Press "Enter" to skip to content

“Bakı-İstanbul-Bakı” avtobuslarının fəaliyyəti bərpa edilə bilər

Son yeniləmə: 1 İyul 2021 13:30

Bayraqdar.info – “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Cümhuriyyəti Hökuməti arasında beynəlxalq avtomobil daşımaları haqqında Saziş”in şərtlərinə əsasən, İstanbulda Azərbaycan – Türkiyə Ortaq Komissiyasının növbəti iclası keçirilib. İclasda Azərbaycan və Türkiyə arasında beynəlxalq avtomobil daşımaları sahəsində mövcud vəziyyət müzakirə edilib.

Bu xəbər bayraqdar.info-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən verilib.

Xəbərdə deyilir ki, görüşdə iki ölkənin avtodaşıyıcıları tərəfindən “İcazə” blanklarının istifadəsi ilə bağlı statistik məlumatların mübadiləsi müzakirə edilib. Bundan başqa, yük və sərnişin daşımaları zamanı avtodaşıyıcıların qarşılaşdığı problemlər və onların həlli yolları haqqında fikir mübadiləsi aparılıb.

Naxçıvan Muxtar Respublikasının avtodaşıyıcılarının Türkiyə ərazisi ilə Gürcüstana və digər ölkələrə səfəri zamanı əlverişli şəraitin yaradılması da müzakirə mövzusu olub. Türk daşıyıcılarının Naxçıvanın ərazisindən tranzit hərəkət imkanları və Azərbaycan üzərindən Xəzər dənizi vasitəsilə keçməklə Orta Asiyaya daşımaları həyata keçirərkən xərclərinin optimallaşdırılmasından da danışılıb.

Pandemiya zamanı bəzi ölkələrin sərhəd-keçid məntəqələrində yaranan məhdudiyyətlər, Türkiyə daşıyıcılarının Azərbaycan ərazisindən keçidinə ehtiyacının artması nəzərə alınaraq, “İcazə” blanklarının kvota sayı mövcud ehtiyaca uyğunlaşdırılıb.

Xəbərdə qeyd edilir ki, tərəflər arasında Şərq-Qərb istiqamətindəki yükdaşımaların asanlaşdırılması ilə bağlı müxtəlif platformalardakı layihələrdə birgə fəaliyyət istiqamətləri razılaşdırılıb.

İclasda “Bakı-İstanbul-Bakı” marşrutu üzrə sərnişin daşınmasının karantin şərtlərinin yumşaldılması ilə əlaqədar bərpa edilməsinin mümkünlüyü barəsində də fikir mübadiləsi aparılıb.

Yekunda perspektivlər və digər aktual məsələlərə dair müvafiq Protokol imzalanıb.

Mission News Theme by Compete Themes.