Press "Enter" to skip to content

Paralimpiya Komitəsi əməkdaşlarına medallar təqdim olunub

Son yeniləmə: 18 May 2021 17:38

Bayraqdar.info – Azərbaycanda paralimpiya hərəkatının yaranması ümümmilli lider Heydər Əliyevin adı ilə bağlıdır.

Bunu Milli Paralimpiya Komitəsi (MPK) əməkdaşlarına medalların təqdim olunması zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Xatırladaq ki, həmin əməkdaşlar Prezident İlham Əliyevin Sərəncamı ilə MPK-nin 25 illiyi münasibətilə ölkə idmanının inkişafında xidmətlərinə görə təltif ediliblər.

Nazirlikdən bayraqdar.info-ya verilən məlumata görə, nazir 1996-cı ilin fevral ayında Milli Paralimpiya Komitəsinin yarandığını xatırladıb. İlk dəfə olaraq Komitənin 1996-cı ildə Atlanta X Yay Paralimpiya Oyunlarında iştirak etdiyini deyib. Bildirib ki, Sumqayıt şəhərində inşa edilmiş Paralimpiya İdman Kompleksi beynəlxalq standartlara uyğun olması ilə MDB məkanında bir ilk olub.

Nazir ölkə başçısı, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevin xüsusi qayğısı, dəstəyilə Azərbaycanda idmanın, o cümlədən paralimpiya hərəkatının böyük uğurlar əldə etdiyini deyib. S.Babayev hazırda yüzlərlə idmançını özündə birləşdirən Paralimpiya Komitəsinin ötən dövrdə əldə etdiyi uğurlardan bəhs edib. Bildirib ki, paralimpiyaçılarımız tərəfindən indiyədək 38 olimpiya medalı qazanılıb, 2-si ikiqat olmaqla 7 nəfər Paralimpiya çempionudur.

Nazir bildirib ki, Milli Paralimpiya Komitəsinin 25 illiyi münasibətilə Komitənin əməkdaşlarının təltif edilməsi Prezident İlham Əliyevin paralimpiyaçılara yüksək diqqət və qayğısının növbəti təzahürüdür.

S.Babayev qarşıdakı Tokio Yay Olimpiya Oyunlarında da bütün idmançılarımız kimi paralimpiyaçılarımızın da yeni qələbələr əldə edəcəyinə əminliyini bildirib.

Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov Komitənin ötən 25 ildə keçdiyi inkişaf yolundan bəhs edib. Prezident İlham Əliyevin Azərbaycanda paralimpiya hərəkatının inkişafı, tarixi uğurlar qazanması naminə göstərdiyi yüksək diqqət və qayğını, böyük dəstəyi diqqətə çatdırıb.

Sonra Azərbaycan idmanının inkişafında xidmətlərinə görə dövlət başçısı tərəfindən təltif edilmiş şəxslərə orden və medallar təqdim edilib.

Mission News Theme by Compete Themes.