Press "Enter" to skip to content

Kəlbəcər yaylaqlarına daha 2 min 500 arı ailəsi köçürülür

Son yeniləmə: 5 İyul 2021 12:51

Bayraqdar.info – Azərbaycanın işğaldan azad edilmiş ərazilərində Əlaqələndirmə Qərargahının nəzdində fəaliyyət göstərən İqtisadi məsələlər üzrə İşçi Qrupu ilə Kənd Təsərrüfatı Nazirliyi birgə pilot layihəyə başlayıb. Layihə çərçivəsində Kəlbəcər rayonundan olan fermerlərə məxsus arı ailələrinin köçürülməsi həyata keçirilir.

Xəbər bayraqdar.info-ya KTN-dən verilib.

Xəbərdə bildirilir ki, vətəndaşların müraciətləri nəzərə alınaraq əlavə 2 min 500 arı ailəsinin işğaldan azad edilmiş Kəlbəcər rayonunun yaylaqlarına köçürülməsinə başlanılıb. Arıçılıq təsərrüfatlarının yaylaqlara köçündən əvvəl seçilmiş ərazi, sahələr üzrə bir daha monitorinq aparılıb, risklər qiymətləndirilib. Hazırda mərhələli şəkildə arıçılıq təsərrüfatlarının Kəlbəcər yaylaqlarına köçürülməsi prosesi davam edir.

KTN-nin müraciəti əsasında Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən Göygöl Regional Mərkəzində Kəlbəcər və Laçın rayonuna səfər edəcək 66 nəfər arıçı-fermerə “Mina və partlayıcı sursatların təhlükəsinə dair maarifləndirmə” üzrə təlim keçirilib. Təlimdə mina və partlayıcı qurğuların təhlükəsi, törədə biləcəyi xəsarətlər, mina təhlükəsinin izahı, tanış olmayan şübhəli ərazilərdə davranış qaydaları barədə geniş məlumatlar verilib.

Eyni zamanda, vizual olaraq tanınması üçün müxtəlif növ hərbi sursat və minaları əhatə edən təlim sursatlarından ibarət sərgi təşkil edilib, fermerlərə bukletlər, broşuralar verilib.

Fermerlərə təhlükəsizlik qaydalarına riayət edilməsi, dislokasiya yerlərini tərk etməmələri bildirilib.

Mission News Theme by Compete Themes.