Press "Enter" to skip to content

Levon Ter-Petrosyanın etirafları: Ermənistanda matəm ovqatı var

Müşfiq Ələsgərli

26-28 may tarixləri Cənubi Qafqaz ölkələrində bayram günləridir. 1918-ci ilin bu təqvimində region xalqları Rusiya imperiyasının yüz illik əsarətindən qurtularaq özlərinin müstəqil dövlətlərini elan ediblər.

Mayın 26-da Zaqafqaziya Seyminin son iclası keçirilib, onun buraxılması barədə qərar qəbul edilib. 3 gün ərzində indiki Gürcüstan, Azərbaycan və Ermənistan respublikalarının əsası qoyulub, müstəqillikləri elan edilib.

Mahiyyət etibarilə bu təqvim ermənilər üçün ikiqat bayram olmalıdır. Çünki Gürcüstan və Azərbaycan tarixən mövcud olmuş dövlətlərini 26-28 may təqvimində yeni formatda bərpa ediblər. Ermənilər isə Cənubi Qafqazda ilk dəfə dövlət qurublar, bu regionda öz mövcudluqlarını ilk dəfə rəsmiləşdiriblər.

Amma Azərbaycandan fərqli olaraq bu günlərdə Ermənistanda bayram deyil, matəm ovqatı duyulur, insanları təşviş, narahatlıq, həyəcan müşayət edir. Səbəb ölkənin taleyi ilə bağlı yaranmış qeyri-müəyyənlikdir. 30 il müddətində qalibiyyət imitasiyası, yalançı vədlərlə uyudulmuş erməni xalqı qəfildən fərqli situasiyaya düşüb.

Məsələ təkcə 44 günlük müharibəni uduzmaqda, Azərbaycandan qoparılmış torpaqların sahibinə qayıtmasında, 10 minə yaxın canlı itki verilməsində deyil. Ümumilikdə Ermənistan Respublikasının gələcəyi ilə bağlı məchul baxış var.

Ölkənin birinci prezidenti, 1991-1998-ci illərdə Ermənistana rəhbərlik etmiş Levon Ter-Petrosyan mayın 27-də mediaya geniş müsahibə verib. Bu müsahibədə Ermənistanın mövcud durumu və perespektivləri barədə danışıb. L.Ter-Petrosyan etiraf edib ki, Ermənistanın mövcud durumu ağır olduğu kimi, gələcəyi də şübhəlidir; heç bir siyasi qrupda ölkənin gələcəyi barədə aydın təsəvvür yoxdur.

Jurnalist sual verir: “4 il yarımdan sonra rus sərhədçiləri buranı tərk edə bilərlər. Onlar uzaqlaşdıqda nə edəcəyik? İlham Əliyev deyir ki, Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyın ki, sülh müqaviləsi əldə edək. Bəs, bizim qətnamə hansıdır?”.

Ter-Petrosyanın bu suala cavabı isə həm mövcud Rusiya-Ermənistan münasibətlərinin, həm Ermənistan siyasi çevrələrinin, həm də Nikol Paşinyanın durumunun görünməyən tərəflərini açır: “Hamı deyir ki, bilmirəm. Bəs, bilmək üçün nə etmək lazımdır? Hər şeydən əvvəl rusların proqramını bilməliyəm. Rusiya isə heç bir proqramını açıqlamır. Rusiyanın Ermənistan Respublikasında təmas qurduğu bir insan var, o da ölkənin baş naziridir.

“Düzdür, mənim də əlaqələrim var, səfirlə görüşürəm. Robert Köçəryanın Moskva ilə daha çox əlaqələri var. Amma nə mənə, nə də Koçaryana konkret heç nə demirlər. Bu gün Ermənistan Respublikasına cavabdeh olan şəxs Nikol Paşinyandır, ona deyirlər.

“Təbii ki, Paşinyana deyilənlər Qarabağda, bu regionda edəcəkləri planlarla bağlıdır. Paşinyanın isə başqa problemi var: o hətta başa düşmür ki, ruslar nə demək istəyirlər”.

Ter-Petrosyan növbəti sualların cavablarında da Ermənistanın mövcud rəhbərlərinin, konkret olaraq Nikol Paşinyanın siyasi səriştəsizliyi mövzusuna qayıdır.

Jurnalist sual verir ki, “bu gün əsirlərimiz, qurbanlarımız var, KTMT-yə müraciət etmişik, konkret cavab yoxdur. Lavrov delimitasiya və demarkasiya təklif edib, nə düşünürsünüz?”.

Petrosyan isə cavabında bütün “sirlərin” Paşinyanda gizləndiyini qeyd edir: “Ola bilsin ki, Nikola bütün bunlar barədə nə isə deyirlər, lakin o, dərk etmir. Konkret fikir söyləmək üçün danışıqlarda iştirak etməliyəm”.

Keçmiş prezident Ermənistanın vətəndaş müharibəsi həddinə çatdığını və bunun çox acı nəticələr verə biləcəyini proqnozlaşdırır: “Bu seçkilər ola bilsin ki, vətəndaş müharibəsinə də sövq edə bilər. Müxalifət və iqtidar ölüm-olum savaşı qarşısınadır. Təhlükəlidir. Pis hakimiyyətlər, diktarorlar olur, lakin onlardan yaxa qurtarmaq mümkündür. Ölkə üçün ən təhlükəlisi vətəndaş müharibələridir”.

Keçmiş prezident təkcə Nikol Paşinyanı deyil, ölkəyə uzun müddət rəhbərlik etmiş Serj Sarqsyan və Robert Köçəryanı da tənqid edir. Onları eyforiyaya qapılmaqda, vəziyyəti düzgün dəyərləndirməməkdə ittiham edir: “Robert Koçaryan zamanında fikirləşməli idi ki, nəyə görə Azərbaycan tərəfi bütün təklifləri rədd edir. Deməli, Azərbaycan əmin idi ki, zaman onun xeyrinə işləyir. Həmin insan bu adi məsələni dərk edə bilmədi.

“Burada siyasi fikir yoxdur. Əgər problemin varsa, gərək qarşındakının fikirlərini biləsən. Gördünüz ki, zaman Azərbaycanın xeyrinə işlədi. Azərbaycan iqtisadi baxımdan gücləndi, Ermənistan isə zəiflədi; Azərbaycan müasir ordu yaratdı, bizim ordu isə miqrasiya səbəbindən kiçildi. Gizli olan məsələlər var ki, onlardan danışmıram, indi bizim ordunun sayı 90-cı illərdəkindən azdır. İndi nəyə ümid edirlər?”

L.Ter-Petrosyan Ermənistanın indiki və keçmiş rəhbərlərindən fərqli olaraq Azərbaycan rəhbərlərinin, xüsusən Heydər Əliyev və İlham Əliyevin düşünülmüş, uzaqgörən və sistemli siyasət yürütdüklərini etiraf edir: “Aramızdakı balans Azərbaycanda beynəlxalq neft konsorsiumu yarananda pozuldu. Bundan sonra – 1997-98-ci illərdə H.Əliyevin sözü dəyişdi. Lissabon sammitində masada Qarabağ haqqında adi bir sənəd qoyulmuşdu. Yəni, ATƏT Qarabağ münaqişəsinin tənzimlənməsi məsələsində əsas rola malik idi.

“Həmin bəyannamə müzakirə olunan zaman Vardan Oskanyan da orda idi. O, bizi əmin etdi ki, hər şey öz qaydasındadır. Biz Lissabona çatanda Oskanyan bizi qarşıladı, onun rəngi qaçmışdı, kəkələyərək bildirdi ki, ötən gün Amerika yeni qətnamə təklif edib və bunu bizdən başqa hamı ilə razılaşdırıb. Mən veto qoydum.

“Həmin qətnamənin Klintonun masasına necə çatması haqqında da məlumatlı idim. Bunu Texasın neft lobbisi etmişdi. Onlar bildirmişdilər ki, Əliyev bizdən xahiş edib, belə sənəd Lissabonda təsdiq edilməlidir. Həmin vaxtdan Azərbaycan tərəfi müəyyən dərəcədə bundan ruhlandı, artıq xarici qüvvələrin köməyi ilə öz məqsədlərinə çata bilərdi. Bundan sonra danışıqlarda müəyyən razılığa gəldikdə, Əliyev onlardan imtina edirdi ki, bizə sərf etmir. Artıq onlar dərk etmişdilər ki, zaman onların xeyrinə işləyir və haqlı da çıxdılar. Ermənistan isə uduzdu”.

Petrosyan bu yerdə Ermənistanı məğlub və təhlükəli vəziyyətə saldığına görə Azərbaycanı “dostyana” qınayır: “Dərk edə bilmirəm ki, qələbədən sonra Azərbaycan tərəfi nəyə görə belə addımlar atır? Çünki qələbə qazanan tərəf böyük qəlbli olur, yəni məğlub olan rəqibə qarşı daha insaflı davranır. Bütün müharibələrdən sonra qalib tərəf məğluba qarşı nifrət-kin saxlamır, əksinə, məğlub tərəf nifrət edir… Əliyev əmindir ki, Nikol bu seçkilərdə qalib gəlməyəcək və onun zəifliyindən istifadə edərək, daha çox ərazi almağa can atır”.

Müsahibədə diqqət çəkən daha bir məqam var. Levon Ter-Petrosyan Ermənistanın əzilmiş, yıxılmış durumdan çıxarılması üçün təkliflər verir. Hesab edir ki, erməni xalqı miflərdən can qurtarmalı, qonşulara qarşı ərazi iddialarını unutmalı, xəyalındakı “Böyük Ermənistan” ideyasını silməli, gerçəklikləri nəzərə almalıdır: “Reallıq. Dənizdən-dənizə Ermənistan, Kürdən-Araza respublika xəyallarından əl çəkmək lazımdır. İnsan hakimiyyətə gəldiyində bilməlidir ki, Ermənistanın vəziyyəti necədir, qonşuları ilə hansı problemləri var, hansı xarici çağırışlarla üzləşir və realist yollarla bu problemləri həll etməyə cəhd göstərməlidir.

“Xəyallar qurmaq yetkin olmayan cəmiyyətlərə xasdır. Böyük dövlətlər ətrafında nəhəng institutlar, analitiklər, araşdırıcı təşkilatlar işləyirlər və hər bir detala diqqət yetirilir. Yəni, siyasi addımlarının xeyir və ziyanlarını müqayisə edirlər. Dövləti idarə etməyə qadir olmayan insanlar hələ düşüncə tərzinə uyğunlaşmayıblar”.

Mission News Theme by Compete Themes.