Press "Enter" to skip to content

Erməni liderdən Azərbaycanın uzaqgörən siyasətinin etirafı – VİDEO

Azər Həsrət

Prezident İlham Əliyev mayın 20-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin “Cənubi Qafqaz: Regional inkişaf və əməkdaşlıq perspektivləri” adlı müzakirələrində bir çox maraqlı fikirlər səsləndirmişdi. Onlardan biri də Ermənistanın da belə müzakirələrə cəlb edilməsilə bağlı idi. Yəni Azərbaycanın rəhbəri hesab edir və mümkün sayır ki, Ermənistan da məhz bu cür dinc – masa arxası müzakirələrə cəlb edilməlidir.

Prezidentin bu fikrinin ardından jurnalist həmkarlarımdan biri mənə sualla müraciət etdi ki, “sizcə, Ermənistandan kim bu cür müzakirələrə dəvət edilə bilər?” Çox düşünmədən cavab vermişdim ki, Ermənistanın keçmiş Prezidenti Levon Ter-Petrosyan.

Səbəbsiz deyildi bu fikrim. Çünki 1988-ci ildən üzü bəri ictimai-siyasi proseslərin içində olan birisi kimi bütün bu dövrü yaxından izləmiş, kimin nə vaxt necə davrandığını yaddaşıma köçürmüşəm. Bir az mübaliğəli çıxsa da deyim ki, insanları – siyasət adamlarını seçməklə bağlı çətinlik çəkmirəm. O baxımdan müstəqillik dönəmində Ermənistanın ən rasional lideri kimi L.Ter-Petrosyan ağlımda qalıb.

L.Ter-Petrosyanın üzərində durmağım həm bu məqam, həm də adamın konkret bir fikrilə bağlıdır. Hələ ulu öndər Heydər Əliyev hakimiyyətdə olduğu dövrdə L.Ter-Petrosyan ermənilərə deyirdi ki, “gəlin, Azərbaycanla anlaşaq. Zaman bizim əleyhimizə işləyir. Bu gün şərtlər bizim üçün əlverişlidir. Bir gün gələcək Azərbaycanın alçaldıcı şərtlərinə boyun əyməli olacağıq”. (Aradan illər keçdiyi üçün onun sözlərini olduğu kimi təqdim etdiyimə çox da əmin deyiləm. Lakin fikir olduğu kimi təqdim edilir. – A.H.)

L.Ter-Petrosyanın belə düşünməsi səbəbsiz deyildi. Birinci səbəb onun rasional düşüncə sahibi olmasıydısa, ikinci səbəb də daha uzağı görə bilmə qabiliyyəti idi. Adam reallıqları düzgün dərk edir, Azərbaycanın H.Əliyevlə sürət götürməkdə olduğunu fərq edirdi. Anlayırdı ki, aradan illər keçəndən sonra işğalçı Ermənistan dizə gətiriləcək. Ona görə də o dövr üçün sahib olduqları üstünlükdən istifadə edib daha səmərəli razılaşmaya can atmalı olduqlarını bildirirdi.

Lakin ani qələbədən gözü dönmüş ovaxtkı Ermənistan rəhbərliyi burnundan uzağı görəcək qədər belə ağıl sahibi deyildi. Onlar L.Ter-Petrosyandan fərqli olaraq illər keçdikcə Azərbaycanı daha da dizə gətirəcəklərini sanırdılar.

Hətta onu da xatırlayırıq ki, 25 yanvar 2001-ci ildə Azərbaycan və Ermənistanın Avropa Şurasına üzv qəbul edilməsinin ardından iki ölkə prezidentinin keçirdiyi mətbuat konfransında işğalçı dövlət hansı təkəbbürü sərgiləmişdi. O dövrdə ölkənin prezidenti olan Robert Köçəryan iddialı şəkildə deyirdi ki, “Azərbaycan baş tutmuş Dağlıq Qarabağ dövləti gerçəyini qəbul etməlidir”.

O da yadımdadır ki, ulu öndər H.Əliyev bu iddiaya özünəməxsus təmkinlə cavab vermişdi. Onda bəlkə də çoxumuz düşünürdük ki, Ermənistan artıq məsələni həll edib. Lakin H.Əliyevin təmkin və qətiyyəti ümidlərimizin yaşamasının səbəbinə çevrilmişdi.

Bu uzun girişdən sonra əsas mətləbin üzərinə gəlirik.

Bugünlərdə sözügendən erməni lider L.Ter-Petrosyan geniş bir müsahibə verib. Erməni dilindədir. Dostlar sağ olsun, tərcüməsini təmin etdilər. Aradan illər keçib, reallıqlar başqadır, lakin L.Ter-Petrosyan yenə də əvvəlki kimi rasional düşüncə sahibi olaraq qalır.

Müsahibədə çox məqamlar diqqət çəkir. Büsbütün Azərbaycanla münasibətlərə həsr edilib. Erməni lider illər öncə olduğu kimi yenə də öz millətinə işarə edir ki, Azərbaycanla anlaşmaq lazımdır! Bunu nə qədər tez anlasalar, bir o qədər yaxşıdır. Adam rasional düşünür!

Lakin bizim üçün dah çox diqqət çəkən odur ki, L.Ter-Petrosyan bu müsahibə ilə Azərbaycanın seçdiyi taktikanı və ümumilikdə strategiyanı dəyərləndirmiş olur. O, bir zamanlar vaxtın Azərbaycanın xeyrinə işlədiyi haqqında deyilənləri doğrulayır. Eyni zamanda istər H.Əliyev, istərsə də indiki Prezident İlham Əliyevin ağıllı dövlət başçısı olduqlarını təsdiqləyir.

Öz ölkəsinin vətəndaş müharibəsinin az qala içində olduğunu deyən L.Ter-Petrosyanın bu müsahibəsi az-çox müdrikliyi olan siyasi liderlər üçün yol xəritəsi rolunu oynaya bilər. O, burada yenə də uzaqgörənlik edir və Ermənistanın daha böyük fəlakətlər yaşamaması üçün, əslində çıxış yolunu göstərir.

Bizim illərdir Ermənistanın daxilindəki bərbad durumla bağlı dediklərimizi L.Ter-Petrosyan bu müsahibəsində dönə-dönə təsdiqləyir. Biz deyirdik ki, işğalçı dövlətə rəhbərlik edənlər naşı və burnundan uzağı görməyənlərdir. Onlar ani üstünlüyü əbədi üstünlükdən ayırd edə biləcək ağla sahib deyil.

Hələ onu da əlavə edək ki, bizim bu fikirlərimiz Azərbaycandakı müxalifətin radikal qanadı və xaricdə oturub dövlətimizin ən öndə gələn xadimlərini söyməklə məşğul olanların da qımışmasına səbəb olurdu. Hətta belə fikirlərimizi lağlağıya çevirir, bizi sosial media üzərindən linç edirdilər. Lakin biz də dövlətimizə, özəlliklə də onun lideri İlham Əliyevə güvəndiymiz üçün bütün bunlara təmkinlə dözür, o möhtəşəm zəfər gününü gözləyirdik.

İndi Ermənistanın az-çox ağlı başında olan, həqiqətən də rasional düşünə bilən siyasi lideri Azərbaycanın illərdir dediklərinin əməldə doğrulandığını etiraf edir. Etiraf etməklə qalmır, öz ölkəsinin siyasi rəhbərliyinə Azərbaycanla hesablaşmağın vacibliyini anladır.

Buradan belə nəticə çıxarmaq olar ki, Prezident İlham Əliyevin uzaqgörən stragiyası artıq bir gerçəklik kimi qəbul edilir və başqa yolu da yoxdur. Təcavüzkar Ermənistan da bunu nə qədər tez anlasa bir o qədər yaxşı olar. Ermənistanla bərabər həm də Azərbaycandakı radikal qaragüruhun nəhayət ki, İ.Əliyevin strateji dühasıyla hesablaşması vaxtı çatıb.

Yeri gəlmişkən, L.Ter-Petrosyanın müsahibəsi media müstəvisində geniş yayılıb müzakirələrə səbəb olmaqdaykən Azərbaycan Prezidenti İ.Əliyev Ağdamda təməlatma mərasimlərindən gələcəklə bağlı çox önəmli ismarıclar verməkdəydi. Necə ki, illər öncə Qarabağın azadlığına qovuşub inkişaf yoluna qədəm qoyacağıyla bağlı ismarıclarına inanmışdıq, Müzəffər Ali Baş Komandan, Prezident İ.Əliyevin bu ismarıclarına da heç tərəddüd etmədən inandığımızı ifadə edirik.

Sonda əlavə edək ki, 2001-ci ildə R.Köçəryanın Dağlıq Qarabağı baş tutmuş “dövlət” kimi təqdim etməsi əks effekt verdi. H.Əliyevin təmkinlə təməllərini atdığı strategiya İ.Əliyevin eyni təmkinli siyasəti nəticəsində uğurla sonuclandı. Və indi nəinki Dağlıq Qarabağın, heç Ermənistanın özünün də baş tutmamış dövlət olduğu aşkar oldu…

Mission News Theme by Compete Themes.