Press "Enter" to skip to content

Tütündən imtina etmək elə də çətin deyil

Bayraqdar.info – 1988-ci ildə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Assambleyasının 42-ci sessiyasında 19 saylı qətnamə ilə 31 may Ümumdünya Tütünsüz Günü elan edilib.

Tütünün insan orqanizminə vurdugu zərərlərlə bağlı Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzinin İctimai Sağlamlıq Şöbəsinin müdiri Tofiq Musayev sehiyye.gov.az saytına verdiyi müsahibədə gərəkli məqamlara toxunub.

Nazirlikdən bayraqdar.info-ya daxil olan müsahibəsində T.Musayev hər il qeyd eidlən bu günün tütün epidemiyasına və onun yaratdığı qarşısı alına bilən xəstəliklərə və ölüm hallarına diqqətin artırılmalı oldugunu deyir: “Bu Günün qeyd edilməsi tütündən istifadənin təhlükələrindən, tütün epidemiyasına qarşı aparılan mübarizədən, gələcək nəsillərin qorunmasından xəbər verir. Tütün dünyada böyüklər arasında on nəfərdən birinin ölümünə səbəb olur və səkkiz aparıcı ölüm səbəbinin altısı üçün risk amilidir. Hər il 8 milyondan çox insan tütün tüstüsünün təsiri nəticəsində yaranan xəstəliklərdən həyatını itirir. Onlardan 1 milyonu ətrafa yayılan ikincili tüstüsü ilə nəfəs alan tütünçəkməyən insanlardır”.

T. Musayev qeyd edib ki, bu il ÜST bu Günün mövzusunu “Tütündən imtina etmək vaxtıdır” adlandırıb.

O, bildirib ki, COVID-19 pandemiyasının başlaması ilə milyonlarla tütün istifadəçisi tütün asılılığını aradan qaldırmaq istədiklərini deyir. Tütün tüstüsünün təhlükələri barədə əhalinin məlumatlandırılması insanların tütündən imtina etməsi üçün daha sağlam mühitin yaradılmasına kömək edəcək.

“Məlumdur ki, tütündən istifadə güclü asılılıq yaradır. Bilmək vacibdir ki, insanların əksəriyyəti siqaret çəkmir, çəkənlərin çoxu isə bu vərdişdən imtina etmək arzusundadır. Onlar siqaret çəkməni əsasən öz istəyi ilə yox, tütün məmulatlarında mövcud olan nikotindən yaranmış asılılıq səbəbindən edirlər. Ona görə də bu zərərli vərdişdən imtina etmək istəyənlər ilk növbədə əmin olmalıdırlar ki, tütün çəkmədən xilas olmaq mümkündür və dünyada milyonlarla insan bunu bacarıb”, – deyə şöbə müdiri qeyd edib.

O, həmçinin onu da bildirib ki, Azərbaycanda tütündən imtina etmək istəyənlərə dəstək olmaq məqsədilə 1 fevral 2021-ci il tarixdən “qaynar xətt” (+994 050 800 70 45) fəaliyyətə başlayıb. Qaynar xətt Nazirliyin İctimai Səhiyyə və İslahatlar Mərkəzi tərəfindən idarə edilir. Tütündən asılılığı olan və tütün çəkmədən imtina etmək istəyən şəxslər “qaynar xətt”ə zəng edərək peşəkar tibbi-psixoloji məsləhət ala bilər. Bu günədək ölkəmizin demək olar ki, bütün bölgələrindən yüzlərlə vətəndaş bu xidmətdən faydalanıb.

T.Musayev vurğulayıb ki, zəng edənlərin və ya bu nömrəyə votsapla müraciət edənlərin anonimliyi qorunur, onlara dair şəxsi məlumatlar heç bir halda paylaşılmır. Hər bir müraciətə fərdi yanaşılır, sualları cavablandırılır və tütündən imtina etmək istəyən hər kəsə lazımi psixoloji-tibbi tövsiyə verilir.

Eyni zamanda, ÜST ölkə ofisinin dəstəyi ilə Mərkəz tərəfindən 2018-ci ildə əhalinin istifadəsi üçün “Tütündən imtina et” mobil aplikasiyası hazırlanaraq istifadəyə verilib.

T.Musayev qeyd edib ki, mobil əlavəni işə salan zaman gün ərzində çəkilən siqaretlərin orta sayı, onların qiyməti kimi müəyyən məlumatlar daxil edilir. Proqram da öz növbəsində tütün çəkmədən imtina müddətini, qənaət edilən vaxtı və pulu göstərir. Burada nikotindən asılılıq testi, tütün çəkmənin zərərləri haqqında məlumat, bununla əlaqəli yanlış düşüncələr və digər faydalı məlumatlar da mövcuddur.

Mission News Theme by Compete Themes.