Press "Enter" to skip to content

“MÜSİAD Azərbaycan” Qarabağın bərpasında artıq iştirak edir

Son yeniləmə: 8 İyul 2021 20:58

Abdurrahman Uzun: “MÜSİAD Azərbaycan”ın 57 üzvü var ki, onların da 60 faizi Azərbaycan vətəndaşı olan iş adamlarıdır

Bayraqdar.info – “Müstəqil Sənayeçi və İş Adamları Dərnəyinin (MÜSİAD) bu gün dünyanın dörd bir yanında 11 mindən çox üzvü var. MÜSİAD olaraq dünyada 2 milyon nəfərin məşğulluğunu təmin etməklə 95 ölkədə ümumilikdə 225 yerdə xidmət göstəririk.”

Bunu iyulun 8-də jurnalistlərə açıqlamasında “MÜSİAD Azərbaycan” İdarə Heyətinin sədri Abdurrahman Uzun deyib.

Onun sözlərinə görə “MÜSİAD Azərbaycan” 2018-ci ilin əvvəlindən aktiv fəaliyytə başalyıb: “Hazırda “MÜSİAD Azərbaycan”ın 57 üzvü var ki, onların da 60 faizi Azərbaycan vətəndaşı olan iş adamlarıdır. 9 nəfərlik İdarə Heyəti, 7 komitə ilə fəaliyyətimizi uğurla davam etdiririk. Bu gün biz 3 min 950 nəfərin məşğulluğunu təmin etmişik”.

A.Uzun Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi tarixi qələbənin türk dünyasında çoşqu ilə qarşılandığını deyib. Qeyd edib ki, həmin vaxt digər qurumlar, həmçinin iş adamları kimi “MÜSİAD Azərbaycan” da ön sırada olub. “MUSIAD Azərbaycan” ikinci Qarabağ müharibəsi zamanı erməni hücumlarından zərər çəkən mülki vətəndaşlara və Azərbaycan ordusuna geyim, istilik və yeməkdən ibarət təxminən 250 min manat dəyərində yardım və pul dəstəyi verib: “Eyni zamanda Azərbaycanın tarixi zəfərindən sonra rəsmi icazə əsasında Qarabağ bölgəsinə və Şuşaya səfər edərək gələcəkdə burada qurulacaq iş imkanları barədə müşahidələr apardıq. Onu da deyim ki, cənab Prezidentimizin Şuşa səfəri zamanı istifadə etdiyi avtomobil yolunun bir hissəsi “MÜSİAD Azərbaycan”ın üzvü olan Özgün İnşaat tərəfindən çəkilib”.

A.Uzun bildirib ki, işğaldan azad edilmiş ərazilər minalardan təmizləndikdən, insanlar ora köçdükdən sonra hansı sahələrə sərmayələrin qoyulmasının mümkün olması dəqiqləşəcək: “İnsanlar ora qayıtdıqdan və investisiya imkanları məlum olduqdan sonra biz bu məlumatları iş adamları ilə paylaşacağıq. Bundan sonra isə həmin ərazilərə investisiya qoyulacaq. Bəri başdan onu deyə bilərəm ki, investisiya qoyanlar çox olacaq. Çünki Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə sərmayə qoymaq istəyən çoxlu sayda iş adamı var”.

Yaxın perspektivdə görülməsi planlaşdırılan işlərə gəlincə, A.Uzun “cari ildə Bakıda keçirilməsi nəzərdə tutulan Beynəlxalq Biznes Forumunda 2 min 500-dək iş adamını bir araya gətirməyi planlaşdırırıq” deyib.

Qeyd olunub ki, bu Forum 2 ildən bir keçirilir: “İki il əvvəl forum Bosniya və Herseqovinada baş tutub. Həmin vaxt biz dedik ki, niyə növbəti forum Bakıda keçirilməsin? Beləliklə, hazırda bu forumun Bakıda keçirilməsi istiqamətində işlərimiz davam edir”.

Mission News Theme by Compete Themes.