Press "Enter" to skip to content

Mədəniyyət naziri: Teatrların tezliklə fəaliyyətini bərpa edəcəyinə ümidliyik

Bayraqdar.info – Mədəniyyət naziri Anar Kərimov Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının yaradıcı heyəti ilə görüşüb.

Bu barədə xəbər bayraqdar.info-ya Mədəniyyət Nazirliyindən verilib.

Xəbərdə bildirilir ki, Teatrın bədii rəhbəri – direktoru, Xalq artisti, professor Azər Paşa Nemətov nazirə mədəniyyət ocağının uğurları, repertuarda olan tamaşaları, texniki imkanları haqqında məlumat verib.

Nazir A.Kərimov böyük tarixə malik olan Teatrın yaradıcı kollektivilə görüşməkdən məmnun olduğunu bildirib. O, Nazirliyin teatr sahəsində islahatları özünün ən vacib, prioritet istiqamətlərindən biri hesab etdiyini nəzərə çatdırıb: “Çünki teatr tarixən milli ruhun qorunub saxlanılmasında böyük rol oynayıb. Məqsədimiz, amalımız odur ki, teatr inkişaf etsin. Biz Azərbaycan teatr sənətinin zəngin ənənələrini daha da inkişaf etdirməliyik. Teatrın inkişafına, yeni uğurlar qazanmasına dövlətin hər zaman dəstəyi olub, bundan sonra da olacaq”.

Nazir əlavə edib ki, bir əsrdən çox tarixi olan Dram Teatrında böyük sənətkarlar çalışıb, Azərbaycan və dünya dramaturgiyasının bir çox nümunələri tamaşaya qoyulub. Bu səhnədə təqdim olunan tamaşalar eyni zamanda bizə tariximizi, ədəbi irsimizi tanıdıb, mənəvi dəyərlərimizi, milli kimliyimizi təlqin edib.

Nazir pandemiyanın mədəniyyətin digər sahələri kimi teatr sahəsinə zərbə vurduğunu və yaradıcı fəaliyyəti məhdudlaşdırdığını deyib. O, tezliklə teatr müəssisələrinin fəaliyyətə başlayacağına və öz tamaşaçılarını yeni səhnə əsərləri ilə sevindirəcəyinə ümid etdiyini bildirib.

Xalq artistləri Nurəddin Mehdixanlı və Rafiq Əzimov teatrın müasir cəmiyyətin həyatında oynadığı mühüm roldan danışıb, mədəniyyət nazirinə kollektivlə görüşdüyü üçün təşəkkürlərini bildiriblər.

Mission News Theme by Compete Themes.