Press "Enter" to skip to content

Hikmət Hacıyevin özünüreklamı heç inandırıcı gəlmir

Azər Həsrət

Sosial media bir tərəfdən yaxşıdır o mənada ki, hər kəs özünü istədiyi kimi ifadə edə bilir. Digər tərəfdən isə bu texnoloji yenilik (əslində daha yenilik də sayılmaz) informasiya kirliliyi, cəmiyyəti və hətta dünyanı yanıltmaq baxımından çox zərərlidir.

Neçə gündür Facebook-da dəyərli həmkarım – təcrübəli jurnalist və bir dönəm millət vəkili olmuş Etibar Hüseynov Prezidentin köməkçisi Hikmət Hacıyevlə bağlı paylaşımlar edir. Silsilə həm də. Əlbəttə, onun da özünü ifadə etməsi, fikirlərini tirajlaması, özəlliklə də yüksək vəzifəli dövlət görəvlisi ilə bağlı düşüncələrini müzakirəyə çıxarması hüququdur və buna hər kəs, o cümlədən H.Hacıyev də sayğılı yanaşmalıdır. Təbii ki, biz də.

Lakin E.Hüseynovun paylaşımlarında obyektiv gerçəklik kimi təqdim etdiyi məqamlar özəlliklə də fəal ictimai rolu olan bizim kimi şəxsləri biganə qoya bilməzdi. Yəni qeyd edilən iddialarla bağlı təbii ki, fikirlərimizi deməliyik ki, cəmiyyəti çaşqınlıqdan qurtaraq.

İrəli qaçaraq qeyd edim ki, sözügedən paylaşımlarda H.Hacıyev hədəfə alınmış kimi görünür. Özü də məqsədli. Əgər bu paylaşımları E.Hüseynov deyil, bir başqası etsəydi hətta deyərdik ki, ortada bir sifariş də var. Lakin E.Hüseynovu kifayət qədər tanıyan birisi olaraq düşünürəm ki, məsələ sifarişlik deyil. O, hər zamankı kimi öz düşündüklərini səsli ifadə edir. Sadəcə yeganə problem odur ki, H.Hacıyevin haqqında deyilənlərin demək olar ki, hamısı əsassızdır. Təbii, söhbət fakt olaraq təqdim edilənlərdən gedir. Dəyərləndirmələrə qarışmırıq, çünki bunlar şəxsin gəldiyi qənaətdir.

Xəbəri olmayan oxucular üçün qısa bilgi: E.Hüseynov paylaşımlarında H.Hacıyevin özünüreklamla məşğul olduğunu iddia edir. Hətta bunun üçün Facebook-da hesab açdırıb trollar vasitəsilə özünə qarşı olanlara cavab verdiyi iddia edilir. Əlbəttə, H.Hacıyevi şəxsən və ya yaxından tanımayan, E.Hüseynovun uzun illərin təcrübəli jurnalisti olduğunu bilənlər bu iddialara inanar. Paylaşımların altında yazılan şərhlər və az sayda da olsa bəyənmələr bizim fikrimizin təsdiqi kimi qəbul edilə bilər.

Lakin biz H.Hacıyevin belə bir fəaliyyətlə ümumiyyətlə məşğul olmadığını – olmayacağını əminliklə deyə bilərik. Üstəlik, 44 günlük Vətən savaşı günlərində onun məhz bu məsələylə bağlı bir bəyanatının olduğunu da xatırlayırıq. Prezidentin köməkçisi bəyan etmişdi ki, Twitter-dən başqa heç bir sosial media hesabı yoxdur. Yəni Facebook-dan ümumiyyətlə istifadə etmir. Ona görə də şəxsən mən Facebook-da H.Hacıyevin adıyla qarşıma çıxan heç bir hesabı-səhifəni indinin özündə də izləmirəm.

Twitter-də isə H.Hacıyevi ən fəal şəkildə izləyirəm. Bu da birbaşa işimlə bağlıdır. Onun paylaşımları bizim ümumi Azərbaycan davamıza işıq tutur. Özəlliklə də ingilis dilində etdiyi qısa və lakonik paylaşımlar bizim üçün hazır materialdır ki, onlardan istifadə edirik.

Uzun müddətdir onu Twitter-də izləyən birisi kimi qətiyyətlə deyə bilərəm ki, H.Hacıyev bu günə qədər şəxsi ilə bağlı bir dəfə də olsun paylaşım etməyib. Yaxud da onu öyən, tərifləyən, haqqında difirambalar qoşan hər hansı paylaşımı heç bəyənməyib də. Ən azından şəxsən mən belə bir halı müşahidə etməmişəm.

Ümumiyyətlə isə, H.Hacıyevin özünüreklama ehtiyacı yoxdur. Onun bütün fəaliyyəti göz önündədir. Olduqca fəaldır. Bəzən hətta adicə salam verib başını qatmağa belə qıymıram mən. Daim gündəmdədir. Hara gedir, hardan gəlir, kiminlə görüşür – hamısı insanların gözü önündədir. Bir daha qeyd edirəm: məsul olduğu vəzifə və ümumi Azərbaycan davasından başqa heç bir məsələ ilə bağlı paylaşım etmir.

Belə bir adamı Facebook-da hesab açıb özünü reklamda ittiham etmək olarmı? Şəxsən mənə görə, xeyr. Çünki onsuz da müsbət imici olan, Prezidentin tapşırıqlarını layiqincə yerinə yetirən, ən çətin vəzifələrin öhdəsindən bacarıqla gələn bir dövlət görəvlisi kimi onun ümumiyyətlə reklama ehtiyacı yoxdur.

E.Hüseynov H.Hacıyevi yersiz pafosda da ittiham edir. Açığı, bu da tənqidə dözümlü iddia deyil. Çünki onu az-çox tanıyan və hətta yol yoldaşlığı etmiş birisi kimi yenə də əminliklə deyə bilərəm ki, H.Hacıyev əsla pafos adamı deyil. Onun emosionallığı varmı? Var. Yeri gələndə. Örnək üçün, 44 günlük Vətən müharibəsi günlərdində bəzən emosiyalarını açıq büruzə verdiyi hallar olub. Bu da normaldır. O günlərdə hansı birimiz emosiyasız olduq ki? Məgər adicə nəfəsimizi belə həyəcanla almırdıqmı?

Bütün bunlardan sonra düşünürəm ki, H.Hacıyev haqqında bəzi şəxsi müşahidə və qənaətlərimi oxucularla paylaşım.

Biz bu hörmətli dövlət görəvlisi ilə xeyli müddətdir tanışıq. Dövlət maraqlarına yönəlik müəyyən işlərdə birlikdə çalışdığımız vaxtlar da olub. Həmişə də sakitcə – təmkinlə işini ən keyfiyyətli şəkildə görüb, özünü gərəksiz yerə gözə soxmayıb.

Bundan başqa, Xarici İşlər Nazirliyinin Mətbuat xidmətində işlədiyi vaxtları da hər kəs xatırlar. Çox sakit, təmkinli, eyni zamanda işini yaxşı bilən təcrübəli dövlət görəvlisi kimi diqqət çəkib. Adı heç vaxt qalmaqallarda hallanmayıb. Oliqarxlara, hansısa klanlara bağlı deyil. Korrupsiya və rüşvətxorluqdan ümumiyyətlə uzaq olduğu bəllidir. Üstəlik də yaxşı bir diplomatdır. Prezident İlham Əliyevin onu hazırkı vəzifəyə layiq bilməsi də elə bu keyfiyyətləri ilə bağlıdır.

Haşiyə: Hər kəs bilir, çoxsaylı xarici səfərlərim olub. Əsasən də ATƏT, Avropa Şurası, Avropa Birliyi, NATO, UNESCO kimi dövlətlərarası qurumlarla adlarını qeyd edəcəyim təqdirdə uzun bir siyahı alınacaq N qədər beynəlxalq qeyri-hökumət təşkilatlarının tədbirlərində sayını itirdiyim qədər iştirak etmişəm. Həm də bu tədbirlərin çoxunda çıxışçı kimi iştirak etmişəm. Çıxışlarıma görə sanballı məbləğdə qonorar aldığım hallar da az olmayıb. Bütün bu tədbirlərdə həmişə elə bilmişəm ki, Azərbaycanın bütün məsuliyyəti mənim üzərimdədir. Bəzən Azərbaycandan başqa iştirakçılar da olub. Amma yenə də məsuliyyəti öz üzərimdə hiss etmişəm. Lakin tək bircə dəfə bir tədbirdə özümü həddən artıq arxayın hiss etmişdim. O da H.Hacıyevin həmin tədbirdə iştirakıyla bağlıydı.

İlini unutmuşam, ATƏT-in Media azadlığı nümayəndələyinin Güney Qafqaz media konfransına getmişdik. Tiflisə. H.Hacıyev də oraya XİN-dən dövlət rəsmisi kimi gəlmişdi. Çıxışı da vardı. Məhz onun çıxışı, müzakirələr zamanı müdaxilələri məndə arxayınlığa səbəb olmuşdu. Çünki yaşının nisbətən azlığına baxmayaraq yetişkin və təcrübəli bir diplomat kimi davranırdı orda. Hətta müzakirələr zamanı yanaşı oturduğumuz halda nəyə necə reaksiya verməklə bağlı fikir mübadiləsi aparırdıq. O isə “qoy buna mən cavab verim” deyib Azərbaycan adına peşəkar müdaxilə edirdi. O baxımdan mənim həmin tədbirdə əlavə fəallığıma əsla ehtiyac qalmamışdı. Əlbəttə, boş dayanmadım, mən də çıxışlar və müdaxilələr etdim. Amma sevindim ki, burada səsimiz məhz H.Hacıyevin sayəsində daha gur çıxır.

Qeyd: Olub ki, çox nüfuzlu beynəlxalq tədbirlərə qatılmışam. Azərbaycandan rəsmilər, deputatlar da olub. Çox təəssüf ki, bəzən o rəsmilər-deputatlar Bakıdan gətirdikləri yarım səhifəlik hazır mətni oxumaqla işlərini bitmiş biliblər və mən də gedişata uyğun olaraq yükü öz çiynimə götürməli olmuşam. H.Hacıyevlə birlikdə iştirak etdiyimiz tədbirdə isə nəinki belə hal olmadı, əksinə, onun orda olması mənim yükümü xeyli yüngülləşdirdi.

Bütün bunları ona görə yazıram ki, həmkarım E.Hüseynov, məncə, H.Hacıyev haqqında o iddiaları tirajlamazdan öncə kiçik bir araşdırma aparmalıydı. Aparsaydı görəcəkdi ki, yazdıqları ən yüngül tənqidə belə davam gətirə bilməyəcək. Çünki, bir daha deyirik, H.Hacıyev Twitter-dən başqa heç bir sosial media hesabı işlətmir. İşlətsəydi, onu yaxından izləyən birisi kimi ən azından mənim də xəbərim olardı.

H.Hacıyev Twitter işlədir. Özü də olduqca effektiv şəkildə. Hazırda onun 247 mindən artıq izləyicisi var. Paylaşımları, yuxarıda da qeyd etdiyim ki, əsla şəxsi deyil. Ancaq dövlət maraqları, özəlliklə də Qarabağla bağlı. Həm də hər bir paylaşımı ciddi təqdir görür, səs gətirir, hədəfə vurur.

Sonda isə onu əlavə etmək istərdim ki, H.Hacıyev Prezident İlham Əliyevin hazırkı mərhələ üçün ən uyğun və uğurlu kadrlarından biridir. Elə Prezidentin bir sıra məsələlərdə ona əlavə etimad göstərməsi də bundan xəbər verir. Əgər doğrudan da H.Hacıyev real işlə deyil, özünüreklamla məşğul olsaydı, bundan Prezidentin daha tez xəbəri olardı və E.Hüseynovun paylaşımlarına da gərək qalmazdı. Heç bizim də bu yazımızın yazılmasına ehtiyac olmazdı.

Sözardı: Hansısa dövlət görəvlisini tənqid etmək normal haldır. Yaxud onun haqqında xoş sözlər yazmaq da. Lakin olmayan yerdən nələrsə yazıb adamı hədəfə gətirmək doğru yanaşma deyil. Hələ bunu E.Hüseynov edirsə, heç yaxşı hal deyil. Yuxarıda da qeyd etdik, çünki E.Hüseynov yetərincə təcrübəli jurnalistdir və onun belə məsələləri araşdırması çətinliyə səbəb olmur…

Mission News Theme by Compete Themes.