Press "Enter" to skip to content

Türkiyə ilə qarşılıqlı dəstək davam edəcək

Son yeniləmə: 31 May 2021 16:29

Bayraqdar.info – Prezident İlham Əliyev mayın 30-da Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Bekir Şahinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb. Prokurorluq orqanlarının həyata keçirdiyi əməkdaşlığın bu münasibətlərin inkişafı baxımından önəmi qeyd olunub.

Bayraqdar.info Prezidentin Mətbuat Xidmətinə istinadla bildirir ki, söhbət zamanı Türkiyənin bu sahədəki təcrübəsinə toxunulub. Azərbaycanda prokurorluq sahəsində aparılan islahatlardan danışılıb.

Görüşdə əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Mayın 31-də isə Bekir Şahinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Baş Prokuroru Kamran Əliyevlə görüşüb.

K.Əliyev Prezident İ.Əliyevin rəhbərliyi ilə ölkəmizdə həyata keçirilən məhkəmə-hüquq islahatlarından söz açıb. Prokurorluq orqanlarının fəaliyyətinin hərtərəfli müasirləşdirilməsi, kadr korpusunun tamamilə yenidən formalaşdırılması istiqamətində aparılan köklü islahatlardan danışıb.

B.Şahin ölkəmizi və xalqımızı qazanılmış qələbə münasibətilə təbrik edib, Vətən uğrunda canlarından keçmiş şəhidlərə rəhmət diləyib.

Bayraqdar.info Baş Prokurorluğun Mətbuat Xidmətinə istinadla xəbər verir ki, B.Şahin təmsil etdiyi qurumun Azərbaycan ilə əlaqələrin inkişafına böyük önəm verdiyini bildirib. O, iki ölkə arasında mövcud iqtisadi, siyasi, sosial, mədəni əlaqələrin yüksək səviyyədə olmasını və bunun məntiqi nəticəsi kimi xalqlarımızın üzləşdiyi bütün məsələlərdə bir-birinə dəstək verməsini xüsusi vurğulayıb.

Görüşdə hüquqi sahədə əməkdaşlıq üzrə faydalı fikir mübadiləsi aparılıb. Qarşılıqlı səmərəli fəaliyyətin bundan sonra da uğurla davam etdiriləcəyinə əminlik ifadə olunub.

Baş prokurorlar ölkələrimiz arasında beynəlxalq hüquqi əməkdaşlığın gücləndirilməsi, mövcud əlaqələrin daha da intensivləşdirilməsi, hüquqi əlaqələrin dərinləşdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalayıb.

Beynəlxalq hüquqi əməkdaşlıq, ekstradisiya, prokurorların təlimi və digər əhəmiyyətli məsələlərin davam etdiriləcəyinə əminlik ifadə olunub.

Dövlətlərarası sənədlərin imzalanması mərasimindən sonra Kamran Əliyev və B.Şahinin mətbuat konfransı keçirilib.

Nümayəndə heyəti daha sonra Baş Prokurorluğun Tarix muzeyi ilə tanış olub.

Mission News Theme by Compete Themes.