Press "Enter" to skip to content

XİN: Azərbaycan sülhü və cavabdehliyi təmin etməkdə israrlıdır

Bayraqdar.info – “Azərbaycan dəfələrlə beynəlxalq ictimaiyyəti Ermənistan tərəfindən basdırılan minaların insanların həyatını itirməsinə səbəb olması faktını qınamağa çağırıb. Azərbaycan Mina Xəbərdarlığı Günündə müraciətini bir daha təkrar edir və beynəlxalq ictimaiyyəti Ermənistanın beynəlxalq öhdəliklərini pozmasına, o cümlədən məqsədli şəkildə minalar yerləşdirmək siyasətinə, məcburi köçkünlərin doğma torpaqlarına qayıtmasına mane olmasına və minaların yeri barədə məlumatı təqdim etməkdən imtina etməsinə göz yummamağa çağırır.”

Bu fikirlər Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) 4 aprel – Beynəlxalq Mina Xəbərdarlığı Günü ilə bağlı yaydığı bəyanatda öz əksini tapıb. Bəyanatda deyilir ki, “Bu gün Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi qeyd olunur. Bununla əlaqədar olaraq, Azərbaycan işğaldan azad edilmiş ərazilərinin Ermənistan tərəfindən kütləvi minalanması və Ermənistan hökumətinin bölgənin təhlükəsizliyini təmin etmək üçün mina yerləri ilə bağlı məlumatı bölüşməkdən imtina etməsindən qaynaqlanan təhlükə ilə bağlı ciddi narahatlığını bir daha bəyan edir. Azərbaycan azad edilmiş ərazilərinin kütləvi minalanması problemi ilə üzləşmişdir və bu, münaqişədən sonrakı dövrdə həm hərbi, həm də mülki şəxslərin həyatı, təhlükəsizliyi və yaşayış imkanları üçün ciddi təhlükədir”.

Bəyanatda daha sonra vurğulanır ki, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin təxminən 30 illik işğalı dövründə Ermənistanın bu ərazilərə məqsədli şəkildə minalar yerləşdirməsi Azərbaycan hərbçiləri və mülki vətəndaşları arasında çox sayda itkiyə səbəb olub. Eyni zamanda Azərbaycan Silahlı Qüvvələrinin əks-hücum əməliyyatlarından sonra məcburi geri çəkilmə mərhələsində də Ermənistan Azərbaycan tərəfinə mümkün qədər ziyan vurmaq və evlərinə qayıdacaq mülki əhaliyə əlavə maneələr yaratmaq üçün məqsədli şəkildə həmin ərazilərdə kütləvi şəkildə minalar yerləşdirib.

Bildirilir ki, Ermənistan beynəlxalq öhdəliklərini açıq şəkildə pozaraq minalanmış ərazilərin yeri barədə məlumatı təqdim etməkdən imtina edir. Bu, beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.

“Biz Ermənistandan beynəlxalq hüquq qarşısında tutduğu öhdəlikləri və insan həyatını qorumaqla bağlı mənəvi borcunu yerinə yetirməsini tələb edirik. Azərbaycan sülhü və cavabdehliyi təmin etmək üçün bütün mövcud və lazımi hüquqi tədbirləri görəcəkdir”, – deyə bəyanatda qeyd olunur.

Mission News Theme by Compete Themes.