Press "Enter" to skip to content

Şəki-Zaqatala zonasında kiçik ailə təsərrüfatlarına uğurlu dəstək

Son yeniləmə: 3 İyul 2021 16:01

Bayraqdar.info – “Balakən regional “ABAD” mərkəzi vasitəsilə Şəki-Zaqatala iqtisadi zonasında kiçik ailə təsərrüfatlarının inkişafına dəstək” layihəsi uğurla başa çatıb. Bununla bağlı iyulun 2-də bağlanış tədbiri təşkil edilib.

Qeyd olunub ki, “ABAD” publik hüquqi şəxsi və Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMTİP) tərəfindən birgə icra edilən layihə Avropa İttifaqı (Aİ) tərəfindən maliyyələşdirilib.

Bununla bağlı bayraqdar.info-ya verilən məlumata görə, tədbirdə Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov, Aİ Nümayəndəliyinin Azərbaycandakı rəhbəri səfir Kestutis Yankauskas, BMTİP-in Rezident Nümayəndəsi Alessandro Frakassetti, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Əbdül Əliyev və “ABAD” publik hüquqi şəxsin direktoru Rüfət Elçiyev iştirak edib.

Bildirilib ki, 2017-ci ildən başlayan layihə çərçivəsində 44 kəndli ailəsinə kiçik biznes qurmaq və ya genişləndirmək üçün dəstək verilib. Kiçik ailə təsərrüfatlarına başlanğıc üçün əsas təlimlər təşkil edilib, onlar üçün lazımi resurslar təmin edilib. Sözügedən təlimlər biznesin inkişafı və planlaşdırılması, brendinq, maliyyə uçotu və hüquqi xidmətlər kimi müxtəlif mövzuları əhatə edib. Təlim kurslarını müvəffəqiyyətlə başa vurduqdan sonra ailələr əsas avadanlıq və təchizat üçün müraciət hüququ qazanıblar. 200 nəfərin birbaşa, 350 nəfərin isə dolayısı olaraq faydalandığı layihədə 44 yeni ailə təsərrüfatından 23-ü qadınlar tərəfindən idarə olunur.

O cümlədən 12-si isə məcburi köçkünlər tərəfindən reallaşdırılır. Yeni təşəbbüslər qida istehsalından dekorativ sənətkarlığa qədər müxtəlif istiqamətləri əhatə edir. Ailələr tərəfindən hazırlanan bütün məhsullar tezliklə “ABAD” etno-butiklərində və ölkəmizdəki bəzi supermarket şəbəkələrində satış üçün təqdim ediləcək.

Həmçinin Şəki “ABAD” Keramika və Tətbiqi Sənət Mərkəzində layihə çərçivəsində ərsəyə gələn məhsulların sərgisi keçirilib. Qonaqlar Balakən, Zaqatala və Qaxda yaşayan benefisiar ailələrə səfər edib və onların kiçik təsərrüfatlarının cari vəziyyəti ilə də yerində tanış olublar.

Mission News Theme by Compete Themes.