Press "Enter" to skip to content

Səhiyyə naziri dəyişdi: Apteklər, dərmanlar və qiymətlər… – ARAŞDIRMA

Son yeniləmə: 18 May 2021 08:11

Bayraqdar.info – “Apteklərdə qiymətlər od tutub yanır!”, “Filan dərman tapılmır”, “Səhərdən 5 aptekə dəymişəm, lazım olan dərmanı tapa bilmirəm” kimi ifadələrə yəqin ki, tez-tez rast gəlirdik.

Bu sözləri daha çox 2020-ci ildən – COVID-19 pandemiyası yayılandan eşidirik. Koronavirus əleyhinə olan dərman preparatlarının tapılmaması, tapılanda da çox baha qiymətə olması hamını narahat edən ciddi bir problemə dönmüşdü.

İnsanlar əllərində reseptlərlə aptekləri, aptek depolarını dolaşır, xəstəxanalarda, evlərdə müalicə alan xəstələr üçün dərmanları tapmağa cəhd edirdilər. Sanki gizli bir əl apteklərdə və dərman depolarında insanları qəsdən bü cür çətinliklərlə qarşı-qarşıya qoyur, ölkədə səhiyyə sisteminə qarşı güclü bir inamsızlıq və narazılıq yaradırdı.

Bu, xüsusilə də qış aylarında, soyuqdəymə və koronavirus xəstəliklərinin tüğyan etdiyi dövrdə daha çox qabarırdı. Hətta belə bir şayiə də dolaşırdı ki, guya ölkədə dərman yoxdur, çatışmır və ya gətirilmir.

Halbuki, əslində belə deyildi. Ölkəyə dərmanlar da gəlirdi, dərman depolarına da verilirdi. Amma kimlərsə məqsədli şəkildə dərmanların qiymətlərini süni şəkildə qaldırır, insanların xəstəliyindən daha çox pul qazanmaq, durumdan faydalanmaq eşqinə düşmüşdü.

Pandemiya üzündən əmək fəaliyyəti azalıb

Qeyd edək ki, pandemiya dövründə əmək fəaliyyəti 70 faizə qədər azalmış, dövlət müəssisələrində çalışanların yalnız 20-30 faizinə işə getməyə icazə verilridi. Özəl müəssisələrdə isə market və apteklər istisna olmaqla bütün sahələrdə vəziyyət donmuşdu. Restoranlar, kafelər, geyim, qab-qacaq dükanları işləmir, hamı evə qapadılmışdı. SMS icazəsi ilə 3 saatlığa evdən çıxan insanlar elə o vaxtı apteklərdə dərman axtarmaqla başa vururdular.

Səhiyyə sistemindən, aptek-dərman qiymətləri siyasətindən, effektsiz müalicələrin ölümlə nəticəsinməsindən narazı qalan insanlar bu haqda fikirlərini sosial şəbəkələrdə və digər yerlərdə açıq şəkildə bildirirdilər.

Hamı bu dözülməz vəziyyəti yaradan insanların vəzifədən kənarlaşdırılacağı günü səbirsizliklə gözləyirdi.

Nəhayət, həmin gün gəldi. Dövlət başçısının sərəncamı ilə Səhiyyə naziri Oqtay Şirəliyev vəzifəsindəın azad edildi. Onun ardınca bəzi xəstəxanalarda yoxlamalar aparılaraq cinayət işləri açıldı, baş həkimlər – həm paytaxtda, həm də rayonlarda – həbs edildi.

Qiymətlər heyrətləndirir

Sözün düzü, bizim ailədə də müxtəlif xəstəliklərdən əziyyət çəkənlər olsa da, dərmanların bahalığı ucbatından bir neçə müalicə reseptləri alınmamış qalırdı.

Mayın 16-da reseptlərdən birini götürüb Nizami metrosuna yaxın “5 Mərtəbə” tərəfədki apteklərə düşdüm. Adıçəkilən ərazidə ən azı 5 aptek fəaliyyət göstərir. Hətta Sovet dövründən qalma məşhur “Çeburaşka” apteki də bu ərazidədir. Görüb eşitdiklərimdən heyrətə düşdüm desəm yanılmaram.

Əvvəlcə, “Molekula” aptekindən bronx xəstəlikləri əleyhinə və qızdırma salan dərmanları soruşdum. “Bronxolitin”, “Bronxokeqsin”, “Bronxomunal”, “Bronchipret”, “Lazolvan”, “Mukaltin” kimi öskürək, boğaz ağrısı və soyuqdəymə əleyhinə olan bütün siroplar, koronavirus xəstələrinin müalicəsində istifadə edilən “ACC” və, “Paracetamol” kimi həblərin hamısı var idi. Qış ayında qızdırma salan, ağrıgötürən və soyuqdəyməni çıxaran “Paracetamol”un qutusunu 5 manata aldığımı xatırlayıb dərmanın qiymətini soruşdum. Qiymət məni doğrudan-doğruya heyrətləndirdi. “Paracetamol” həbinin qutusu cəmi-cümlətanı 84 qəpik idi.

Hətta Avropa istehsalı dərmanlar da var

Adlarını sadaladığım digər siroplar da 24-25-28 manatdan 12-13-14 manata düşmüşdü. Bundan başqa, bir məsələni də müşahidə etdim ki, əvvəllər apteklərdə yalnız Hindistan, Pakistan, Malayziya, Çin və Türkiyə dərmanları satılırdı. Avropa ölkələrinin dərman preparatlarını isə ya sifarişlə, ya da çətinliklə və baha qiymətə tapmaq mümkün olurdu. Mən aldığım dərman preparatlarından biri Almaniya, biri Böyük Britaniya, digəri isə Rusiya istehsalı idi.

Daha sonra yolun digər tərəfindəki aptekə keçdim. Orada da “Dokta 5 Mərtəbə Aptek”dən maraq üçün şəkər xəstəliyi əleyhinə “İnsulin”, infeksiya xəstələri üçün “Fleksomin” və ürək xəstələri üçün tromb əleyhinə olan “Kardiomaqnil” dərmanlarının olub-olmaması ilə maraqlandım.

Yeri gəlmişkən, onu da qeyd edim ki, koronavirus xəstələrinin istifadə etdiyi dərmanlardan biri də “Kardiomaqnil”dir. Onlardan başqa da bir neçə dərmanı soruşdum. Hamısı var idi. “Aha, deyəsən apteklər və dərmanlar monopoliyadan çıxır”, – düşüncəsi ilə ürəyimdən bir sevinc də keçdi.

Qeyd edim ki, əczaçıların da dərmanlarla bağlı bilgisini bəyəndim. Preparatlarla, onların tərkibi ilə bağlı sorğularıma çox peşəkar səviyyədə və savadlı cavab verirdilər. Səhiyyə sistemindən narazı olan biri kimi bu hallar məni sevindirməyə bilməzdi. Nəhayət ki, ölkəmizdə səhiyyə sistemi qaydasına salınır. İlahi, çox şükür.

…Evə gələrkən yolda dərmanla aptekdən qayıdan qonşu ilə rastlaşdım. “Monasan” həbini həmişə 6 manat 80 qəpiyə, bu gün isə eyni aptekdən həmin dərmanı 4 manat 20 qəpiyə aldığını söylədi. Təbii ki, xəstələr üçün dərmanların ucuz olması gözəl haldır. Kim xəstələnmir ki? Amma baha qiymətə müalicə olunmağa hamının gücü çatmır axı…

Bəzi apreklər suallarımızdan yayındı

Digər apteklərlə əlaqə saxladım. Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən “Bizim Aptek”dən dərman qıtlığı ilə bağlı heç bir problem yaşamadıqlarını bildirdilər. Hətta “Paracetamol”un qutusunun 30 qəpiyə, “Kardiomaqnil”in 3 manat 50 qəpiyə oldugunu bildridilər (əməllicə təəccüb qalmışam – S.Ə.). Digər dərman və siropların mərkəzə nisbətən Lökbatan qəsəbəsində daha ucuz olduğunu eşitdim.

Telefon açdığım digər apteklərdən Yasamaldakı “Nizami”, “Lutemax”, “Okean”, Səbail rayonu ərazisində yerləşən “Tonus”, “Hippokrat”, Nəsimi rayonu ərazisində yerləşən “Kapsula”, “Bakı”, Nərimanov rayonunda yerləşən “Avis” apteki, şəhərin müxtəlif yerlərində fəaliyyət göstərən “Zəfəran” Apteklər Şəbəkəsindən telefonla məlumat verməkdən yayındılar. Müxtəlif bəhanələr gətirdilər ki, guya rəhbərlik yerində yoxdur.

Apteklərdə dərmanların tapılması və qiymətlərin enməsi bizi sevindirsə də hər aptekin dərmanları istədiyi qiymətə satması yaxşı hal deyil.

Hər şeyə rəğmən apteklərdə yaxşı mənada baş verən bu dəyişikliyin yeni təyin edilmiş Səhiyyə naziri əvəzi Teymur Musayevlə əlaqəli olduğunu düşünürəm. Bundan başqa, ümid edirəm ki, yaxın vaxtlarda bütün dərmanların qiymət siyasətinə ciddi nəzarət ediləcək. Nazirlikdə Apteklərə Nəzarət Şöbəsi bu məsələni daim nəzarətində saxlayacaq, dərmanların standart – bütün apteklərdə eyni qiymətə satılmasının da şahidi olacağıq.

Qeyd: Bayraqdar.info olaraq, məsələni nəzarətdə saxlayacaq və yenidən mövzuya qayıdacağıq.

Mission News Theme by Compete Themes.