Press "Enter" to skip to content

Azərbaycan səhiyyəsinin yeni uğuru – Qarabağ qazisi üzərində

Bayraqdar.info – Səhiyyə Nazirliyinin baş travmatoloqu İlqar Qasımov digər həkimlərlə birlikdə unikal əməliyyat həyata keçirib. Vətən müharibəsi qazisinin 24 sm-lik sümük defekti uğurla bərpa olunub.

Bu barədə məlumat bayraqdar.info-ya Səhiyyə Nazirliyindən daxil olub.

Məlumatda deyilir ki, Nazirliyin baş travmatoloqu İ.Qasımov bildirib ki, Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun ortopedləri II Qarabağ müharibəsi qazisinin baldırında yaranmış 24 sm-lik sümük defektini bərpa ediblər.

Onun sözlərinə görə, bütün dünyada odlu silah yaralanmasından sonrakı geniş sümük defekti rekonstruktiv ortopediyanın aktual problemidir.

“Adətən yumşaq toxuma defektləri (dəri, əzələ, vətər) və tez-tez rast gəlinən periferik sinir-damar sistemi yaralanmalarının müalicəsi multidissiplinar yanaşma tələb edir. Müharibə qazisində alt çənəsinin, bud və baldır sümüklərinin odlu silah yaralanmaları olub. Birinci mərhələdə plastik və damar cərrahları ilə birgə çənə sümüyünün tamlığı, ətrafların yumşaq toxuma və dəri defektləri bərpa olunub. İnstitutda yaradılmış ortopedlər qrupu tərəfindən texniki cəhətdən mürəkkəb olan İlizarov üsulu ilə bilokal cərrahi əməliyyat icra olunub”, – deyə baş travmatoloq bildirib.

Həkimin dediyinə görə, bu osteosintez üsulu böyük təcrübə və hər iki tərəfdən, yəni həkim və xəstə tərəfdən səbr tələb edir. Bu əməliyyatda gündə 1 mm-ə qədər bərpa prosesi gedir. Hazırda xəstə özü sərbəst hərəkət edir və tezliklə normal həyata davam edəcək.

Mission News Theme by Compete Themes.