Bayraqdar.info – Qırğızıstan Prezidenti Sadır Caparov mayın 5-də ölkənin yeni Konstitusiyasını imzalayıb.
Bununla bağlı Prezidentin Ofisindən bayraqdar.info-ya daxil olan məlumatda bildirilir.
Ölkə Prezidenti eyni zamanda “Qırğızıstan Respublikasının Konstitusiyası haqqında” qanunu da imzalayıb.
İmzalama mərasimində çıxış edən Prezident son günlər Qırğızıstan-Tacikistan sərhədində baş verənlərlə bağlı fikirlərini də səsləndirib.
“Mən artıq dağıdılmış kəndlərin mümkün qədər tez bərpa edilməsinə başlamaq üçün tapşırıq vermişəm. Bu olaylarda zərər çəkmiş vətəndaşlar dövlətin hərtərəfli dəstəyini görəcəklər. Zərər çəkmiş yaşayış məntəqələrinin bərpası və həyatın normala dönməsi üçün ən qısa müddətdə tədbirlər görüləcək”, – deyə S.Caparov bildirib.
Əlavə edək ki, Qırğızıstanın yeni Konstitusiya mətni bu il aprelin 11-də keçirilmiş referendumda qəbul edilib.
Onu da qeyd edək ki, Prezident S.Caparov yeni əsas qanunu imzalamazdan az öncə Qırğızıstan xalqını Konstitusiya Günü münasibətilə təbrik edib.
“Əminəm ki, Əsas Qanun xalqımızın maraqlarına uğurla xidmət edəcək və Qırğızıstanın sonrakı effektiv inkişafına yardımçı olacaq”, – deyə S.Caparov təbrikində bildirib.
Qeyd edək ki, müstəqil Qırğızıstanın ilk Konstitusiyası düz 28 il əvvəl – 5 may 1993-cü ildə qəbul edilib.





