Press "Enter" to skip to content

Deputat: Mina xəritələrinin alınması Azərbaycanın növbəti uğurudur

Bayraqdar.info – “Ağdamdan sonra Füzuli və Zəngilan ərazisində mina xəritələrinin əldə edilməsi Prezident İlham Əliyevin diplomatik məharəti və Azərbaycan diplomatiyasının növbəti uğurudur. Yəni, işğalçı Ermənistan bütün cəbhələrdə Azərbaycan qarşısında geri çəkilir. Bu, onu deməyə əsas verir ki, müharibədən bir qədər sonra revanşist xəyallarla yaşayan Ermənistan artıq reallığı dərk edir. Məhz bunun nəticəsidir ki, Ermənistan son 21 gün ərzində üç rayondakı minalı ərazilərin xəritələrini Azərbaycana təhvil verdi. Əminəm ki, Ermənistan bundan sonra da özündə güc tapıb, reallığa uyğun addımlar atacaq. Çünki işğalçı ölkənin başqa yolu yoxdur. Başqa yol Ermənistanın bir dövlət kimi məhvinə aparacaq.”

Bunu bayraqdar.info-ya özəl açıqlamasında Milli Məclisin deputatı İlham Məmmədov deyib.

Deputat qeyd edib ki, son 21 gün ərzində baş verənlər birmənalı olaraq ölkəmizin postmüharibə dövründə diplomatiya sahəsində qazandığı uğurlar kimi dəyərləndirilməlidir: “Bildiyiniz kimi iyunun 12-də Ermənistan Ağdam rayonu üzrə 97 min tank və piyada əleyhinə minanı özündə əks etdirən xəritələri Azərbaycana təqdim etdi. Bundan cəmi üç həftə sonra isə Füzuli və Zəngilan rayonlarındakı minalı ərazilərin xəritələrini Azərbaycan tərəfinə təhvil verməsi ölkəmizin növbəti diplomatik uğurudur”.

İlham Məmmədov qeyd edib ki, bu, həm də digər məsələlər baxımından əhəmiyyət kəsb edir. Belə ki, Ağdamdan sonra ən çox minalanmış ərazilər məhz Füzuli və Zəngilandadır: “Bu isə o deməkdir ki, xəritələri əldə etməklə biz gələcəkdə həmin ərazilərdə mina partlaması nəticəsində baş verəcək insan itkilərinin qarşısını almış olacağıq. Başqa bir məqam isə sırf bərpa-quruculuq işləri ilə bağldır. Yəni, minalanmış ərazilərin xəritələrinin əldə edilməsi işğaldan azad edilmiş ərazilərdə, indiki halda Ağdam, Füzuli və Zəngilanda quruculuq-bərpa işlərinin görülməsini sürətləndirəcək. Ağdamdan sonra ən böyük infrastruktur layihələrinin məhz Füzulidə həyata keçiriləcəyini nəzərə alsaq, bunun hansı əhəmiyyət kəsb etdiyini bilərik. Bu rayonun strateji əhəmiyyət kəsb etdiyini, bütün yol-nəqliyyat infrastrukturunun məhz bu ərazidən keçdiyini unutmamalıyıq. Bir sözlə, bütün bunlar minalanmış ərazilərin xəritələrinin alınmasına nail olan Azərbaycanın postmüharibə dövründə necə böyük uğura imza atdığını nümayiş etdirir”.

Mission News Theme by Compete Themes.