Press "Enter" to skip to content

Şuşa ilə bağlı daha bir ilk – şəhər yavaş-yavaş öz yerini alır

Bayraqdar.info – Birləşmiş Ərəb Əmirliklərin Dubay şəhərində “ATM 2021” (Arabian Travel Market 2021) beynəlxalq turizm sərgisi keçirilir. 19 mayadək davam edəcək sərgiyə dünyanın müxtəlif ölkələrindən ümumilikdə 39 minə yaxın ziyarətçi, 2 min 500-dən çox sərgi iştirakçısı qatılıb.

Sosial izolyasiya qaydaları nəzərə alınaraq təşkil olunan beynəlxalq sərgidə Azərbaycan 100 kv. metrlik sahəni əhatə edən milli stendlə təmsil olunur.

Bu barədə bayraqdar.info-ya Dövlət Turizm Agentliyindən (DTA) məlumat verilib.

Sərgidə pandemiya dövründə ilk dəfə olaraq real iştirakla Azərbaycanın – işğaldan azad edilmiş Qarabağ bölgəsinin, xüsusilə Şuşanın turizm potensialı təbliğ olunub. Azərbaycan Turizm Bürosunun (ATB) Baş icraçı direktoru Florian Zenqstşmit Yaxın Şərq üzrə keçirilən turizm sərgisinin postpandemiya dövrü üçün müsbət başlanğıc olduğunu bildirib.

Florian Zenqstşmit DTA və ATB-nin təşkilatçılığı ilə sərgiyə ölkənin turizm sektorunu təmsil edən 9 yerli tərəfdaşın qatıldığını diqqətə çatdırıb. Azərbaycan Turizm Bürosunun Baş icraçı direktorunun müavini Bəhruz Əsgərov sərgi iştirakçıları tərəfindən Qarabağ bölgəsinə böyük maraq göstərildiyini bildirib. O, sərginin Qarabağın yeni bir turizm mənzili kimi tanıdılması üçün yaxşı platforma rolu oynadığını qeyd edib.

Qeyd edək ki, milli stenddə iştirakçıların sayı eyni anda 25 nəfəri keçməmək şərtilə görüş və müsahibələr keçirilir.

Görüş iştirakçılarına işğaldan azad edilmiş ərazilərin turizm potensialı, Azərbaycanda pandemiya dövründə görülən işlər barədə məlumat verilir. Həmçinin, ölkəmizdə mövcud olan və inkişaf etdirilən turizm məhsulları və yeni turizm təklifləri barədə məlumatlar təqdim olunur.

Mission News Theme by Compete Themes.