Press "Enter" to skip to content

Ermənistan Baş naziri Qırğızıstan Prezidentinə Azərbaycandan şikayətlənib

Prezident Sadır Caparov

Son yeniləmə: 17 May 2021 16:00

Bayraqdar.info – Mayın 17-də Ermənistan Baş nazirinin vəzifələrini icra edən Nikol Paşinyanın Qırğızıstan Prezidenti Sadır Caparovla telefon əlaqəsi olub.

Bayraqdar.info-ya xəbəri Qırğızıstan Prezidentinin Administrasiyasından veriblər.

Xəbərdə vurğulanır ki, telefon danışığı N.Paşinyanın təşəbbüsüylə olub.

Tərəflər iki ölkə arasındakı cari məsələləri müzakirə ediblər. Eyni zamanda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) və Avrasiya İqtisadi İttifaqı çərçivəsində ölkələr arasındakı gündəm məsələləri müzakirə edilib.

Qırğızıstan Prezidentinin Administrasiyası onu da bildirir ki, S.Caparov və N.Paşinyan qarşılıqlı maraq kəsb edən bütün sahələrdə fəal işbirliyinə yönəlik olduqlarını təsdiq ediblər.

Qırğızıstan tərəfinin xəbərində Ermənistan-Azərbaycan münasibətlərinin müzakirə edilib-edilmədiyi haqqında heç nə deyilmir.

Lakin Ermənistan tərəfi N.Paşinyanın Qırğızıstan Prezidentinə həm də Azərbaycanla bağlı danışdığını qeyd edir.

Bildirilir ki, N.Paşinyan “Azərbaycanın Ermənistanın suveren ərasizinə müdaxiləsinin yolverilməz olduğunu deyib və KTMT üzvlərinin bu məsələylə bağlı mövqeyinin əlaqələndirilməsinin vacibliyini vurğulayıb”.

Qırğızıstan tərəfinin bu məqamın üzərindən sükutla keçməsi ondan xəbər verir ki, qardaş ölkənin Prezidenti S.Caparov N.Paşinyanı nəzakət xatirinə dinləyib.

Qeyd edək ki, həm Qırğızıstan, həm də Ermənistan adı çəkilən hər iki təşkilatın üzvüdür. Bu baxımdan onların arasında əlaqələrin olması təbiidir. Lakin müşahidələr göstərir ki, Qırğızıstan Ermənistanla münasibətlərə hətta üzvü olduqları təşkilatlar çərçivəsində də isti yanaşmır.

Bunu Ermənistan da ciddi şəkildə hiss edir. Çox güman ki, telefon zəngi də o boşluğu doldurma görüntüsü yaratmaq cəhdinə xidmət edir. Əlbəttə, Qırğızıstanın Ermənistana soyuq yanaşmasının ən başlıca səbəbi Azərbaycan və Türkiyə dövlətləridir.

Mission News Theme by Compete Themes.