Press "Enter" to skip to content

İndi onların yaşı 100 civarında, sayları da az, lap az…

Elə bir şəhər, rayon, kənd, qəsəbə yoxdur ki, orada II Dünya Müharibəsi iştirakçısı yaşamasın. Uşaq vaxtından II Dünya Müharibəsi iştirakçılarının bir-birindən maraqlı döyüş salnamələrinin dinləyicilərinə çevrilmişdik. Heç kimin döyüş əhvalatı bir-birinə bənzəməzdi. Çünki, döyüş yolunu hərə bir şəhərdə, hərə bir regionda keçmişdi.

Bizim gəncliyimiz, uşaqlığımız müharibə iştikarçılarının orta yaş dövrünə düşürdü. Onlar hər il mayın 9-da evdə səliqəylə saxladıqları kostyumlarını geyinib sinələrinə II Dünya Müharibəsindən sonra aldıqları orden və medalları da taxaraq şəstlə yaşadıqları şəhərin mərkəzi küçələrində gəzişərdilər.

Bir yerə yığışanda isə bir-biri ilə hal-əhval tutar, harada döyüşdüklərini soruşardılar. Bakıda yaşayanların bəziləri həftə sonları indiki adıyla Milli Parkda domino, nərd, şahmat oynamağa yığışar, rayonda yaşayanlar da rayon, kənd klublarında görüşüb söhbətləşədrilər. Hətta Milli Parkda Veteranlar üçün çayxana da fəaliyyət göstərirdi ki, onlar orada rahat oturub söhbətləşə bilsinlər.

Veteranlara hörmət vardı

Yadımdadır ki, müharibə veteranları evdən çıxanda məhəllədəki uşaqlar, gənclər onların ətraflarında dolaşar, hal-əhvallarını soruşar, onlara hörmətlə xidmət göstərərdilər.

Müharibə veteranları ilə heç kim acıqlı danışmaz, heç kim onlara cavab qaytarmazdı. Hamı onların hörmətini saxlayar, yol verər, özlərindən qabaga buraxar, ictimai nəqliyyatda əyləşməyə yer verər və ümumilikdə böyük hörmətlə rəftar edərdi.

Qonşumuz Məmmədbağır dayı müharibədə bir ayağını itirmişdi. Öz arabasıyla kəndin içinə çıxanda hamı ona ehtiramla yaxınlaşıb hal-əhval tutar, nəyəsə ehtiyacı olub-olmadığını soruşardı. Qısa müddət ərzində Məmmədbağır dayıya (Məmmədbağır Bağırov) dövlət avtomobil verdi və o, daha əlil arabasında deyil, avtomobillə hərəkət edirdi.

Biz uşaq olanda kolxoz-sovxozlar fəaliyyət göstərirdi və Məmmədbağır dayıya da kolxozda öz ixtisasına uyğun olaraq baş mühasib işi verilmişdi. Onun nəinki bizim kənddə, rayonda, hətta qonşu
rayonlarda da böyük hörməti var idi. Qan düşmənçiliyinə son qoyan, düşmənləri barışdıran bir insan idi.

Məmmədbağır dayı hansı qapıya getsəydi hamı ayağa qalxar, ona ehtiramla yer verər, sözünü böyükdən kiçiyə hamı eşidərdi. Onun bir baxışı bəs idi ki, gənclər özünü yığışdırsın. Yanında siqaret çəkməz, əllərində siqaret varsa, gizlədərdilər. Bizim müharibə qəhrəmanlarına hörmət, sayğı belə idi.

İndi II Dünya Müharibəsi iştirakçılarının sayı çox azalıb. Yaşları da 100 civarındadır.

Hər il mayın 9-da paytaxtın küçələrində sinəsi orden-medallı qəhrəmanlarımızı görməyə alışan gözlərimiz daha onları görə bilmir. Ağsaqqal veteranların sayı azaldıqca həyatımızın tarixə çevrilmiş bir parçasını da özlərilə götürüb aparırlar.

Amma sevindiricidir ki, bu canlı əfsanələr haqqında maraqlı kitablar yazılıb, bədii və sənədli filmlər çəkilib, tamaşalar qoyulub. II Dünya Müharibəsində iştirak edən müharibə veteranlarına dövlətin diqqət və qayğısını xüsusi qeyd etmək lazımdır. Onlar daim maddi və mənəvi qayğıyla əhatə olunur.

II Dünya Müharibəsi

Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Sovet Sosialist Respublikası ərazisində 87 qırıcı batalyon, 1 min 124 özünümüdafiə dəstəsi təşkil edilmişdi. 1941-1945-ci illərdə Respublikanın 640 min nəfərə yaxın oğul və qızı cəbhəyə getmişdi.

Təkcə Fransanın cənubunda gedən partizan hərəkatında min nəfərdən çox, Yuqoslaviyadakı partizanların zərbə briqadasında 600 nəfərdən çox azərbaycanlı vuruşmuşdu.

Azərbaycanlılardan Ukrayna torpaqlarında faşistlərə qarşı mübarizədə 5 min nəfərə qədər, Belarus torpaqlarında isə min nəfərə qədər döyüşçü partizan dəstələrində fəal iştirak etmişdi.

Faşistlər xalqımızın qəhrəman oğulları Mirzəxan Məmmədov, Qulu Quliyev, Vəli Vəliyev, Mirzəli Məmmədli, Paşa Cəfərxanlı, Feyzulla Qurbanov, İsmayıl Heydərov, Həsən Əliyev, Qurban Məmmədov, Məmməd Axundov, Abbas Hüseynov və bir çox başqalarını həbs edib böyük əzab və işgəncədən sonra ölüm cəzasına məhkum etmişdilər.

1942-1944-cü illərdə azərbaycanlı hərbi əsirlər Polşanın Edlin, Almaniyanın Noyhammer-Ştranse, Fransanın Rodez, İtaliyanın Udine, Çexoslovakiyanın Brno və Bıstritsa rayonlarında gizli antifaşist təşkilatları yarada bilmişdilər.

1943-cü ildə faşistlərin Almaniyanın Ştranse əsir düşərgəsindən İtaliyaya – Triyestə və Yuqoslaviyaya köçürdüyü Sovet hərbi əsirləri içərisində xeyli azərbaycanlı var idi. Onlar gizli antifaşist təşkilatı yaratmışdılar.

Təşkilatın rəhbərliyinə Mehdi Hüseynzadə, Mirdamət Seyidov, Cavad Həkimli və başqaları daxil olmuşdular.

Əsirlikdən qaçıb partizan olmuşdular

Onların çoxu 1944-cü ilin fevralında əsirlikdən qaçaraq partizanlara qoşulmuş, İ.Qradnik adına İtalyan – Yuqoslav partizan diviziyası tərkibində əlahiddə rota təşkil etmişdilər.

Mehdi Hüseynzadə Yuqoslaviya Xalq Azadlıq Ordusunun 11-ci korpusunun qərargahı yanında Haribaldi adına xüsusi kəşfiyyat-təxribat qrupuna rəhbərlik etmiş, fövqəladə qəhrəmanlıqlar göstərmişdi. Həmin qrupa M.Hüseynzadə ilə yanaşı, Mirdamət Seyidov, Ənvər Məmmədov, Tağı Əliyev və digər soydaşlarımız da daxil idi.

Faşistlərə qarşı döyüşlərdə fərqlənən 50-yə qədər Azərbaycan övladı Yuqoslaviyanın orden və medalları ilə təltif olunub.

Müharibə illərində Bakıda 130-dan çox növdə silah və döyüş sursatı istehsal edilirdi. Müəssisələrdə və kolxozlarda işləyənlərin təxminən 70 faizi qadınlar idi.

Şəxsi vəsaitlərdən müdafiə fonduna 15 kq qızıl, 952 kq gümüş, 320 mln rubl verilib. Cəbhəyə 1,6 mln-dan çox zəruri mal və 125 vaqon isti geyim göndərilib.

Yalnız Leninqrad üçün 1942-ci ilin yayına qədər Bakı müəssisələri 2 vaqon qara kürü, 40 ton meyvə qurusu, 12 vaqon tomat-püre və şirə, qara ciyər ekstraktı, hematogen, jelatin və digər qida məhsulları, habelə medikamentlər və sarğı vasitələri göndərib.

Bakı neftinin müharibədə əvəzsiz rolu

1941-1945-ci illərdə qazanılmış qələbədə üç amil həlledici rol oynayıb. Onlardan biri – Bakı nefti Azərbaycanın cəbhəyə köməyidir. O vaxt Bakı ölkə neftinin 70 faizini verirdi. İkinci dünya müharibəsi illərində Baltik dənizindən Qara dənizə qədər uzanmış cəbhənin tələb etdiyi bütün benzinin 80 faizini, sürtkü yağlarının 90 faizini Azərbaycan təmin edirdi.

Bakı neftinin müharibənin gedişi üçün həlledici rol oynadığını bilən Hitlerin tapşırığı ilə Almaniyanın I Tank Ordusu 1942-ci il sentyabr ayının 25-də Bakını zəbt etməli idi. Hitler Qafqaza hücuma başlayanda feldmarşal Manşteynə demişdi: “Biz mütləq Bakını tutmalıyıq. Əgər biz Bakı neftini ələ keçirməsək müharibəni uduzacağıq”.

Neft Bakısı uğrunda gedən gərgin döyüşlərdən bəhs edən “Krasnaya zvezda” qəzeti 1942-ci ilin 26 sentyabr sayında yazmışdı: “Üç aydır ki, ölkəmizin cənubunda qızğın döyüşlər gedir. Sovet ölkəsinin və bütün dünyanın nəzərləri Şimali Qafqaz və Stalinqrad ətrafına yönəlmişdir. Vətənin taleyi, milyonlarla Sovet adamının azadlığı və həyatı bu döyüşlərdən asılıdır! Bunu ancaq 1942-ci ilin payızında Moskvanın müdafiəsi ilə müqaisə etmək olar”.

Ölkə hospitallarında cəbhədə yaralanmış 440 min nəfər müalicə olunub.

II Dünya Müharibəsindən yazmaqla, danışmaqla bitmir. Bizim xalqımız bu müharibədə həm şərəfli, həm mübariz, həm də əzablı bir yol keçib.

Sonda biz də 9 May Faşizm Üzərində Qələbə Günü təbirklərinə qoşulur, veteranlara cansağlığı arzu edirik.

Qeyd: Yazıda açıq mənbələrdən istifadə olunub.

Mission News Theme by Compete Themes.