Press "Enter" to skip to content

Azərbaycan xalça sənəti Kazanda sərgilənəcək

Son yeniləmə: 1 İyul 2021 15:36

Bayraqdar.info – İyulun 8-də Tatarıstan Respublikasında “Kazan Kremli” Muzey-Qoruğunda “Xalça sənəti – mənaların təkamülü” adlı sərgi açılacaq.

Respublikanın paytaxtında ilk dəfə olaraq Azərbaycan xalçaçılığına, onun ənənələrinə və müasir təcəssümünə həsr olunmuş genişmiqyaslı ekspozisiya təqdim olunacaq. Kazan tamaşaçısı xalçaları tarixi bir perspektivdə görmək, ornament və gizli mənalar dünyasına qərq olmaq üçün misilsiz bir fürsət əldə edəcək.

Bu barədə məlumat bayraqdar.info-ya Azərbaycan Xalça Muzeyindən daxil olub.

Məlumatda bildirilir ki, Xalça Muzeyi bu sərgidə XIX əsrin sonu – XX əsrin əvvəllərində toxunmuş ecazkar klassik xalça nümunələrini nümayiş etdirəcək.

Onların hər biri ornament, rəng tərtibatı və texniki xüsusiyyətlərinə görə müxtəlif regional ənənələri əks etdirən nümunələrdir.

“2010-cu ildə Azərbaycan xalçaçılıq sənəti UNESCO-nun Bəşəriyyətin Qeyri-Maddi İrsi üzrə Reprezentativ Siyahısına daxil edilib. Azərbaycan xalçaçılığı davamlı olaraq yeni yanaşmalarla zənginləşsə də, qədim ənənələrini itirmədən inkişaf edir. Müasir rəssamlar qədim sənətkarlığı yeni yollarla inkişaf etdirərək əsərlər yaradırlar. Bu sərgidə təqdim olunan ənənəvi Azərbaycan xalçalarını və “CHINGIZ” yaradıcı təxəllüsü ilə işləyən Çingiz Babayevin müəllif əsərlərini birləşdirən məhz bu amildir.
“Rəssam Azərbaycan xalçaçılıq ənənələrini təhrif etmədən, müasir sənət nümunələri yaradaraq təqdim edir. Ornamentsiz, birrəngli, təbii yun çalarlı, “tabula rasa”nın klassik nümünəsi olan xalça müxtəlif dövrlərin bir çox simvollarını əsrlər ötdükcə itirsə də əbədidir”, – deyə mlumatda qeyd edilir.

Sərgidə “CHINGIZ” sənədli filmi də nümayiş etdiriləcək. Filmdə ənənəvi xalçanın fəlsəfəsindən və müasir yozumundan bəhs edilir.

Sərginin açılışında layihənin kuratoru, Xalça Muzeyinin direktoru Şirin Məlikova, eləcə də müasir xalçaların müəllifi Çingiz Babayev iştirak edəcək.

Sərgi sentyabrın 5-dək davam edəcək.

Mission News Theme by Compete Themes.