Press "Enter" to skip to content

6 May türk xalqlarında Xıdır İlyas bayramıdır – VİDEO

Bu gün, yəni 6 may bir çox türk xalqlarında (Türkiyə, Balkanlar, Volqaboyu, Başqırdıstan, Krım, Gagauz Yeri, İraq və Suriya türkmənləri və s.) Xıdır İlyas (Xederlez/Hıdırellez) bayramı qeyd olunur.

Bu bayram eyni adla həm də bəzi qeyri-türk xalqlarında (rumınların bəzi etnik qruplarında, albanlarda, slavyanlardan pomeranlarda, bolqarlarda, boşnaklarda və d., hətta yunanların bəzi etnik qruplarında, bəzi İraq və Suriya ərəb, kürd tayfalarında və s.) da mövcuddur. Bayramın hansı xalqda necə keçirilməsi barədə bir çox məlumatlar var.

Maraqlı məqamlardan biri budur ki, bizdə – Azərbaycanda Xıdır İlyas bayramı fevralda, kiçik çillə daxil olanda (təqribən 8-10 fevral) qeyd edilir.

Bayramın kökü barədə çoxlu və ziddiyyətli fikirlər var. Elmdə mövcud fikirlərə görə,

1) Sasani dövründə farsların Xıdır/Xızır və İlyasla bağlı miflərindən törənib;
2) İsa peyğəmbərin apostolu müqəddəs Qriqorinin anadan olduğu günlə bağlıdır.

Xızır/Xıdır Qriqorinin Şərqdəki adıdır. İndi bu mülahizələrdən hansı doğrudur və ya siyasi-emosional köklərdən törəyib – etnoloqların işidir. Fakt budur ki, islamı qəbul etmiş türklərdə sufi-dərviş mərkəzlərində Xızır və İlyasla bağlı müxtəlif məqamlar var.

Bayramın kökü daha qədimlərə gedir

Bayramın kökünün daha qədimlərə gedib maldarlığın canlanması (yaylağa hazırlığın başlanması) ilə bağlanması barədə də fikirlər var. Osmanlı xilafətində rəsmi bayram olub. Osmanlı dağıldıqdan sonra yaranmış yeni dövlətlərin bəzilərində bu bayramın adını yasaq etdilər və adını dəyişib müqəddəs Qriqorinin günü kimi qeyd etməyə başladılar. İndi isə, Avropa Birliyinə daxil olan həmin dövlətlərdə bayram hər iki adla qeyd edilir.

Onu da qeyd edim ki, danimarkalı arxeoloq Cefri Bibbi Bəhreyndə qazıntılar aparanda maraqlı bir faktı qeyd edib. Dəniz sahilində böyük bir qaya ucalır. Bəhreynin şiə-ərəb əhalisi bu qayanı “Səhri əl-Xizir” (Xızır qayası) adlandırır və orada dualar edir, düyün bağlayır və qurbanlıq gətirirdilər. Bəhreynin ərəb sələfi hakimiyyəti bunu küfr adlandırıb, şiə ərəb əhalisini oradan qovurdu. Hətta qayanın yanında polis postu qurmuşdular ki, ora mərasim keçirməyə gələnləri qovsunlar və ya həbs etsinlər.

Təhlil edilməsi yaxşı olardı

Yaxşı olardı ki, etnoloqlar Xızır Peyğəmbərlə bağlı mifləri təhlil etsinlər. Çünki onun adı ilə bağlı türk (Azərbaycan, Türkiyə, Krım, Balkanlar, Volqaboyu, Orta Asiya, Doğu Türkistan) İran və hinddilli xalqlarda, əsasən şiə məzhəbli ərəblərdə müxtəlif miflər, nağıllar var.

İnanmaq çətindir ki, bu tarixi şəxsiyyət və ya mifik personaj hansısa konkret bir etnosun mifologiyasının məhsuludur.

Qeyd edək ki, Azərbaycanın özündə də Xızıra bağlı pirlər mövcuddur. Onların içərisində “Beş barmaq” kimi tanınan ərazidə Xızır (Xıdır) Zində Baba çox məşhurdur. Zində sözü fars dilində diri deməkdir və türk dünyasında müqəddəs ocaqların və tarixi şəxsiyyətlərin qəbir adlarında bu söz geniş işlədilib. (Səmərqənddə Qaraxanlı və Teymur nəslinin Mavzoleylər Kompleksi Şahi Zində adlanır).

Bəzi miflərə görə iki peyğəmbər Xıdır və İlyas görüşür və onların bu görüşü Yer kürəsinə bolluq, bərəkət, ruzi gətirir.

Azərbaycanın Qarabağ və Zəngəzur, Göyçə və Naxçıvan ərazilərində bu bayrama Xıdır Əlləz bayramı da deyirlər. Bu bayram münasibətilə Azərbaycanın hər yerində evlərdə qovurğalar qovrulur, xonçalar tutulur, konfetlər, şirniyyatlar paylanır.

Belə bir inanc da var ki, yayda quraqlıq olanda, küləyin əsməsini istəyəndə, taxılı çəyirtkə basanda, taxılın bol olmasını arzulayanda insanlar inamdan irəli gələrək Xıdır və İlyası köməyə çağırır və onlara diləklərini bildirirlər.

Yaxşı olardı ki, bu bayram Novruz bayramı kimi rəsmi olaraq qeyd edilsin. Çünki bu, Azərbaycan xalqının minilliklərlə söykəndiyi dəyərlərindəndir.

Mission News Theme by Compete Themes.