Press "Enter" to skip to content

Orta məktəb şagirdi tələbələrlə yarışa qatıldı, qalib gəldi

Bayraqdar.info – Artıq neçə gündür ki, təhsil ictimaiyyətinin maraqla izlədiyi, müzakirə etdiyi bir xəbər bizim də diqqətimizi çəkdi. Ona görə də məsələylə bağlı səbəbkarlardan məlumat almaq qərarına gəldik.

Bakının Binəqədi rayonundakı 3 nömrəli məktəbin 8-ci sinif şagirdi Mirzağa Mirzağayev Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi “Bio” Klubunun təşkil etdiyi “Puzzle” yarışmasında universitet tələbələri ilə yarışıb.

Məktəbdən verilən xəbərə görə, Mirzağa bu yarışda qalib gələrək 1-ci yerə layiq görülüb.

Yarış fərdi olaraq Microsoft Teams platforması üzərindən keçirilib və “Puzzle”ın yarımçıq parçalarına əsasən şəkli tamamlamaq üçün 5 kateqoriyada suallar təqdim olunub: dahi bəstəkarlar, tarixi abidələr, musiqi alətləri, canlılar və şəhərlər.

Öz zəkası ilə tələbələri və təşkilatçıları heyrətləndirən Mirzağanın sinif rəhbəri, azərbaycan dili və ədəbiyyatı müəllimi Səbinə İmanova, tarix müəllimi – uğurunun memarlarından biri isə Kəmalə Həsənovadır.

Mirzağanın sinif rəhbəri bayraqdar.info üçün şagirdin uğurunu belə dəyərləndirir:

“Məktəbimizin barı-bəhrəsi, 8e sinfinin döyünən ürəyi olan Mirzağa dərs əlaçısıdır.

“Dərslərinə çox ciddi və maraqla yanaşan sevimli şagirdimiz hələ ibtidai sinifdə oxuyarkən öz çalışqanlığı, məsuliyyəti, düşüncə qabiliyyəti ilə hər kəsin diqqətini çəkmiş, müəllimlərinin, dostlarının sevimlisinə çevrilmişdi.

“Bu minvalla balaca qəlbində elmə, təhsilə, yaradıcılığa böyük sevgi bəsləyən Mirzağanın arzuları, xəyalları böyümüş, pillə-pillə qalxdığı siniflərdə bir an fəaliyyətini dayandırmamış, daim axtarışda olmuş, yeniliyə can atmış, eyni zamanda öyrəndiklərini yaşıdları ilə bölüşmüş və beləcə hər addımda dəstək olmağa çalışmış, bununla da xeyirxah, qayğıkeş şagird kimi hər kəsin qəlbini fəth etmişdir.

“Mövcud vəziyyətlə bağlı olaraq dərslərin onlayn tədris olunması şagirdimizi qətiyyən ruhdan salmamış, çətinliklərdən qorxmamış, əksinə, internetin hər cür imkanlarından istifadə etməklə maraqlı layihələr təqdim etmiş, qarşısına qoyduğu məqsədlərə çatmağa can atmış, hətta bu istiqamətdə nəinki müəllimlərindən dəstək almış, eyni zamanda bacarığı ilə onlara dəstək də olmuşdur.

“Mirzağa hazırda eTwinning layihəsində fəal şagird kimi nəinki Azərbaycan müəllimlərinin, həmçinin eyni layihədə çalışan digər müəllimlərin də sevgisini qazana bilib.

“Hələ 7-ci sinifdə oxuyarkən “Fibonacci” intellektual yarışında yaşıdları ilə deyil, yuxarı sinif şagirdləri ilə rəqabətə girən Mirzağa verdiyi dəqiq, doğru cavablarla hər kəsi heyran qoymuşdu.

“Sevimli şagirdimizin sonuncu uğuru da diqqət çəkməyə bilməzdi. Çünki o, yenə də yaşıdları ilə, məktəblilərlə deyil, tələbələrlə yarışmış, bir daha nailiyyət qazanmışdır.

“Mirzağa Azərbaycan Dövlət Pedaqoji Universiteti Tələbə Həmkarlar İttifaqı Komitəsi Bio klubunun təşkil etdiyi “Puzzle” yarışmasında iştirak etmiş və ağlı, zəkası, cəldliyi ilə birinci yerə layiq görülmüşdür.

“Microsoft Teams platforması üzərindən keçirilən yarışda iştirakını isə tarix müəllimi Kəmalə Həsənova təmin etmişdir.

“Məktəb kollektivi adından şagirdimizi yeni uğuru münasibətilə təbrik edir, bol şanslar diləyirik. Onun uğurunda payı olan valideynlərinə, müəllimlərinə təşəkkür edirik! Bəli, biz birlikdə güclüyük!”

Mission News Theme by Compete Themes.