Press "Enter" to skip to content

Gəncədə “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsi

Byaraqdar.info – İyunun 11-də Gəncədəki Heydər Əliyev Mərkəzində “Yerli texnoloji startapların inkişafının təşviqi” layihəsinin açılış tədbiri keçirilib. Layihə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Asiya İnkişaf Bankının birgə təşəbbüsüdür. Layihənin məqsədi regionlarda startapların inkişafını təmin edəcək ekosistemin formalaşmasını dəstəkləmək, regional potensialı artırmaq istiqamətində əlverişli şəraiti gücləndirməkdir. O cümlədən startapların inkişafı üçün yerli institusional strukturu təkmilləşdirilmək və texnoloji bilik əsaslı tərəfdaşlıqları inkişaf etdirmək əsas istiqamətlərdəndir.

Bu barədə bayraqdar.info-ya “ASAN xidmət”dən məlumat verilib. Bildirilib ki, layihə 3 komponentdən ibarətdir.

Tədbirdə çıxış edən Dövlət Agentliyinin sədr müavini Ceyhun Salmanov Agentliyin fəaliyyəti, həmçinin görülən işlər barədə məlumat verib. Eyni zamanda, adıçəkilən fəaliyyətlərdə müxtəlif dövlət qurumlarının, şirkətlərin və universitetlərin səylərinin birləşdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə Dövlət Agentliyi ilə Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və Azərbaycan Texnologiya Universiteti arasında layihə çərçivəsində əməkdaşlıq haqqında Memorandum imzalanıb. Memorandumu imzalamış universitetlər, həmçinin, bu istiqamətdə “İnnovasiyalar Mərkəzi” tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsi ilə də əməkdaşlığa başlayıb. Bununla da müvafiq layihə ilə əməkdaşlıq memorandumu imzalamış və prosesə qoşulmuş universitetlərin sayı 7-yə çatıb.

Tədbir çərçivəsində Gəncə Dövlət Universitetinin, Azərbaycan Texnologiya Universitetinin və Azərbaycan Dövlət Aqrar Universitetinin innovasiya ekosistemi ilə tanışlıq da həyata keçirilib.

Mission News Theme by Compete Themes.