Press "Enter" to skip to content

“Əbabil” adlı PUA-lar. Necə səslənir? – VİDEO

Son yeniləmə: 8 Aprel 2021 09:28

Belə rəvayət edirlər ki, günün birində Yəmən hökmdarı Əbrahə Kəbəni dağıtmaq üçün filləri ilə birlikdə bu müqəddəs məkana hücum edir. Belə bir gücün qarşısında durmaq çətin idi. Lakin göylərin və yerlərin şəriksiz hakiminin əlində mümkünsüz də mümkün olur.

Deyirlər ki, bu qorxunc fil ordusu vəhşət saçmaqdaykən Allahın əmri ilə Qırmızı dəniz səmtindən böyük bir dəstə quş uçub gəlir. Bu quşların hər biri dimdiyində və caynağında olmaqla üç daş gətirir. Bişmiş gildən düzəldilmiş bu xırda daşlar bir anda Yəmən fillərinin və döyüşçülərinin üzərinə yağış kimi yağır. Bunun sonucu olaraq döyüşçülərin bədənində sağalmaz yaralar əmələ gəlir və onlar kütləvi şəkildə ölməyə başlayırlar. Bu hadisə Qurani-Kərimin cəmi 5 ayədən ibarət olan “Fil” surəsində təsbit edilib.

Qurani-Kərim. 105. Fil surəsi:

105.1. Rəbbinin fil sahiblərinə nələr etdiyini görmədinmi?
105.2. Məgər Rəbbin onların hiyləsini dolaşığa salmadımı?
105.3. Onların üzərinə qatar-qatar quşlar göndərdi.
105.4. O quşlar da onların üstünə odda bişmiş bərk gildən daşlar yağdırdı.
105.5. Allah onları sanki yeyilmiş əkin yarpağına döndərdi.

Qurani-Kərimin “Fil” surəsi. Altından qırmızı xət çəkilmiş sözlər: “tayran əbəbilə”

Dünya müsəlmanlarının müqəddəs kitabında sözü edilən quşlar islam aləmində “əbabil” quşu kimi tanınır. Bu quşlar kiçik olsa da mənəvi dəyəri çox yüksəkdir. Hətta o qədər ki, onlar xilaskar kimi qəbul edilir. Bu baxımdan vaxt-vaxtdan əbabil quşları müxtəlif məsələlərə mövzu olur. Hətta savaş olduğu zaman onları başları üzərində görməyi arzu edənlər də var.

Bugünlərdə bayraqdar.info ilə bir Qarabağ qazisi əlaqə saxlayaraq məhz bu quşlardan söz açdı. Daha doğrusu, onların adının PUA-lara verilməsini təklif etdi.

Həmsöhbətimiz 1-ci Qarabağ savaşının qazisi Elgiz Əliyevdir. Nəql edir ki, 1993-cü ilin Murov döyüşçülərindən olub. Həm də 2-ci Qarabağ savaşında qəhrəmanlıqlarıyla ad çıxarmış Yaşma Xüsusi Təyinatlılarının hələ 90-ci illərdəki ilklərindəndir. Qazi Elgiz hazırda Gəncədə yaşayır və Gəncə Beynəlxalq Hava Limanında işləyir. Lakin işiylə bərabər vətənpərvərlik məsələləri və milli davadan da kənar qalmır. O, bizimlə söhbətdə 2-ci Qarabağ savaşına da qatılmaq istədiyini dedi. “Lakin ordumuz o qədər güclənib ki, mənə ehtiyac olmadı”, – fikrini də sözlərinə əlavə etdi.

Elgiz deyir ki, ya Azərbaycan, ya da Türkiyə PUA-ların bir modelinə “Əbabil” adı versə çox yerinə düşər. Onun fikrincə, bu ad PUA-ların texniki gücünə əlavə mənəvi güc də qatmış olardı. Nəzərə alsaq ki, dünya müsəlmanlarının mənəvi güc qaynağı Qurani-Kərimdir və əbabil quşu haqqında da bu kitabda bəhs edilir, o zaman PUA-ların belə ad altında uçması düşmənə əlavə zərbə ola bilər.

Açığı, maraqlı və ağlabatan təklifdir. Bizcə də həm Azərbaycan, həm də Türkiyə tərəfi PUA modellərindən birinə bu quşun adını verməklə bədxahlarımıza əlavə ismarıc yollamış olardı. Həm də dünya müsəlmanlarının təqdirini qazanardıq.

Necə ki, əbabil quşları bir zamanlar müqəddəs Məkkəni düşməndən qorumaqla əbədiyaşarlıq qazanıb, bizim PUA-larımız da o mənəvi gücü mənimsəyərək güclərinə güc qata və əbədi yaşaya bilərlər.

Əlavə edək ki, 44 günlük savaş günlərində Azərbaycanın istehsal etdiyi PUA-lara “İtiqovan” adının verilməsi kimi artıq faydasını gördüyümüz təcrübə də var.

Yeri gəlmişkən, qazi qardaşımız bizə bir video da göndərib (Əlavə edirik). Yaralı əbabil quşudur. Onu müalicə edib yenidən təbiət qoynuna buraxıb Elgiz Əliyev.

Nə deyirik? Maraqlı təklifə görə təşəkkür edirik. İş qalır səlahiyyət sahiblərinə. Bizcə onlar da bu maraqlı və faydalı ola biləcəyinə inandığımız təklifi diqqətə alsalar yerinə düşərdi. Hətta bütün dünyada səs gətirərdi belə bir təklifin gerçəkləşməsi.

Yeri gəlmişkən, dünyanın müxtəlif ordularında müxtəlif yırtıcı quşların simvollarından istifadə geniş yayılıb. Lakin onlar əbabil quşlarından fərqlidir. Adətən ordu sistemlərində yırtıcı quşları rəmz olaraq seçirlər. Əbabil isə yırtıcı deyil, dinc quşdur. Məkkəyə fillərlə hücum edənləri dayandırmaq üçün Allah tərəfindən görəvləndirildikləri rəvayət edilir sadəcə. Bu isə, əslində müqəddəs və nəcib bir missiyadır. O baxımdan PUA-lara belə ad verilməsi məntiqə də uyğun olardı.

Qeyd: Qurani-Kərimin ərəbcəsində bu quşların adı “Tayran əbabil” olaraq keçir. “Tayr” “uçan” (“təyyarə” də bu sözdəndir), “əbabil” isə “dəstə” və ya “sürü” anlamındadır. Yazıdakı əbabil quşlarının şəkli internetdəki açıq mənbələrdən alınıb.

Mission News Theme by Compete Themes.