Press "Enter" to skip to content

Qazaxıstandan Azərbaycanın ərazi bütövlüyünə dəstək

Bayraqdar.info – Milli Məclisin ATƏT PA-dakı nümayəndə heyətinin rəhbəri, ATƏT PA-nın vitse-prezidenti və qurumun İpək Yoluna Dəstək Qrupunun sədri Azay Quliyev mayın 6-da Qazaxıstanın ölkəmizdəki səfiri Serjan Abdıkərimov ilə görüşüb.

Bu məlumatı Milli Məclisin Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsi yayıb.

Görüşdə ölkələrimiz arasında tarixən formalaşmış ortaq dəyərlərdən bəhs edən Serjan Abdıkərimov hazırda bölgənin lider ölkəsi olan Azərbaycanla hərtərəfli əməkdaşlığı genişləndirmək istədiklərini bildirib. O, parlamentlərarası əlaqələrə çox böyük əhəmiyyət verdiklərini qeyd edib, ATƏT PA çərçivəsində, eləcə də, digər beynəlxalq qurumlarda Azərbaycanın mövqeyini həmişə dəstəklədiklərini deyib.

Daha sonra məlumatda deyilir ki, Azay Quliyev Azərbaycan və Qazaxıstan parlament nümayəndə heyətlərinin əməkdaşlığından söz açıb. Bölgəmizdə həyata keçirilən qlobal layihələrdən bəhs edib. İşğaldan azad olunmuş torpaqlarda aparılan minalardan təmizləmə işlərinə diqqət yönəldib. Bildirib ki, minalanmış ərazilərin xəritəsini Azərbaycana verməsi üçün beynəlxalq qurumlar Ermənistana təzyiq göstərməlidir.

“İşğaldan azad olunmuş ərazilərdə gördüklərindən dəhşətə gəldiyini, o torpaqlarda ermənilərin əsl barbarlıq törətdiyini bildirən Qazaxıstan səfiri deyib ki, Ermənistanın minalanmış ərazilərin xəritəsini verməməsi hərbi cinayətdir”, – deyə məlumatda qeyd eidlir.

Məlumatda o da göstərilir ki, söhbət zamanı ikitərəfli müstəvidə və çoxtərəfli platformalarda, o cümlədən TÜRKPA, Türk Şurası, TÜRKSOY, TRASECA, müxtəlif parlamentlərarası təşkilatlar və digər qurumlar çərçivəsində əməkdaşlığın inkişafı barədə fikir mübadiləsi aparılıb.

Mission News Theme by Compete Themes.