Bayraqdar.info – “Rusiya Federasiyasına ixrac olunan pomidor məhsuluna tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması istiqamətində Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) və aidiyyəti qurumlarla Rusiya Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin (“Rosselxoznadzor”) mütəxəssislərindən ibarət nümayəndə heyətləri arasında intensiv görüşlər davam etdirilir.”
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən bildirilib. Qeyd edilib ki, 11 mart – 2 aprel tarixlərində Agentliyin mütəxəssislərinin və Rusiya Dövlət Baytarlıq və Fitosanitar Nəzarət üzrə Federal Xidmətinin əməkdaşlarının iştirakı ilə “Abşeron Agro 2020” MMC, “Aqro az”, “Qızıl Nohur”, “EKO-food” MMC, “A-K GROUP” MMC, “Botanik-2016” MMC, “Green World” MMC, “Abşeron kəndli fermer təsərrüfatı” MMC, “AZ-Roza” MMC, “Agro red” MMC-də və ayrı-ayrı fiziki şəxslərə məxsus pomidor yetişdirilən istixanalarda videomonitorinqlər keçirilib.
Videomonitorinqlər zamanı təsərrüfatların ümumi sahəsi, o cümlədən hazırda pomidor əkini altında olan sahə, yetişdirilən sort, gözlənilən istehsal, istixananın işıq və istilik rejimi, yerinə yetirilən bitki mühafizə tədbirləri barədə Rusiyalı mütəxəssislərin sualları cavablandırılıb. Eyni zamanda götürülmüş bitki və meyvə nümunələri Rusiya tərəfinin müvafiq laboratoriyalarında müayinə edilməsi üçün nümunə paketlərinə qoyularaq plomblanıb.
Qeyd edək ki, AQTA və Rusiya Federasiyasının müvafiq qurumunun mütəxəssislərindən ibarət işçi qrupunun birgə həyata keçirdiyi videomonitorinqlər növbəti günlərdə Respublikamızın digər regionlarında yerləşən istixanalarda davam etdiriləcək.





