Press "Enter" to skip to content

“Sən Allah, bu dəfə aparma məni”, – deyirdi Musa Yaqub…

Leyləklərin çöp yuvası boş qalıb,
Bahar gedib, payız gəlib, qış qalıb.
Göy çəməndə ocaq yanıb, daş qalıb,
Bu dünyanın qara daşı göyərməz.

Nə bu ocaq közərəsi, sönəsi,
Nə o günlər bir də geri dönəsi…
Qəm eləmə, könlümün bir dənəsi,
Bu dünyanın qara daşı göyərməz.

O gülyanaq bənddir xoş bir baxışa,
Körpə budaq əl açıbdır yağışa,
Min baharın hərarəti yığışa,
Bu dünyanın qara daşı göyərməz.

Ot göyərdib o cığırım, o izim,
Tufanlanıb çalxalanmaz dənizim,
Daha məndən sevgi umma, əzizim,
Bu dünyanın qara daşı göyərməz.

Araz boyu çox mənalar sezmişəm,
Elə bilmə əllərimi üzmüşəm,
Ürəyimə daş bağlayıb dözmüşəm,
Bu dünyanın qara daşı göyərməz…

…Elə şairlər var ki, onların şeirləri dillər əzbəri olur. Şair Musa Yaqub da belə klassiklərdən idi… Onun bu mənalı, dillər əzbəri olan şeirlərini gənclər də çox sevirdilər, orta və yaşlı nəsil də…

Şairin bu şeirinə cavab olaraq mərhum Məmməd Araz “Göyərdi” şeirini yazmışdı:

Musa Yaqub, gözü yolda Təbrizin,
Gözlərinin qara yaşı göyərdi.
Göyərmədi istədiyi bircə dən,
Savalanın qara daşı göyərdi.

Bu dünyanı hörümçəkdən almışıq,
İlməsini kim atdı bu yanlışın,
Dedim barı düz toxuyaq qalmışı,
Önümdəcə neçə naşı göyərdi.

Kim işığı ürəklərə doğrayar,
Kim işığı ürəklərdən oğrayar,
Kim yalanı calaq vurdu doğruya,
Hər şivindən oğrubaşı göyərdi.

Çox gözlü var, torpağına kor baxır,
Dan yerinə bəbəyində tor baxır.
Yüz də çevir, min də ələ torpağı,
Namərdiynən mərd yanaşı göyərdi.

Mən Arazda şaxələnən çinardım,
Ömrü boyu tufan əydim, su yardım.
Xətainin qılıncını suvardım,
Məmməd Araz karandaşı göyərdi.

Özü deyib-gülən olsa da, nisgilli poeziyası ilə tanınırdı Musa Yaqub. Torpağa, təbiətə o qədər bağlı adam idi ki, öz doğulduğu İsmayıllının Buynuz kəndini bütün Azərbaycana tanıtmışdı. Yazırdı ki, “mən İsmayıllıya gedənə qədər nə yazacağımı bilmirəm. Orada bir bulaq var, elə ki, o bulağı görürəm, sanki ilham pərim gəlir və başlayıram şeir yazmağa. Mən daim o bulaqdan ilham alıram”.

Bəlkə də borcundan çıxmadım, Vətən,
Ömür bahar deyil bir də qayıtsın.
Ölsəm də, qoynunda qoy ölüm ki, mən
Çürüyüm bir ovuc torpağın artsın!

– deyən şair doğulduğu yerə sevgisini belə göstərirdi. Onda torpaq sevgisi o qədər güclü idi ki, Bakıda işləsə də, hər həftə kəndə getməsi sonda onun köçüb kənddə yaşaması ilə nəticələnmişdi. Bir müddət doğulduğu kənddə yaşayan şair məktəblərdən birində müəllim işləmişdi. Şairi şəhər tutmurdu…

Musa Yaqubu təbiət şairi adlandırırlar. Amma mən onun təbiət şairi kimi məhdudlaşdırılmasının əleyhinəyəm. Musa Yaqubun şeirlərində təbiətdən başqa fəlsəfi məqamlar da, vətən, millət, dövlətə aid şeirlər də çox yer tutur:

Bağda gülüm soldu, cənnətdə tubum,
Bir payız axşamı çatdı qürubum,
Çatdı-çatmağına inanmadığım.
Üzümdə zəlzələ, ruhumda qiyam,
Dartdı əllərimdən o biri dünyam,
Dartdı-dartmağına inanmadığım.

Musa Yaqub bu şeiri ilə Alber Kamyunun “Sizif əfsanəsi”ni müqayisəli şəkildə işləmişdi. Bunu onun yaradıcılığını təhlil edən filoloqlar da yazırlar.

Musa Yaqub yaradıcılığı xalq yaradıcılığından, folklordan, klassikadan, təbiətdən qüvvət alır.

Dünya öz yerində tutubdur qərar,
Dağ da yerindədir, duman da, çən də.
Dünyanın işini qarışdıranlar
Qayıdıb dünyadan gileylənəndə,
Cəllad da özünü haqlı biləndə,
Ağır yaraların ağrısı canda,
Vəfasız dünyadan vəfa umanda
Dünyaya adamın yazığı gəlir.

Şair öz yaradıcılığında əllərin içindəki cizgiləri yarpaqlardakı xətlərə bənzədirdi:

Ovcuma da baxdım, bir xəzələ də,
Damarlar, cizgilər nə qədər oxşar.
Bizdən ayrı deyil bircə gilə də,
Ovcumun içində bir payız yaşar.

Onun “Əhəng daşı” şeirinin yaranma tarixçəsi də maraqlıdır. Özü müsahibələrinin birində deyir ki, “Bu şeirin tarixi var. Onda mən Əhmədlidə yaşayırdım. Mən yaşayan evin qarşısında böyük əhəng karxanası vardı. Onun şöləsi düşürdü bizim pəncərəmizə. Hər gecə səhərə yaxın oyananda durub ona baxırdım. Heç daşı da yandırarlar? Heç daş da yanar? Daşı o əzabla yandırırdılar. İlahi, bu nə olan şeydir? Əgər daşı yandırıb əhəngə döndərə bilirlərsə, demək dünyada hər şeyi yandırmaq olar. “Əhəng daşı” şeirini yazdım”.

Allaha xitabla “Aparma məni!” deyirdi şair. Amma,

Bu gün qalacağam özüm olmağa,
Torpağın çiçəkli üzü olmağa.
Qalıram bir çeşmə gözü olmağa,
Sən Allah, bu dəfə aparma məni.

Həm varam, həm yoxam – belə gəlmərəm,
Qayıdıb özümə hələ gəlmərəm.
Bu gün kəpənəyəm, ələ gəlmərəm.
Sən Allah, bu dəfə aparma məni.

Bir fəlsəfi məsələni illərdir ki, müşahidə edirəm. Bir çox insanlar doğulduqları tarixə yaxın günlərdə vəfat edirlər. Musa Yaqub da mayın 10-da anadan olmuşdu, mayın 7-də 84 yaşında dünyadan köçdü. Allah gözəl şairimizə rəhmət eləsin.

Mission News Theme by Compete Themes.