Pilotsuz Uçan Aparatlar) ötən il sentyabrın 27-dən noyabrın 10-dək davam etmiş Vətən müharibəsi zamanı dünyanın diqqət mərkəzində oldu. TUSAŞ (Türk Havacılık ve Uzay Sanayii A.Ş.) və “Baykar” şirkəti Türkiyənin aparıcı dron istehsalçılarıdır. Baykarın istehsal etdiyi “Bayraktar TB2” pilotsuz təyyarəsi ən yaxşı dronlardan biri kimi tanınır. O, raket daşıya bilən ən kiçik SPUA-lardan biri olduğu üçün öz rəqiblərindən seçilir. “Bayraktar TB2” davamlı hava nəzarəti və kəşfiyyat vəzifələrini yerinə yetirən PUA hesab olunur. Eyni zamanda, hədəfə zərbə endirmək qabiliyyətinə görə SPUA kimi də istifadə oluna bilər.

Bir sözlə, Azərbaycanın 44 günlük Vətən müharibəsi qardaş ölkə Türkiyənin PUA sahəsində dünyanın aparıcı ölkələri arasında ön sırada olduğuunu təsdiqlədi. Ötən ilin oktyabrında BBC News Türkçe-yə danışan PUA üzrə amerikalı hərbi mütəxəssis, ABŞ-da yerləşən Mitchell Aerokosmik Araşdırmalar İnstitutunun əməkdaşı Daniel Gettinger də müxtəlif növ aparatlar istehsal edən Türkiyənin bu sahədə getdikcə artan rolunu qeyd etmişdi.

Öz növbəsində “Habertürk” yazarı və aviasiya mütəxəssisi Güntay Şimşek BBC News Türkçe-yə açıqlamasında bildirmişdi ki, “Türkiyə aviasiya sənayesində illərdir verdiyi itkilərin əvəzini çıxır”. Onun sözlərinə görə, təyyarələr istehsal edən Türkiyə 1940-cı ildə Beynəlxalq Mülki Aviasiya Təşkilatına üzv olsa da sonrakı müddətdə onun aviasiya sektorunda mövqeləri zəifləyib. Lakin hazırda PUA istehsalı sayəsində ciddi dəyişikliyə nail olub. Onun sözlərinə görə, Türkiyə dron sahəsindəki layihələndirmə, proqram təminatı və istifadə qaydaları baxımından aparıcı ölkələrin ilk beşliyinə daxildir.

Britaniya mərkəzli Drone Wars qeyri-hökumət təşkilatına əsasən, Türkiyə Çin, İran və Pakistanla yanaşı PUA sahəsində öz istehsalına sahib olan yeni nəsil ölkələrdəndir. Məlumatda o da bildirilir ki, Türkiyə ordusunun PKK ilə mübarizədə tez-tez dronlardan istifadə etməsi onların istehsalına əhəmiyyətli təsir göstərib. Ankara ABŞ-dan ilk PUA-larını məhz “terrorçuluğa qarşı” siyasəti çərçivəsində idxal edib. Türkiyə ABŞ-dan aldığı GNAT 750 donlarının köhnəlməsinin ardınca, 2000-ci ildən etibarən İsrailə üz tutub. Ancaq buradan alınan Heron tipli PUA-larla sürəkli problemlər yaşanmasından sonra Heron-ların bir hissəsinin İsrailə qaytarılması barədə qərar verilib. Eyni zamanda, 2010-cu ildə “Mavi Marmara” ilə bağlı İsraillə yaşanan böhran və ABŞ Konqresində Predator və Reaper tipli dronların satışının bloklanması Türkiyəni daxili istehsalın inkişafına vadar edib və beləliklə də “Baykar”ın istehsal etdiyi “Bayraktar TB2” pilotsuz təyyarəsi bu gün dünyada ən yaxşı dronlardan biri kimi tanınır.

Mission News Theme by Compete Themes.