Press "Enter" to skip to content

“Payitaht Abdülhamid”in ölüm ayağında belə türklük davası – VİDEO

Son yeniləmə: 5 İyun 2021 22:45

Azərbaycan tamaşaçılarının da sevə-sevə izlədiyi “Payitaht Abdülhamid” iyunun 4-də 154-cü bölümüylə sona çatdı. Sonluq acı oldu. Ağır oldu. Abdülhamidin ölümüylə bitdi bu sevimli serial.

TRT-nin digər möhtəşəm serialları kimi bu serial da türk insanına kimliyini xatırlatdı. Bəzən unutduğumuz, unutduğumuz üçün əziyyətini çəkdiyimiz məsələləri “Payitaht Abdülhamid” bu 154 seriyada təkrar-təkrar bizə xatırlatdı.

Təbii ki, bu film haqqında uzun-uzun, günlərlə danışmaq və yazmaq olar. Peşəkar oyunçulardan tutmuş yüksək səviyyəli rejissor həllərinə qədər hər şey möhtəşəmdi bu serialda. Həftədə bir dəfə 3 saat ərzində onun bir parçasına baxan insan özünü istər-istəməz o günlərin içində sanır.

Filmin tanıtma-bilgiləndirmə yönü möhtəşəmdir. Bir tarix dərsidir o. Yetişməkdə olan nəslin baxması lazımdır bu filmə. Film bizə kimliyimizi xatırladır. Bu, öz yerində.

Diqqətimi ən çox çəkən Fransa, İngiltərə, Rusiya kimi dövlətlərin Osmanlını yıxmaq, zəiflətmək üçün bu gün də oynamaqda olduqları oyunlar oldu. Az-çox tarixə bələd olan hər kəs bilir ki, Avropalıların “xəstə adam” dediyi Osmanlını yıxmaq üçün istifadə etdiyi həm iç xainlər, həm də dış güclər idi. Bu gün də elədir.

Bu gün də Türkiyənin başına demokratiya, insan haqları adı altında corab hörməyə çalışır eyni güclər. Elə Azərbaycanın da. Lakin sözümüz bunda deyil. Sonuncu seriyada diqqətimizi özəl olaraq çəkən bir məqam bu yazını yazdırır.

Azərbaycanda türk dili!

154-cü kəsimin 117-ci dəqiqəsindən sonra Azərbaycan söhbəti edilir. Təbriz mərkəzli Azərbaycanda türk dilinin yasaqlanması Osmanlı Padşahını ciddi narahat edir və o, öz gücündən istifadə edərək məsələni həll edir. Nə qədər ehtiyacımız olan bir şeydir, deyilmi?

Biz bu gün də eyni durumdayıq. O dönəmdə Qacarlar (bu da başqa bir dərddir), indi də farslar türk dilini Təbriz mərkəzli Azərbaycanda yasaq etmiş durumda. Düzdür, bu dilin daşıyıcılarının sayı o qədər çoxdur ki, heç bir yasaq ona mane ola bilmir. Amma türk dilində bir məktəb belə yoxdur. Tehran mərkəzli TV kanalları ikidə bir türkləri və türk dilini təhqir edir. Fars mərkəzli media ümumiyyətlə türkləri daim aşağılayır. Belə bir durumda bu filmin sonuncu kəsimində məsələnin gündəmə gətirilməsi heç də təsadüf sayıla bilməz.

Biz belə düşünürük ki, qardaş Türkiyə, əslində bu nəzakətli davranışla qonşu İrana bir ismarıc yolladı. Bəli, bir ismarıc.

Həqiqətən də 21-ci yüzildə sayı 40 milyon olan bir millətin dilində məktəbi yasaqlamaq nəinki orta yüzillərin, heç ibtidai icma dövrünün də təfəkkürünə uyğun deyil. Türkiyə dövləti istənilən halda İranla xoş davranmaqda maraqlıdır və bütün dünyanın basqılarına baxmayaraq dinc-dost qonşuluq münasibətlərini qorumağa davam edir. Lakin İranın da anlaması lazımdır ki, bir tərəfdə bütün dünya ilə, digər tərəfdə də öz əhalisinin ən azı 40 milyonu ilə üz-göz olmaq onun sonunu yaxınlaşdırır.

Türkiyə (elə Azərbaycan da), əslində bir pis niyyətli dövlət olsaydı dünyanın böyük gücləri ilə əlbir olub İranın bu durumundan istifadə edər, türklərin azadlığına qovuşmasına ciddi yardım edə bilərdi. Lakin dediyimiz kimi, Türkiyə fürsət qollayan, arxadan vuran davranışları özünə layiq görəcək dövlət deyil. Ümumiyyətlə, türk milləti belə davranışdan həmişə uzaq durub. Təəssüf ki, İranın fars rejimi də bunu layiqincə anlamır, türklərə qarşı basqını hər keçən gün artırır.

“Payitaht Abdülhamid” anlayanlar üçün olduqca dəyərli ismarıclarla doludur. Hər halda, bu serial rəmzi ölüm ayağında – sonuncu kəsimdə, son nəfəsdə də türklük davasına damğasını vurdu…

Sonda: Şəxsi düşüncəmdir. Təbii ki, razılaşmayanlar olacaq. Sayğı duyaram. Düşünürəm ki, Osmanlı İmperiyasının və Xilafətin ləğvi ən böyük tarixi səhvdir. Onların hər ikisi rəmzi də olsa qalmalı – qorunmalıydı…

Mission News Theme by Compete Themes.