Press "Enter" to skip to content

DTX-nin “Kiber düşərgə – 2021” adlı yay məktəbi işə başlayıb

Bayraqdar.info – Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) “Bilgəh” İstirahət Mərkəzində “Kiber düşərgə – 2021” adlı yay məktəbi işə başlayıb.

DTX-nın Mətbuat Xidmətindən verilən məlumatda bildirilir ki, tanınmış təlimçilərin də cəlb olunduğu tədbir iyulun 17-dək davam edəcək.

Təlimin keçirilməsində əsas məqsəd xüsusi bilik və praktiki bacarıqlara malik məktəblilərin seçilməsi və onlara erkən yaşlarından kibertəhlükəsizlik sahəsi üzrə vərdişlərin aşılanmasıdır. Bu vərdişlər proqramlaşdırma, əməliyyat sistemləri, sosial media platformaları, robot texnologiyası sahələrinə aiddir.

“Kiber düşərgə – 2021” yay məktəbinin açılışında Prezidentin köməkçisi Şahmar Mövsümov, DTX-nin rəisi, general-polkovnik Əli Nağıyev və nazirlər iştirak edib.

Məlumatda qeyd edilir ki, DTX-nin aidiyyəti sahə üzrə məsul əməkdaşı kiber düşərgə barədə ətraflı məlumat verib. Daha sonra Ə.Nağıyev hazırda kibercinayətkarlığın ölkələrin milli təhlükəsizliyinə yönələn əsas təhdidlərdən biri olduğunu diqqətə çatdırıb. Bildirib ki, bu da kibertəhlükəsizlik sahəsində yüksək ixtisaslı kadrlara olan tələbatı daha da artırır.

Ş.Mövsümov gənclərin kiber düşərgədə qazanacaqları bilik və bacarıqları ölkəmizin milli maraq və mənafeləri naminə uğurla tətbiq edəcəklərinə inamını ifadə edib.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Rəşad Nəbiyev, Təhsil naziri Emin Əmrullayev və VXSİDA-nın sədri Ülvi Mehdiyev belə tədbirlərin keçirilməsinin yeniyetmələrə mühüm töhfə verdiyini qeyd edib.

Məlumatda deyilir ki, daha sonra DTX-nin aidiyyatı sahə üzrə məsul əməkdaşının təqdimatında kibertəhlükəsizliklə bağlı slayd-şou nümayiş olunub.

Tədbir yeniyetmə iştirakçıları maraqlandıran suallar ətrafında panel müzakirələrlə davam edib. Xaricdə yaşayan, informasiya texnologiyaları sahəsində qabaqcıl şirkətlərlə çalışan mütəxəssislərin onlayn çıxışları dinlənilib.

Tədbir iştirakçıları istirahət mərkəzinin ərazisində təşkil edilmiş innovativ texnologiyaların sərgisi ilə tanış olduqdan sonra DTX-nin Mədəniyyət Mərkəzi tərəfindən hazırlanan konsert proqramına tamaşa ediblər.

Mission News Theme by Compete Themes.