Press "Enter" to skip to content

Azərbaycanlı baytarlar Türkiyədə təlimə cəlb olunub

Bayraqdar.info – Prezident İlham Əliyevin Fərmanı ilə Aərbaycanda özəl baytarlıq xidmətinə keçid prosesinə başlanılıb.

Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildirilib ki, hazırda baytar həkimlərin özəl xidmət fəaliyyətinə hazırlanması istiqamətində müvafiq işlər görülür.

Bununla bağlı müxtəlif layihələr həyata keçirilir. Nazirlik yanında Aqrar Kredit və İnkişaf Agentliyi (AKİA) ilə Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin (TİKA) birgə əməkdaşlığı çərçivəsində 1-31 iyul tarixlərində Nazirliyin 10 əməkdaşı Türkiyədə təlimə göndərilib.

KTN-dən verilən məlumata görə, təlim müddətində diaqnostik kabinetlərdə 4 istiqamət üzrə müayinələrin aparılması, diaqnozların doğru müəyyən edilməsi məqsədilə mütəxəssislərin bilik və bacarıqlarının artırılması nəzərdə tutulub. Həmin 4 istiqamət bunlardır: toksikoloji, helmintoloji, bakterioloji və parazitoloji.

“Türkiyədə təşkil olunan bu təlimlər əməkdaşların bilik və bacarıqlarını artıracaq. Təlimlər heyvan və heyvan mənşəli məhsulların laborator analizlərinin mümkün qısa müddət ərzində aparılmasına və dəqiq diaqnoz müəyyənləşdirməyə imkan yaradacaq”, – deyə KTN-dən qeyd edilib.

Bayraqdar.info-nun məlumatına görə, təlimi başa vuran mütəxəssislər Azərbaycana qayıtdıqdan sonra qazandıqları bilik və bacarıqları burada tətbiq edəcəklər. Eyni zamanda, bu təlimlər ölkədə heyvandarlığın inkişafına, ümumilikdə ərzaq təhlükəsizliyinin təmin olunmasına da töhfə verəcək.

Mission News Theme by Compete Themes.