Press "Enter" to skip to content

Ulu öndərin anım gününə səsli düşüncələrimiz

Bu gün ulu öndər Heydər Əliyevin doğum günüdür. Haqq dünyasında 98 yaşı tamam olur.

Heydər Əliyev Azərbaycan tarixinin ən azı yarım əsrlik dövrünün memarıdır. Onun adı Azərbaycanın ən yaddaqalan, ən önəmli inkişaf, tanınma hərəkatlarıyla həmahəngdir.

Heydər Əliyev hələ Sovetlər dönəmində Azərbaycan dilini dövlət dili kimi rəsmiləşdirmiş bir liderdir. Özü də bunu Konstitusiya yoluyla etmiş bir lider.

Onun adıyla bağlı olmayan heç bir sahə yoxdur Azərbaycanda. Ölkənin ən sayılıb-seçilən müəssisələrindən tutmuş bir çox diqqət çəkən tikinti-quruculuq işlərinə qədər hər sahə Heydər Əliyevin adıyla bağlıdır.

Hətta bəzən belə quruculuq işləri arasında dünyanın nadir örnəkləri də var. Misal üçün, Bakı Kondisionerlər Zavodu. Dünyada bir Yaponiyada, bir də Azərbaycanda kondisioner istehsal edilirdi bir zamanlar.

Bəlkə də indiki nəslə bu, adi bir şey kimi görünür. Lakin o dönəmlər üçün inqilaba bərabər bir uğurdu. Sovetlər o zavodu harada tikməklə bağlı qərar verməkdəykən Azərbaycana başçılıq edən Heydər Əliyev çevik davranmış və onu Bakıda tikdirməyə nail olmuşdu.

O zavod adi bir iş yeri deyildi

O zavod bir tərəfdən minlərlə insan üçün iş yeri idi (bir neçə il mən də o strukturda işləmişəm – A.H.), digər tərəfdən də Azərbaycanı dünyada tanıdacaq bir marka. Amma ən önəmlisi bu idi ki, dünyada faktiki olaraq ikinci belə bir müəssisə məhz Azərbaycanda qurulmuşdu. Heydər Əliyevin sayəsində.

Heydər Əliyevin Azərbaycanda gördüyü işlər arasında belə örnəklər çoxdur. Özü də həddən artıq. İstər Sovet dönəmində – 1969-1982-ci illər arasında ölkəyə rəhbərlik etdiyi dinc dövr olsun, istərsə də 1993-cü ildə yenidən ölkə rəhbərliyinə qayıtdığı dövr. Bütün bu dövrlər-illər yalnız yeniliklər, quruculuq, sıçrayış illəri kimi tarixə düşüb Azərbaycan üçün.

Sovetin dinc dönəmi öz yerində, 1993-cü ildə xaos içində çabalayan Azərbaycanın rəhbərliyini üzərinə götürməsi Heydər Əliyevin doğrudan da fərqli və qətiyyətli liderliyini təkrar təsdiq edir.

Biz o dövrün müasirləriyik. Ətrafda nələrin baş verdiyini öz üzərimizdə hiss edənlərdənik. Çörək qıtlığı şəraitində torpaqlarımızın işğal edilməsi gözümüz önündə baş verib. Heydər Əliyev 1993-cü ildə o vaxtkı Prezident Əbülfəz Elçibəy tərəfindən hakimiyyət başına dəvət edilməsəydi, kim bilir, bəlkə də Azərbaycan pərən-pərən düşmüşdü.

Bizi vətəndaş qarşıdurmasından xilas etdi

Məhz Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizi vətəndaş qarşıdurmasından xilas edib sabitlik zolağına daşıdı. Məhz onun uzaqgörən, müdrik siyasəti nəticəsində Azərbaycan xalqı tək yumruğa çevrilməyə başladı.

Məhz Heydər Əliyevin sayəsində Azərbaycan beynəlxalq səviyyədə tanınmağa, qəbul edilməyə başladı. Məhz o, böyük beynəlxalq güclərin dövlətimizlə hesablaşmasının səbəbkarı oldu.

Heydər Əliyev elə bir ölkə qurdu, ardınca elə bir miras buraxdı ki, illər keçdikcə bütün dünyada Azərbaycanla hesablaşmağa, dost olmağa can atanların sayı artdı.

Heydər Əliyev yaxşı memar idi. Onun atdığı təməllər hər zaman möhkəm, dayanıqlı, yenilməz olub. Ona görə də o təməllər üzərində qurulacaq istənilən bina möhkəm və uzunömürlü olmalıydı.

Heydər Əliyevin Azərbaycan xalqına qoyub getdiyi ən böyük miras isə onun yolunun layiqli davamçısı, günümüzdə dünyada ən qətiyyətli lider kimi tanınan Prezident İlham Əliyevdir. O İlham Əliyev ki, səbrlə, təmkinlə Azərbaycanı inkişaf yoluna çıxardı, Heydər Əliyevin atdığı təməllər üzərində güclü bir dövlət qurdu.

İlham Əliyev onun mirasını yaxşı mənimsəyib

Prezident İlham Əliyev Heydər Əliyev siyasi məktəbini o qədər dərindən mənimsəyib ki, ulu öndərin yoxluğu şəraitində belə ən diqqətçəkən siyasətçi kimi hər zaman öndədir. Onun uğurlu liderliyinin əsas səbəbi bir tərəfdən özünün şəxsi keyfiyyətləridirsə, digər tərəfdən də məhz Heydər Əliyevin hətta özündən sonranı dəqiqliklə hesablaya biləcək qədər üstün zəkasına bağlıdır.

Bu gün biz belə bir siyasi xadimi – ulu öndər Heydər Əliyevi xatırlayırıq. 98 yaşı tamam olur. Haqq dünyasındadır. Lakin əminliklə deyə bilərik ki, ruhu rahatdır indi. Çünki onun miras qoyub getdiyi Azərbaycan xəyal edilməyəcək qədər irəli gedə bilib.

Ulu öndərin ruhu həm də ona görə rahatdır ki, onun layiqli davamçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev vəsiyyətini yerinə yetirib; Şuşanı azad edib, orada Azərbaycan bayrağı dalğalanır.

İlham Əliyev ümumuyyətlə işğal altındakı torpaqları azad etməklə həm də ulu öndərin siyasi mirasının ən layiqli davamçısı olduğunu sübuta yetirib. O baxımdan Heydər Əliyevin ruhu əlbəttə ki, çox rahatdır.

Hörmətlə anırıq. Aradan bu qədər illər keçdikdən sonra onun nə qədər nəhəng siyasi lider olduğunu tam qavraya bilirik. Nə qədər də olmasa dağ məsələsidir. Yaxınında olduqda yüksəkliyini düzgün fərq etmək olmur. Lakin uzaqlaşdıqca necə möhtəşəm yüksəklik olduğu görünür.

Heydər Əliyev də o dağdır, zirvədir. Hər keçən il onun yüksəkliyini daha aydın göstərir. Ruhu şad olsun.

Mission News Theme by Compete Themes.