Press "Enter" to skip to content

Azərbaycanın Meksikadakı səfirindən media sahəsində örnək fəallıq

Son yeniləmə: 9 Aprel 2021 11:27

Bayraqdar.info – Meksikanın aparıcı mətbu orqanlarından olan “Reforma” və “Excelsior” qəzetlərində işğaldan azad olunmuş Azərbaycan ərazilərində aparılan minatəmizləmə və yenidənqurma işləri barədə yazılar dərc olunub. Bu barədə Azərbaycan Respublikasının Meksikadakı səfirliyindən məlumat verilib.

Məlumatda deyilir ki, yazılar səfir Məmməd Talıbovla müsahibələr əsasında hazırlanıb. “Müharibədən sonra Azərbaycan məcburi köçkünlərin geri qaytarılmasını hədəfləyir” və “Yenidənqurma planı həyata keçirilir” başlıqlı yazılarda ilk olaraq, 44 günlük müharibənin yekununda Azərbaycanın ərazilərinin böyük hissəsini azad etdiyi vurğulanır. Eyni zamanda ötən ilin noyabrında tərəflər arasında əldə edilmiş atəşkəs razılaşmasına uyğun olaraq Ermənistanın silahlı qüvvələrini işğalda saxladığı digər ərazilərdən çıxardığı bildirilir. Daha sonra regionda Rusiya sülhməramlı qüvvələrinin yerləşdirildiyi, eləcə də müvafiq nəqliyyat dəhlizlərinin təsis edilməsinin nəzərdə tutulduğu məlumat verilir.

M.Talıbovun sözlərinə istinadən azad edilmiş şəhər və qəsəbələrin tamamilə dağıdılmış vəziyyətdə olduğu, Ermənistanın burada olduqca geniş əraziləri xeyli vaxt ərzində minaladığı və bu minaların yerləşmə xəritəsini verməkdən imtina etdiyi bildirilir. Qeyd olunur ki, hazırkı mərhələdə Azərbaycanın əsas vəzifəsi azad edilmiş ərazilərin minalardan təmizlənməsi, burada yaşayış infrastrukturunun yenidən qurulması, ardınca bir milyona yaxın azərbaycanlı məcburi köçkünün öz evlərinə qayıtmasının təşkil edilməsidir. Adı çəkilən istiqamətlərdə Azərbaycan hökuməti tərəfindən artıq geniş miqyaslı işlər başladılıb.

Yazıda, yenə də səfirə istinadla, münaqişəyə və Azərbaycan ərazilərinin işğalına son qoyulduğu, tərəflərin bundan sonra regionda davamlı sülhün möhkəmləndirilməsi və barışığın təmin edilməsi üzrə çalışmalı olduğu, bunun üçünsə Ermənistan rəhbərliyinin öz təcavüzkar siyasətinə birdəfəlik son qoyub öz xalqını sülhə hazırlamalı olduğu qeyd edilir.

Sonda Meksika ilə ikitərəfli əlaqələr konstekstində bu ölkənin hər zaman beynəlxaq hüquqa və dövlətlərin suverenliyi prinsipinə tərəfdar olduğu yazılır.

Əlavə edək ki, dünyanın o bölgəsində Azərbaycanla bağlı belə yazılar tez-tez yazılır. Bu isə səfirin fəallığından qaynaqlanmamış deyil.

Mission News Theme by Compete Themes.