Press "Enter" to skip to content

Məktəb qazi məzunlarla birgə faşizm üzərində qələbəni qeyd edib

Bayraqdar.info – Bakının Binəqədi rayonundakı 3 nömrəli tam orta məktəb 9 May Faşizm Üzərində Qələbə Gününü özünəməxsus şəkildə qeyd edib.

Bu haqda məluatı bayraqdar.info-ya məktəbdən veriblər. Qeyd edilib ki, 9 May Faşizm Üzərində Qələbə Günündə məhz ötən ilin 44 günlük Vətən savaşında erməni faşizmi üzərindəki qələbəni də qeyd etməyi özlərinə borc biliblər.

Direktor, Əməkdar müəllim Almaz Həsrətin başçılığı altında məktəbin bir qrup müəllimi və qazi məzunu bu gün münasibətilə mayın 9-da Hərbi Qənimətlər Parkını ziyarət edib.

“Bu gün Qarabağı bizə qaytaran qəhrəman məzunlarımızla bərabər Hərbi Qənimətlər Parkında olduq. İgid məzunlarımızın hər birinə möhkəm cansağlığı arzulayırıq. Mayın 8-də artıq azad edilmiş Şuşanın işğal günü idi. Bu gün isə faşizm üzərində böyük qələbənin növbəti ildönümüdür. 30 ildən çox idi ki, belə bir qələbə gününü həsrətlə gözləyirdik”, – deyə Almaz Həsrət bildirib.

Qazilər və müəllimlər Parkda

O, Parkı ziyarət sırasında qazilərə üzünü tutaraq deyib: “Artıq bu il Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli dəmir yumruğu və sizin kimi igid oğulların cəsarəti sayəsində başımızı dik tuturuq. Sayənizdə uca duruşla bu günə baxırıq. Əziz qəhrəman məzunlarımız, vətənpərvərliyiniz və igidliyiniz sayəsində Qarabağ azad edilib. Erməni faşistlərini məhv etmisiniz. Bizə qələbəni yaşatmısınız. Bizə Qarabağımızı qaytarmısınız. Azərbaycanımız sizin sayənizdə tamamlanaraq öz ərazi bütövlüyünü bərpa edib”.

Direktor təşəkkür etdi

Direktor qazi-məzunlarla davamlı əlaqəni təmin etdikləri üçün məktəbin müəllimləri – Nərminə Mirzəyeva, Vətən Hüseynov, Fariz İskəndərov, Əbülfəz Yunisov və Nigar Məmmədovaya minnətdarlığını bildirib.

O, qazilər – Tural Təhməzli, Samid İbadov, Rəfi Rəhimli, Vüsat Məmmədov, Murad Manaflı, İlqar Əhmədov, Səday Rəhimliyə də ayrıca təşəkkür edib. Bildirib ki, 3 nömrəli məktəb yetişməkdə olan nəslin gerçək qəhrəmanlarla təmaslarına önəm verir. Bundan məqsəd uşaqları yalnız kitablarda oxuduqları qəhrəmanlar deyil, həm də gerçək qəhrəmanlar sayəsində vətənpərvər yetişdirməkdir.

Qazilərlə xatirə şəkli

Qeyd edək ki, 3 nömrəli məktəb son bir ildə qazi məzunlarının demək olar ki, əksəriyyəti ilə əlaqə qurub, onlarla məktəb arasında təmasları təmin edib.

Hazırda pandemiya şəraiti olduğu üçün çox da geniş fəaliyyət təşkil etmək mümkün olmasa da məktəbin planlarında pandemiyadan sonrakı dövrdə davamlı şəkildə qazi məzunlarla şagirdlər arasında ortaq tədbirlərin keçirilməsi planlaşdırılır.

Qəhrəmanlar və müəllimləri hərbi qənimətlərin önündə
Mission News Theme by Compete Themes.