Press "Enter" to skip to content

AMEA MEK-də “Türk ədəbiyyatı həftəsi” keçirilir

Son yeniləmə: 18 May 2021 18:22

Bayraqdar.info – 17-23 may tarixlərində AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) “Türk ədəbiyyatı həftəsi” keçirilir. Həftə Türkiyə Cümhuriyyətinin qurucusu Qazi Mustafa Kemal Atatürkün anadan olmasının 140 illiyinə həsr edilib.

Xəbər bayraqdar.info-ya Kitabxananın İctimaiyyətlə Əlaqələr Şöbəsindən verilib. Xəbərdə bildirilir ki. “Türk ədəbiyyatı həftəsi”nin açılışında Türkiyənin və Qazaxıstanın Azərbaycandakı səfirliklərinin nümayəndələri, türk dünyasının iş qurumları və elm adamları iştirak ediblər.

Tərbirdə Türkiyənin və Azərbaycanın dövlət himnləri səsləndirilib.

Tədbirdə AMEA MEK-in baş direktoru, Prof. Məmməd Əliyev çıxış edərək türk millətinin istiqlalının simvolu, Türkiyə Cümhuriyyətinin böyük dövlət xadimi və mütəfəkkir Qazi Mustafa Kemal Atatürk barəsində danışıb. Bildirib ki, yaşadığı müddətcə Atatürk, təkcə Türkiyənin deyil, bütün türk dünyasının qayğısını çəkib. “Ümummilli lider Heydər Əliyevin sərəncamı ilə 2001-ci ildə Atatürk irsinin daha dərindən öyrənilməsi və təbliğ olunması məqsədilə Azərbaycanda Atatürk Mərkəzi yaradılıb”, – deyə M.Əliyev qeyd edib.

Bayraqdar.info bildirir ki, tədbirdə daha sonra millət vəkili, AMEA-nın vitse prezidenti, akademik İsa Həbibbəyli çıxışı edərək Azərbaycanda türk ədəbiyyatına və tarixinə böyük maraq olduğunu qeyd edib.

Xəbərdə deyilir ki, qonaqlardan Türkiyə səfirinin təhsil üzrə müşaviri Dr. Nihat Büyükbaş, millət vəkili Arzu Nağıyev, Azərbaycan Yazıçılar Birliyinin katibi, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun əməkdaşı Afət Kazımbəyli və digərləri çıxış ediblər.

Tədbirdə Atatürkün ictimai-siyasi fəaliyyətini, ömür yolunu özündə əks etdirən kitablardan ibarət videoslayd nümayiş olunub və 100-dən artıq nəşrə baxış keçirilib.

Mission News Theme by Compete Themes.