Press "Enter" to skip to content

Formula-1 post-pandemiya dövründə inkişaf üçün mühüm fürsətdir

Müşfiq Ələsgərli

2019-cu il Azərbaycanın turzm sektoru üçün ən müvəffəqiyyətli il olub. Həmin il ərzində ölkəmizə 3 milyon 170 min nəfər turist gəlib. Bu, ötən illərə nisbətdə yüksək gösəricidir, təkcə 2018-ci illə müqayisədə 11% artım deməkdir.

Turizmin dünya iqtisadiyyatında payı ÜDM-nin 9-10 faizi qədərdir. Bu mənada turizm istənilən ölkə üçün əhəmiyyətli gəlir mənbəyidir. Hər bir ölkə bu sahədən pay götürmək üçün uzunmüddətli rəqabət aparır. Ölkəmiz isə rəqbətə yeni qoşulanlar sırasındadır. Azərbaycanda ixtisaslaşmış turizmin inkişafı üzrə proqramların hazırlanmasının tarixi 2000-ci illərdən sonrakı dövrə təsadüf edir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2002-ci ildə təsdiq edilmiş “Azərbaycan Respublikasında 2002-2005-ci illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nı bu yöndə ilk baza sənədi kimi qəbul etmək olar.

Buna baxmayaraq, ölkə turizm sənayesinin inkişafı sahəsində rəqib ölkələrin keçdiyi yolu çox qısa müddətdə adlaya bilib. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında 2011-in “Turizm ili” elan edilməsi haqqında” Sərəncam imzalaması, həmçinin, “Azərbaycan Respublikasında 2010-2014-cü illərdə turizmin inkişafına dair Dövlət Proqramı”nın qəbul olunması turizm sənayesinin inkişafnı stimullaşdırıb. Görülən işlərin nəticəsidir ki, 2011-ci ildən 2016-cı ilədək olan müddətdə Azərbaycana gələn xarici ölkə vətəndaşlarının sayının illik 8,5 dəfə artması təmin edilib. Yəni, 2002-ci ildən keçən qısa zaman kəsiyində turizm sahəsində ciddi nailiyyətlər qazanılıb. Müqayisə üçün bildirək ki, 2002-ci ildə ölkəyə gələn turistlərin sayı cəmi 834 min 351 nəfər olub. 2016-cı ildə bu rəqəm 2 milyon 242 min nəfərə qədər yüksəlib. 2019-cu ildə isə 3 milyon 170 min nəfərə çatıb.

Formula-1-in Azərbaycana gətirilməsinin səbəbi

Azərbaycan turizmə mövsümi hadisə kimi deyil, iqtisadiyyatın diversifikasiyası üçün mühüm element olaraq yanaşır. Ölkə iqtisadiyyatının inkişaf strategiyasında turizm prioritet istiqamət olaraq nəzərdə tutulub. İxtisaslaşmış turizmin yaradılması “iqtisadi inkişaf strategiyası”nda istinad edilən 11 sektordan (8 əsas, 3 yardımçı olmaqla) biridir. Azərbaycan 2025-ci ilədək dünyada turistlərin ən çox üstünlük verəcəyi 20 ixtisaslaşmış turizm məkanından birinə çevrilməkdə iddialı olub.

Qurulan proqramlardan gözləntilər bu idi ki, ilk mərhələdə Azərbaycanda real Ümumi Daxili Məhsul turizm sektorundan götürülən gəlirlər əsasında 465 milyon manat artsın. Ümumilikdə 35 min, bilavasitə turizm sektorunda isə 25 min iş yeri yaradılsın. Növbəti mərhələlərdə isə daha böyük nailiyyətlərə imza atılsın.

Digər ölkələrdən gələn turistlərin kəmiyyətini artırmaq üçün ölkədə çeşidli proqramlar həyata keçirilib. Bu sırada beynəlxalq brend tədbirlərin Azərbaycanda keçirilməsi də var. “Bakı – 2015 Birinci Avropa Oyunları”nın, “İslam Həmrəylik Oyunları”nın Bakıda keçirilməsinin, “Baku Shopping Festival”ın təşkil edilməsinin məqsədlərindən biri də turizm üzrə gözlənilən hədəflərə çatmaq olub. “Formula-1” də bu strategiyanın mühüm tərkib hissələrindən biridir.

“Formula-1” yarışları ölkəyə turist axını təşkil etmək, valyuta cəlb etmək üçün potensiallı proqramlardan biridir. Dolayısı ilə həm də yeni iş yerlərinin yaradılmasını, könüllülük hərəkatının inkişafını stimullaşdırır. “PricewaterhouseCoopers” (PWC) beynəlxalq audit şirkətinin 2017-ci ilin sonlarında apardığı müstəqil araşdırmanın nəticələrinə görə, Bakıda keçirilmiş ilk 2 Formula-1 yarışı ölkə iqtisadiyyatına ümumilikdə 277.3 milyon dollar gəlir gətirib. Nəzərə alaq ki, yarışların bir dəfə keçirilməsi təqribən 50 milyon dollar xərc tələb edir, 2 il üçün isə 100 milyon dollara başa gəlir. Götürülən gəlir isə bundan təqribən 2,5 dəfə çoxdur.
“Formula-1” Azərbaycan Qran-prisi könüllülük hərəkatının inkişafına mühüm töhfə verir, gənclərimzin daxili potensialının açılması, onların öz bacarıqlarını nümayiş etdirməsi üçün əlverişli şərait yaradır. Statistikaya əsasən, 2016-cı ildə bu yarışlara 5 min, sonrakı illərdə isə 3 min könüllü cəlb edilib.

2018-ci ildə Formula-1 Azərbaycan Qran-prisində ümumilikdə 94 min tamaşaçı iştirak edib. Bununla yanaşı, Formula-1 onlarla ölkədə nümayiş etdirilir, bütün dünyada 500 milyonluq izləyici auditoriyasına malikdir. 2019-cu il yarışmasını izləmək üçün 78 ölkədən avtoidman həvəskarı Azərbaycana gəlmişdi.

Formula-1 Pandemiya dövrünün ətalətindən qurtulmaq üçün fürsətdir

COVID-19 pandemiyası həyatın bütün sahələri kimi iqtisadiyata, xüsusən, turizm sektoruna da ciddi zərbələr vurub. Bircə faktı qeyd edək ki, 2020-ci il müddətində Azərbaycana cəmi 756 min 800 nəfər əcnəbi və ya vətəndaşlığı olmayan şəxs gəlib. Bu, 2019-cu illə müqayisədə 3,9 dəfə aşağı göstəricidir. 2021-ci ilin əvvəli üçün də eyni vəziyyətdir.

Azərbaycanda COVID-19 pandemiyası ilə mübarizə çərçivəsində həyata keçirilən tədbirlər olduqca müsbət nəticələr verir, məhdudiyyətlər aradan qaldırılır və ölkəmiz artıq post-COVID dövrünə hazırlaşır.

Post-pandemiya dövründə turizmin inkişaf etdirilməsi və əvvəlki göstəricilərin bərpa edilməsi qarşıda duran vacib məsələlərdəndir. Pandemiyadan əvvəl çoxsaylı beynəlxalq tədbirlərə ev sahibliyi etmiş Azərbaycan indi yenidən bu statusunu qaytarmağa hazır dayanır. Azərbaycan post-COVID dövrünün turizm mövsümünə və Qarabağı böyük “turizm cənnəti”nə çevirməyə hazırlaşır. Bu baxımdan 500 milyon nəfərlik auditoriyanın izlədiyi dünyaca məşhur Formula-1 yarışının, ardınca futbol üzrə Avropa çempionatının 4 oyununun Azərbaycanda keçirilməsi ölkənin təbliğatında, turİzm potensialının bərpa edilməsində əhəmiyyətli rol oynayacaq. Azərbaycanın müharibədən cəmi 6 ay sonra dünya əhəmiyyətli yarışa ev sahibliyi edə bilməsi ölkəmizin gücünü, qüdrətini, çevik toparlanma qabiliyyətini göstərir.

Əlbəttə, yarışın paytaxt sakinləri üçün yaratdığı texniki problemlər də var. F1 yarışlarının və futbol oyunlarının keçirildiyi günlərdə bəzi yolların bağlanması gündəlik qrafikə təsir göstərir. Amma bütün bunlar müvəqqəti çətinliklərdir, keçicidir, mötəbər idman tədbirlərinin gətirdiyi dividentlərlə müqayisədə görünməzdir. Formula-1 post-pandemiya dövründə inkişaf üçün açılan bir qapıdır. Bu qapıdan keçmək zərurətini anlayışla qarşılayaq.

Mission News Theme by Compete Themes.