Press "Enter" to skip to content

Azərbaycan-Türkiyə vahid tələbə qəbulu sistemi qurulmalıdır

Son yeniləmə: 10 May 2021 19:52

Toğrul İsmayıl: Belə bir komissiyanın qurulması həm də gələcəkdə vahid imtahan sisteminin formalaşmasında yardımçı olardı

Bayraqdar.info – Məlum olduğu kimi yeni növ koronavirus (COVID-19) infeksiyası təhsil sahəsinə də mənfi təsir göstərib. Çünki bu virusun geniş yayılmasının qarşısını almaq üçün ölkələrdə ali və orta təhsildə fasilə verilib, yaxud da distant təhsil rejiminə keçilib.

Bundan öncə də qeyd etdiyimiz kimi məcburən atılmış bu addım öz mənfi təsirini ali təhsillərini xaricdə almaq istəyən gənclərə də göstərir. Məsələn, ötən il Türkiyə universitetlərinin bir qismi imtahanlar üçün Azərbaycana nümayəndə göndərməkdən imtina ediblər. Bu il isə bu cür universitetlərin təxminən 80 faizinin ümumiyyətlə Azərbaycanda imtahan keçirmək istəmədiyi, bir qisminin isə onlayn imtahan kecirəcəyi barədə məlumatlar dolaşır.

Bayraqdar.info olaraq bu problemdən çıxış yolunun necə ola biləcəyinə dair araşdırmalarımız davam edir.

Xatırladaq ki, Türk İslam Araşdırmaları Mərkəzinin başqanı Telman Nüsrətoğlu bayraqdar.info-ya özəl açıqlamasında gələcəkdə Bakıda Türkiyə universitetlərinin ümumi mərkəzləşdirilmiş imtahanının keçirilməsinin mümkün ola biləcəyini demişdi.

Prof. Toğrul İsmayıldan maraqlı təklif

Kahramanmaraş Sütçü İmam Universitetinin (KSÜ) Siyasət Bilimi və Uluslararası İlişkilər bölüm başqanı, azərbaycanlı Prof. Toğrul İsmayıl da bunu mümkün sayır. Professor eyni zamanda başqa bir maraqlı təklif də irəli sürüb.

Onun sözlərinə görə, Türkiyə sistemində universitetlərə mərkəzi imtahan qəbulu zamanı Azərbaycan universitelerinin bir çoxunun adını qeyd etmək mümkündür: “Yəni bu mərkəzi qəbul imtahanında iştirak edən türkiyəli abituriyentlər Türkiyə universitetləri ilə yanaşı siyahıda olan Azərbaycan üniversietlərini də qeyd edə bilirlər.

“Hesab edirəm ki, belə bir sistemin Azərbaycanda da tətbiq edilməsi mümkündür. Dövlət İmtahan Mərkəzi tərəfindən ali məktəblərə keçirilən imtahanlar zamanı Türkiyə universitetlərinin də seçilməsi mümkün ola bilər. Azərbaycanın mərkəzi tələbə qəbul sistemində Türkiyə universitetlərinin adı yazıla bilər”.

Vahid imtahan sisteminin tətbiqinə gəlincə Toğrul İsmayıl hələ illər öncə bu təklifi səsləndirdiyini bildirib: “Mən illər öncə mütəxəssis olaraq belə bir təklif irəli sürmüşdüm ki, Azərbaycan Türkiyə ilə ortaq komissiya yarada bilər. Bu komissiya iki ölkənin təhsil sisteminə dair birgə araşdırmalar apara, birgə dəyərləndirmə edə bilər. Bunun Azərbaycanın ali təhsil sisteminin daha da inkişafında da dəstəyi ola bilər.

“Düzdür, bu vaxta qədər belə bir komissiya yaradılmayıb. Amma ümid edirəm ki, ikitərəfli münasibətlrəin mövcud inkişafı gələcəkdə dediyim istiqamətdə də razılaşmanın əldə edilməsinə təkan verəcək. Hesab edirəm ki, belə bir komissiyanın qurulması həm də gələcəkdə vahid imtahan sisteminin formalaşmasında yardımçı olardı”.

Mission News Theme by Compete Themes.