Press "Enter" to skip to content

Mətbuat Şurasının sədrindən “Heydər Əliyevin media dərsləri”

Bayraqdar.info – Mayın 9-da “Azərkitab” Kitab Təbliğatı Mərkəzi və Azərbaycan Mətbuat Şurasının (MŞ) təşəbbüsü ilə ulu öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş toplantı keçirilib.

Bu haqda xəbəri bayraqdar.info-ya MŞ-dan veriblər.

Bildirilib ki, ulu öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edildiyi tədbirdə MŞ sədri Əflatun Amaşovun müəllifi olduğu “Heydər Əliyevin media dərsləri” kitabının təqdimatı da olub.

Giriş sözü ilə çıxış edən “Azərkitab”ın layihə rəhbəri Sabir Həsənov Heydər Əliyevin Azərbaycana dövlətçilik irsini miras qoyduğunu vurğulayıb: “Bu irs çoxşaxəlidir. Özünü ən müxtəlif sahələrə, o cümlədən mədəniyyətə təsirdə də göstərməkdədir. Tarixi xidmətlərinə görə onun əziz xatirəsi hər zaman yaddaşlarda qalacaq, dərin hörmət və ehtiramla yad ediləcəkdir”.

Öz növbəsində Ə.Amaşov Heydər Əliyevi “medianın gücündən məharətlə istifadə etməyi bacaran siyasi lider və şəxsiyyət” kimi səciyyələndirən cəhətlərə toxunub. O bildirib ki, özünün bütün həyatını Azərbaycanın tərəqqisinə, vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğuna həsr etmiş ulu öndər jurnalistikaya hər zaman yüksək dəyər verib: “Onun jurnalistlərlə təmasları, ayrı-ayrı görüşləri, müsahibələri özlüyündə tarixdir”.

Ə.Amaşov “Heydər Əliyevin media dərsləri” kitabında əsasən qeyd olunan məqamlara diqqətin yetirildiyini, orada onunla bağlı xatirələrin toplandığını deyib.

Prezident İlham Əliyev də media məsələsində həssasdır

“MŞ sədri həmçinin vurğulayıb ki, Heydər Əliyev siyasətinin mahir davamçısı olan Prezident İlham Əliyev də mediaya həssas münasibət, diqqət və qayğını dövlət siyasətinin mühüm tərkib hissəsinə çevirib”, – deyə xəbərdə bildirilir.

Bakı Dövlət Universitetinin kafedra müdiri, professor İradə Hüseynova, Milli Məclisin deputatı Aydın Hüseynov, MŞ İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə də çıxış edərək Heydər Əliyevin həyat və fəaliyyətindəki örnək məqamlardan söz açıb.

Çıxışçılar bildirib ki, “Azərbaycanın xilaskarı olan ulu öndər dövlət başçısı olduğu dönəmdə 44 günlük müharibədəki zəfərimizi şərtləndirən beynəlxalq diplomatik fəaliyyətin əsasını qoyub. Onun layiqli davamçısı olan Prezident İlham Əliyev bu kursu qüsursuz şəkildə icra edərək, həmçinin müasir dövrün proseslərinə ustalıqla uyğunlaşdıraraq tarixi ədalətin bərpasında – torpaqlarımızın işğaldan qurtulmasında son dərəcə böyük əzm və iradə nümayiş etdirib”.

“Çıxış edənlər eyni zamanda “Heydər Əliyevin media dərsləri” kitabının əhəmiyyətini vurğulayaraq oradakı materialların seçiminə həssaslıqla yanaşıldığını, müxtəlif məqamların ətraflı təhlil edildiyini diqqətə çatdırıblar”, – deyə xəbərdə qeyd edilib.

Toplantıya BDU-nun, Mədəniyyət və İncəsənət Universietinin, Gömrük Akademiyasının tələbə və müəllim kollektivinin üzvləri də onlayn rejimdə qoşulub.

Mission News Theme by Compete Themes.