Press "Enter" to skip to content

Leyla Abdullayevadan Ermənistan XİN-ə diplomatiya dərsi

Bayraqdar.info – Azərbaycanın işğaldan azad edilmiş Şuşaya ölkədə akkreditə olunmuş bir qrup diplomatı aparması Ermənistanın haqsız narazılığına səbəb olub. Təcavüzkar ölkə bu dəfə də öz xislətinə sadiq qalaraq Şuşaya səfər etmiş diplomatların İrəvandakı həmkarlarına nota verib. Ki, bəs niyə sizin ölkənizin Azərbaycandakı təmsilçisi Şuşaya səfər edib?

Xarici İşlər Nazirliyi Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bununla bağlı medianın sualını cavablandırıb.

XİN-dən bayraqdar.info-ya daxil olan xəbərdə deyilir ki, L.Abdullayeva Ermənistan XİN-in bu diplomatiyadan uzaq addımını belə dəyərləndirib: “Ermənistan XİN-in bu addımı bir daha onu göstərir ki, bu ölkə hələ də beynəlxalq hüquqa zidd olan və ərazi iddialarından çıxış edən mövqe sərgiləyir. Bir daha vurğulayırıq ki, Azərbaycanın beynəlxalq sərhədləri çərçivəsindəki ərazisinə edilən hər hansı səfər Ermənistan tərəfindən nəinki etiraz, heç şərh belə oluna bilməz. Bu ərazilərə səfərlər Ermənistanın hərbi işğalı altında olan zaman qanunsuz xarakter daşıyırdı. Artıq Şuşa azad olunub, digər azad olunan bölgələrimiz kimi Azərbaycanın tərkib hissəsidir. Bura səfərlər də edilir və ediləcək, bərpa işləri də həyata keçirilir, şəhərin qanuni sahibləri öz evlərinə geri qayıdacaq. Bir sözlə, mədəniyyət beşiyimizdə həyat yenidən canlanacaq”.

XİN sözçüsü daha sonra əlavə edib: “Ermənistan XİN nota tərtib edərkən ən azından nəyə və nə əsasla etiraz etdiyini düşünməlidir. Görünür, Ermənistan XİN-də rəhbərliyin olmaması bu qurumun tərtib etdiyi sənədlərə də öz təsirini göstərir”.

L.Abdullayeva sözünə davam edərək bildirib ki, “Ermənistan XİN-in artıq bölgədəki yeni vəziyyəti dərk etməsi gərəkdir. Keçmişdə olduğu kimi, beynəlxalq hüquqa zidd və destruktiv siyasətdən çıxış etmək Ermənistana yaxşı heç nə vəd etmir”.

Mission News Theme by Compete Themes.