Press "Enter" to skip to content

88 ünvanda qurbanlıq heyvan satışı və kəsimi

Bayraqdar.info – “İyulun 20-21-də qeyd olunacaq Qurban bayramı günlərində qurbanlıq heyvan kəsimi və satışının kütləvi şəkildə toplaşmadan rahat həyata keçirilməsi məqsədilə ölkə üzrə 88 ünvanda qurbanlıq heyvanların satışı və kəsimi xidmətləri təşkil olunacaq. Həmin satış məntəqələrində baytarlıq nəzarətindən keçmiş və sanitar-gigiyenik tələblər gözlənilməklə kəsilmiş qurbanlıq heyvanlar sifarişçilərə təqdim ediləcək.”

Bu sözlər iyulun 14-də Kənd Təsərrüfatı Nazirliyindən bayraqdar.info-ya verilən xəbərdəndir.

Xəbərdə bildirilir ki, bununla yanaşı, regionlarda Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi ilə razılaşdırılmaqla səyyar heyvan kəsimi çadırları quraşdırılaraq qurbanlıq heyvanların baytarlıq nəzarəti altında kəsimi və satışı həyata keçiriləcək.

KTN tərəfindən “Kənddən şəhərə” layihəsi çərçivəsində Qurban bayramı günlərində koronavirus pandemiyası səbəbindən vətəndaşların sıx toplaşmasının qarşısını almaq məqsədilə qurbanlıq qoyunların onlayn satış yarmarkası təşkil olunacaq.

“Vətəndaşlar onlayn qaydada sifariş etdikləri qurbanlıqları Bakı, Abşeron və Sumqayıt ərazisində 7 ünvandan götürə biləcəklər. Qurbanlıqların onlayn şəkildə sifarişinin həyata keçirilməsi üçün satış portalı 16 iyul tarixindən etibarən vətəndaşların istifadəsinə veriləcək”, – deyə Nazirlik qeyd edir.

Xəbərdə deyilir ki, soyuducuya malik ticarət şəbəkələri tərəfindən əvvəlcədən qəbul olunmuş sifarişlərə uyğun olaraq qurbanlıq heyvanların kəsilməsi və ətinin vətəndaşlara çatdırılması nəzərdə tutulub. Bununla bağlı həmin satış şəbəkələri tərəfindən bayrama bir neçə gün qalmış əhaliyə ətraflı məlumat veriləcək.

Bu ticarət şəbəkələrinin ünvanları və əlavə məlumatlarını internet üzərindən əldə etmək mümkündür.

88 ünvanda fəaliyyət göstərəcək qurbanlıq heyvanların satışı və kəsimi yerlərindən 53-də həm kəsim, həm satış, 17-də satış, 18-də isə yalnız heyvan kəsimi xidmətləri alıcılara təklif olunacaq.

Alıcılar bayram günlərində saat 08:00-dan 20:00-dək qurbanlıq heyvanları satmaq, almaq və ya kəsdirmək üçün yuxarıda qeyd edilən xidmətlərdən yararlana bilərlər.

Nazirlik qurbanlıq heyvanların satışı və kəsimi yerlərini də internet ünvanında yerləşdirib.

Mission News Theme by Compete Themes.