Press "Enter" to skip to content

Bakı Atatürk Liseyindən şəhid və qazi övladları üçün güzəşt

Bayraqdar.info – Yarandığı vaxtdan qarşısına qoyulan məqsədlərin həlli üçün uğurlu fəaliyyət göstərən YAŞAT Fondu tərəfindən daha bir addım atılıb. Belə ki, Fond Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar şəhid olmuş şəxslərin övladlarının yüksək səviyyəli təhsil imkanlarından yararlanmasına dəstək məqsədi ilə dəstək proqramı hazırlayıb.

Həmin proqram çərçivəsində əməkdaşlıq ediləcək özəl məktəblərdə şəhid övladlarına ödənişsiz təhsil imkanı yaradılacaq. Müraciət edənlər arasında seçim müvafiq məktəb tərəfindən təşkil edilən imtahan əsasında aparılacaq. Aprelin 2-də sözügedən proqram çərçivəsində YAŞAT Fondu ilə Türk Dünyası Bakı Atatürk Liseyi arasında əməkdaşlıq protokolu imzalanıb.

Fondun rəhbəri Elvin Hüseynov və Türk Dünyası Bakı Atatürk Liseyinin müdiri Eylem Gültekin arasında imzalanan protokola əsasən YAŞAT ilə əməkdaşlıq çərçivəsində Türk Dünyası Bakı Atatürk Liseyində (28 May filialı) 20 şəhid övladı üçün 100% nisbətində güzəşt tətbiq edilir. Müraciətlər 8110 çağrı mərkəzi vasitəsilə bazar ertəsi–cümə günləri saat 09:00-dan 18:00-dək qəbul edilir.

Türk Dünyası Bakı Atatürk Liseyindən verilən məlumatda o da bildirilir ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 10 nəfər əlilliyi müəyyən olunmuş hərbi qulluqçunun övladları üçün sözügedən təhsil mərkəzi tərəfindən 50 faiz güzəşt tətbiq ediləcək. Vəsaitin qalan hissəsi isə şəxsin özü tərəfindən qarşılanacaq.

Bu güzəştlərdən yararlanmaq istəyənlər bu il aprelin 19-na kimi müvafiq müraciəti etməlidirlər.

Mission News Theme by Compete Themes.