Press "Enter" to skip to content

Zənganlı gənc həbsxanada işgəncə ilə öldürülüb

Bayraqdar.info – Güney Azərbaycanın Zəngan bölgəsindən olan gənc fəal həbsxanada İran İslam İnqilabı Keşikçiləri Korpusu (Sepah) əməkdaşları tərəfindən işgəncə ilə öldürülüb.

Hüseyn Kəbutəri adlı gəncin meyiti mayın 6-da Zənganın Həsən Abdal su bəndində tapılıb.

Güney Azərbaycanın milli fəallarının sosial şəbəkə qruplarında yaydıqları məlumatlara görə, 35 yaşlı H.Kəbutəri bir müddət öncə Xamneyini tənqid edib. O, buna görə İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat və təhlükəsizlik bölməsinin əməkdaşları tərəfindən həbs olunub və iki ay təcridxanada saxlanılıb.

Təcridxanada dindirilərkən işgəncəyə məruz qalan milli fəalın sağ əli və sol ayağı sındırılıb.

Hüseyn Kəbutəri təcridxanadan buraxıldıqdan sonra Instagram hesabında yenidən Xamneyini tənqid edib və onun tərəfdarlarının cəzalandırılmalı olduğunu bildirib.

Bundan sonra həbs olunmamaq üçün gizlənən Kəbutəri mart ayının sonlarında Zənganın Cızmıq Qara Pəştulu kəndində İran İslam İnqilabı Keşikçiləri Korpusunun kəşfiyyat bölməsinin əməkdaşları tərəfindən yenidən saxlanılıb.

Son saxlanılmadan sonra Hüseyn Kəbutəri barədə heç bir məlumat əldə etmək mümkün olmayəb. Nəhayət mayın 6-sı, cümə axşamı onun cəsədi Həsən Abdal su bəndində aşkar edilib.

C.E

Qaynaq: GünAz.TV

Mission News Theme by Compete Themes.