Press "Enter" to skip to content

Bu, heç zaman bitməz bir Vətən görəvidir

“44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabının imza günü keçirilib

Bayraqdar.info – Bu yaxınlarda Türkiyənin Azərbaycandakı sabiq səfiri Hulusi Kılıçın “44 gün Vətən müharibəsi, Hulusi Kılıç informasiya cəbhəsində” kitabı işıq üzü görüb. Kitabda 44 günlük Vətən müharibəsi dövründə H.Kılıçın peşəkar fəaliyyəti, eyni zamanda müəllifin verdiyi müsahibə və çıxışları əks olunub. Həmin vaxt verilən müsahibələr, çıxışlar sonradan istedadlı jurnalist Günel Yaz tərəfindən bir araya toplanaraq kitab şəklində çap olunub.

Ötən həftə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunda təqdimatı olan kitabdan əldə edilən gəlir YAŞAT Fonduna veriləcək.

Bu barədə bayraqdar.info-ya iyulun 12-də keçirilən imza günündə Hulusi Kılıçın özü məlumat verib.

Diplomat bildirib ki, can Azərbaycanımızın 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməsinin sevinci, xoşbəxtlik və qürurunu mən də yaşadım: “Vətən müharibəsi zamanı Prezident İlham Əliyevin möhtəşəm tarixi çıxışlarına qulaq asdıqca, qardaş Azərbaycan xalqının dövlət başçısının ətrafında birləşdiyini gördükcə, qəhrəman ordunun zəfər xəbərlərini yaxından izlədikcə böyük həyəcan hissi keçirirdim. Vətən müharibəsində özüm Ankarada olsam da, ruhum Qarabağda, dastan yazan qəhrəman əsgərlərimizin yanında idi”.

“Bunu dəfələrlə söyləmişəm. Qarabağ üçün şəhid düşməyə hazır idim” deyən sabiq səfir daha sonra bildirib: “44 günlük Vətən müharibəsinin sonunda qazanılan tarixi zəfər can Azərbaycanla yanaşı, Türkiyə və Türk dünyasında böyük sevinc, qürur hissi ilə qarşılanıb.Əslində, biz bu savaşda xalqlarımızın sevgisini, dəstəyini qazandıq. Bu, bizim üçün ən böyük uğurdur”.

Hulusi Kılıç onu da əlavə edib ki, kitabın Gəncədə də imza gününün keçirilməsi planlaşdırılır: “Lakin biz bununla işimizi bitmiş hesab etmirik. Bir millət – iki dövlət olan Azərbaycanla Türkiyəyə xidmət üçün bundan sonra da var gücümlə çalışacam. Bu, heç zaman bitməz bir Vətən görəvidir”.

Mission News Theme by Compete Themes.