Press "Enter" to skip to content

Nizami dühasının işığında Xaçmazdan Azərbaycana

Son yeniləmə: 29 Aprel 2021 11:37

Bayraqdar.info – Xaçmaz Regional Mədəniyyət İdarəsi Xaçmaz Tarix Diyarşünaslıq muzeyinin təşkilatçılığı ilə dahi Azərbaycan şairi Nizami Gəncəvinin 880 illiyinə həsr olunmuş “Hikmət Xəzinəsi” adlı onlayn tədbir keçirilib.

Xəbəri Xaçmaz Tarix Diyarşünaslıq Muzeyindən veriblər.

Xəbərdə deyilir ki, “tədbirdə dahi mütəfəkkir, Azərbaycan klassik ədəbiyyatının görkəmli nümayəndəsi Nizami Gəncəvi irsinin dünya poeziyasına, poetik fəlsəfi elminə bəxş etdiyi töhfələrdən, əsərlərindən danışılıb, yaradıcılığının müxtəlif məqamlarına toxunulub, qəzəllərindən nümunələr səsləndirilib”.

Pakizə Mehdiyeva

Tədbirin təşkilatçısı və Muzeyin direktoru Pakizə Mehdiyeva giriş sözündə 2021-in dövlət başçısı tərəfindən Nizami Gəncəvi ili elan edilməsi, Azərbaycanda klassiklərimizin yubileylərinin qeyd olunmasına hər zaman diqqətlə yanaşılması haqqında danışıb, dahi şairin həyat və yaradıcılığıyla bağlı ümumi məlumat verib.

“Xaçmaz şəhəri, Ç.Abdullayev adına 2 nömrəli məktəbin dil və ədəbiyyat müəllimi Fəridə Bəybalayeva şairin yaradıcılığı ilə bağlı geniş məruzə edib, onun çoxşaxəli dühasının ən parlaq zirvəsi olan “Xəmsə” poemalar toplusu haqqında, əsərin yaranma məqamları barədə danışıb”, – deyə xəbərdə bildirilir.

Xəbərdə o da bildirilir ki, “Xaçmaz Təhsil Şöbəsinin dil-ədəbiyyat fənni üzrə metodisti İmran Müseyibli öz çıxışında klassik Azərbaycan ədəbiyyatının yaşadılmasının, təbliğinin əhəmiyyətindən, Nizami Gəncəvi ili çərçivəsində rayonun təhsil müəssisələrində keçirilən müsabiqələrdən danışıb”.

Tədbirdə Beyləqan, Bərdə, Masallı, Qusar və Şabran rayonlarının Tarix Diyarşünaslıq muzeylərinin direktorları da iştirak və çıxış edib.

Həmçinin Xaçmaz rayonu, Qaradağlı kənd orta məktəbinin direktoru Gülşən Əhmədova və kitabxanasının müdiri Rəvanə Mövsümova çıxış edərək Nizami Gəncəvi ili çərçivəsində keçirilən müxtəlif tədbirlər, şairin yaradıcılığı, gənc nəslə təbliği, onun dünyanın müxtəlif mədəniyyət ocaqlarında qorunan irsi haqqında danışıblar.

Tədbir çərçivəsində Nizami poeziyasından örnəklər səsləndirilib, muzeyin hazırladığı sərgi nümayiş olunub.

Mission News Theme by Compete Themes.