Press "Enter" to skip to content

Muzeydə “Nizami İli” çərçivəsində növbəti ustad dərsi

Son yeniləmə: 2 İyul 2021 14:39

Bayraqdar.info – AMEA Milli Azərbaycan Tarixi Muzeyində “Nizami İli” çərçivəsində “Nizami Gəncəvi yaradıcılığı uşaqların gözü ilə” adlı növbəti ustad dərsi keçirilib.

Tədbir Muzeyin İnnovasiyalar və təhsil proqramları şöbəsi tərəfindən təşkil olunub və məktəblilərin bacarıqlarını üzə çıxarmaq, maarifləndirmək, onların intellektual səviyyələrini artırmaq məqsədini daşıyır.

Muzeydən verilən məlumata görə, intellektual tədbirdə Yasamal rayonu 173 saylı orta məktəbin yuxarı sinif şagirdləri iştirak ediblər.

Muzeyin əməkdaşı Aynur Babayeva muzeylərdə qorunan, N.Gəncəvi irsini əks etdirən miniatürlər haqqında məlumat verib.

Sonra məktəblilər muzeyin bərpaçı-rəssamı Gülşən Hacıyevanın köməkliyi ilə XII əsrə aid muzey eksponatı əsasında rəsm əsəri çəkiblər. Bu, onların istedad və bacarıqlarını daha da təkmilləşdirməkdə əhəmiyyətli rol oynayıb. Məktəblilər proqrama uyğun olaraq muzeydə fəaliyyət göstərən H.Z.Tağıyevin ev muzeyi, Vətən müharibəsi sərgisi ilə də tanış olublar.

Onlara muzeydə yeni açılan “Nizami Gəncəvi və Atabəylər” sərgisi əyani olaraq nümayiş etdirilib.

Muzeyin Arxeologiya və elmi fond şöbəsinin əməkdaşı Mircavid Ağalarov və Bərpa laboratoriyasının müdiri, t.ü.f.d. Afət Rüstəmbəyova sərgidəki XII-XIII yüzillikləri əhatə edən eksponatlar barədə ətraflı məlumat veriblər. Bu məlumatlar şagirdlər üçün Azərbaycan tarixinə, N.Gəncəvi dövrü və yaradıcılığına əyani baxış olub.

Məlumatda bildirilir ki, sərgidə məktəblilər kitablarda oxuduqları tarixi dövrlərdə istifadə olunan əşyaları real görmək imkanına sahib olublar.

Sonra muzeyin əməkdaşı Qənirə Qafarlı tərəfindən məktəblilər arasında viktorina keçirilib, qaliblər muzeyin kataloqu ilə mükafatlandırılıb. Uşaqlar tarixi hadisələr və o dövrün əşyaları arasında əlaqə qurmağa çalışıblar. Bu, onların tarixi məlumatları daha yaxşı mənimsəməsinə kömək edib.

Sonda iştirakçılara sertifikatlar təqdim edilib və xatirə fotoşəkli çəkilib.

Muzeydən qeyd edilib ki, “Ustad dərsləri” layihəsi müxtəlif mövzularda mütəmadi keçirilir.

Mission News Theme by Compete Themes.