Press "Enter" to skip to content

Tarixi eksponatlar: Nadir Şah əyanlarına məxsus çəpkən

Son yeniləmə: 6 İyul 2021 16:24

Bayraqdar.info – Tarix Muzeyinin zəngin kolleksiyasında Azərbaycan dövlətçiliyini Səfəvilərdən sonra bir qədər də möhkəmləndirməyə cəhd edən Nadir Şahın hakimiyyət dövrünə dair xeyli maddi-mədəni irs nümunələri qorunur. Bunların arasında muzeyin Etnoqrafiya fondunun çox qiymətli eksponatlarından olan Nadir Şah dövrü əyanlarına məxsus geyim növlərindən olan çəpkəndir.

Muzeydən verilən məlumatda göstərilir ki, XVIII əsrin əvvəllərində tikilmiş bu çəpkəni hazırlayarkən peşəkar tikmə ustası məxmər parça üzərində müxtəlif rəngli ipək və güləbətin saplarla nəbati naxışlar çəkib. Uzunluğu 80 sm olan çəpkən kişi geyimi kimi istifadə olunub.

Bayraqdar.info-nun araşdırmasına görə, Çəpkən astarlı olub, belə qədər bədənə kip tikilirdi. Yan tərəflərdə ətəyə yaxın hissədə çapığı olan çəpkənin əlcək ilə bitən qondarma qolları (astarı qiymətli parçadan olan qollara bəzən düymələr tikilirdi) olurdu. Bel hissədən bağ ilə bağlanırdı. Çəpkən tirmə, darayı, məxmər, müxtəlif zərli parçalardan tikilirdi.

Çəpkənin yaxası, ətəyi, qolunun kənarları zərif bafta, kəbəzəncirə və s. tikmələrlə bəzədilirdi. Bəzən çəpkənin üstündən gümüş kəmər də bağlayırdılar. Ön Asiya, Yaxın Şərq xalqları arasında, Azərbaycanda (xüsusilə, Qarabağ, Xankəndi, Şuşa, Bakı, Şəki, Şamaxıda) geniş yayılmışdı.

Tarixdən bizə gəlib çıxan çəpkənlər içərisində pullu çəpkən də var. Pullu çəpkənin biçimi adi çəpkənlə eyni formada, lakin qolsuz olur. Astarı zolağı materialdandır. Yaxa və ətək xətti boyunca 3 sıra pullarla bəzədilir. Yaxası, bel hissədə bağlanmış qaytan vasitəsilə çarpaz bağlanır.

Mission News Theme by Compete Themes.