Bayraqdar.info – Türkiyənin Bakıdakı səfirliyində “Dünya səhər yeməyi günü” ilə bağlı tədbir keçirilib. Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Cahit Bağcının ev sahibliyi ilə keçirilən tədbirə sənətçi Azərin və səfirlik əməkdaşları qatılıb.
Bu barədə bayraqdar.info-ya iyunun 6-da Türkiyənin Azərbaycandakı səfirliyindən məlumat verilib.
Bildirilib ki, koronavirus pandemiyası səbəbi ilə məhdud şəkildə təşkil edilən tədbirdə ənənəvi məşhur “Van səhər yeməyi” hazırlanıb. Səfir Cahit Bağcı qonaqlara Vanın səhər yeməyi mədəniyyəti ilə bağlı məlumat verib.
Xatirladaq ki, Van Ticarət və Sənaye Palatasının təşəbbüsü ilə 1 iyun 2014-cü il tarixində Van şəhərində təşkil edilən səhər yeməyi tədbirində 51 min 793 nəfər iştirak edib. Bu tədbir ən böyük iştirakçısı olan səhər yeməyi tədbiri kimi Ginnesin “Rekordlar kitabı”na daxil olub.
Türkiyənin tanıdılmasına böyük töhfə verən Van səhər yeməyi mədəniyyəti xarici təmsilçiliklərdə digər xarici nümayəndəliklərin iştirakı ilə qeyd olunur.





